Azərbaycan Mərkəzi Bankı bugün, iyulun 29-da uçot dərəcəsini dəyişməz saxladığını açıqlayıb.
Uçot dərəcəsi 7,75, faiz dəhlizinin aşağı həddi 6,25 , yuxarı həddi isə 9,25 faiz səviyyəsində qalıb.
Bu il Mərkəzi Bank iki dəfə uçot dərəcəsini qaldırmışdı. İlk belə addım yanvarda atılmışdı. Sonuncu dəfə isə martda uçot dərəcəsi 7,25-dən 7.75-ə , faiz dəhlizinin aşağı həddi 6-dan 6,25-ə, yuxarı həddi isə 8,25-dən 9,25 faiz səviyyəsinə qaldırılmışd. İyunda faiz dərəcəsi sabit saxlanılmışdı.
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, iyundan bəri faktiki və proqnozlaşdırılan inflyasiyayda həm azaldıcı, həm də artırıcı amillərin təsiri müşahidə edilib:
“Bəzi tərəfdaş ölkələrdə milli valyutaların əlavə ucuzlaşması nəticəsində manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, iyunda dünya ərzaq qiymətlərinin dinamikasını və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərin azalması inflyasiyaya azaldıcı təsir göstərən amillərdir”.
Lakin qurumdan qeyd olunub ki, məcmu tələbin genişlənməsi son illər artan xərclərin daxili inflyasiyaya ötürülməsinə şərait yarada bilər:
“Kredit aktivliyinin effektiv tənzimlənməsi məqsədilə qəbul edilmiş makroprudensial qərarların həm də məcmu tələbə azaldıcı təsir edəcəyi gözlənilir”.
"İlin sonuna inflyasiyanın aşağı olacağı proqnozlaşdırılır"
Bankdan vurğulanıb ki, mövcud dinamikanın (hazırda ötən ilin analoji dövrü ilə müqayisədə inflyasiyanın 12,9 faiz olduğu bildirilir. Bu ilin martında bu göstərici 12 ,2 faiz olub.) davam edəcəyi halda ilin sonuna inflyasiyanın cari səviyyədən aşağı olacağı proqnozlaşdırılır:
“Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnoza uyğunluğu, xarici və daxili inflyasiya risklərinin reallaşması dərəcəsi nəzərə alınmaqla qəbul ediləcək”.
İqtisadçı Rəşad Həsənov isə AzadlıqRadiosuna bildirib ki, bugünkü şərtlər daxilində inflyasiya yüksəlir:
“İnflyasiya artdığı hallarda mərkəzi banklar uçot dərəcələrini artırırlar, yəni sərt pul kredit sisteminə keçirlər. Amma sərt pul kredit siyasətinə keçirilən zaman nisbətən daha ehtiyatlı davranmağa ehtiyac var”.
"Artıq bunun fəsadları ola bilər"
Ekspertin sözlərinə görə, sərt pul kredit siyasəti o deməkdir ki, bazara axan pul kütləsi məhdudlaşdırılır:
“Bazarda likvidlik aşağı düşür, bu da iqtisadi aktivliyi zəiflədir. Bu isə artıq resessiyaya gedən yol deməkdir. Yəni, onu balanslaşdırmaq və o qızıl tarazlığı tapmaq lazımdır”.
O, xatırladıb ki, Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə artıq bir neçə dəfə uçot dərəcəsini artırıb:
“İndiki şərtlər daxilində görünür artıq bir səviyyəyə çatılıb və bundan artıq uçot dərəcəsini artırmaq münasib deyil. Ona görə ki, artıq bunun fəsadlar məsələsi, yəni iqtisadi böyümənin ləngitməsi məsələsi ola bilər”.
Onun fikrincə, indiki şəraitdə uçot dərəcəsini əvvəlki səviyyədə saxlamaq daha yaxşıdır:
“Çünki bizdə eyni zamanda iqtisadi böyümənin qarşısını çox almaq olmaz. Bu, iş yeri, məşğulluq deməkdir. Bizdə inflyasiya daha çox manatın məzənnəsinin sabit saxlanması yolu ilə neytrallaşdırılır. Xüsusilə idxal inflyasiyanı hökümət qismən də olsa neytrallaşdırır”.
"Bizdə banklararası bazar zəif inkişaf edib"
İqtisadçı deyir ki, hökümətin əlində bu istiqamətdə kifayət qədər geniş əlavə alətlər var:
“Amma o, bu alətlərdən istifadə etməyə meylli görsənmir. Yəni, hökümət bazarda liberal mühit yaratmaq, rəqabət şəraitini formalaşdırmaq, qiymətlərin optimal səviyyəsini tapmağı dəstəkləmək sahəsinə meylli deyil. Amma uçot dərəcəsini durmadan artırmaqla inflyasiya hədəfinə nail olmaq düzgün deyil. Bugünkü şərtlər daxilində məzənnəni, neftin baha olmasını nəzərə almış olsaq, uçot dərəcəsini sabit saxlamaq məqsədəuyğundur”.
Ekspert qeyd edib ki, Mərkəzi Bankın bununla bağlı qərarlarının bank kredit faizlərinə o qədər də ciddi təsiri yoxdur:
“Çünki bizdə banklararası bazar zəif inkişaf edib və mərkəzləşdirilmiş kreditlərin həcmi da çox azdır. Yəni, Mərkəzi Bankın bazarda pul kütləsi azdır. Bu rəqəmlər 400 milyon -1 milyard arasında dəyişir. Bankların isə 40-42 milyard ətrafında aktivliyi var. Bazarda təxminən 17 milyard manat bankların kredit portfeli var”.