Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:20

Ekspert: “Manata psixoloji təzyiq formalaşa bilər”


Vüqar Bayramov
Vüqar Bayramov

►Vüqar Bayramov: Sərbəst üzən valyuta rejiminə keçilməsə, biznesdə manatın gələcək məzənnəsi ilə bağlı qeyri-müəyyənlik qalacaq

ABŞ Mərkəzi Bankının – Federal Ehtiyat Sisteminin (FES) faiz artırma ehtimalı güclənir. Artımın yay aylarında olacağı yönündə bir açıqlama da FES-in Saint Louis sədri James Bullard-dan gəlib.

Seulda danışan Bullard qəti bir tarix verməkdən boyun qaçırıb: “Məncə, hər şey yolunda gedərsə, artım zamanla və yumşaq bir şəkildə olacaq".

Ötən həftə ABŞ iqtisadiyyatındakı yüksəliş gözləntiləri aşdı və FES sədri Janet Yellen-in açıqlamaları iyulun sonunadək artım ehtimalını gücləndirdi. Yellen-in sözlərindən sonra ABŞ dolları avro qarşısında möhkəmləndi.

Azərbaycanda isə, hələ ki, əks proses gedir və əksər dünya valyutalarının əksinə, manat möhkəmlənir. İndi sual doğur: Manat nə vaxtadək möhkəmlənəcək?

Bu ilə dollara nisbətən 1.5610 kursu ilə başlayan manat mayın sonuncu gününə 1.4906 məzənnəsi ilə qədəm basdı. Bu isə deməkdir ki, 2-ci devalvasiyada 48 faiz dəyər itirən Azərbaycan milli valyutasının rəsmi məzənnəsi son 5 ayda 4 faiz möhkəmlənə bilib. İqtisadçı ekspert Vüqar Bayramov AzadlıqRadiosuna müsahibəsində manatın bugünkü məzənnəsinin necə formalaşmasından və gələcək taleyindən danışıb.

- Sizcə, martdan bəri manatın möhkəmlənməsi nədən qaynaqlanır?

- İkinci devalvasiyadan sonra vətəndaşlar və eləcə də biznesmenlər qısa zamanda öz milli valyutalarını dollara çevirməyə çalışdılar. Nəticədə, dollarlaşma prosesi kəskin sürətləndi və nəinki əllərdəki manat, hətta bankların gündəlik yığımları da dollarlaşdı. O zaman “qara bazar”da manatın dollara nisbətdə məzənnəsi 1.90-dək yüksəldi. Başqa sözlə, dollarlaşma prosesi manatın xeyli aşağı məzənnəsi ilə müşahidə edildi, biznesmenlər və vətəndaşlar baha dollar almaq məcburiyyətində qaldılar. Martdan bəri istər banklar, istərsə vətəndaşlar məcburi xərcləri üçün dollarlarının bir hissəsini bazara çıxardılar. Büdcənin investisiya xərclərinin azalması idxalı da bu istiqamətdə məhdudlaşdırdı. Bankların xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi məhdudiyyətlər də dollara tələbatı azaltdı.

____________________________________________________________

Bunlara da bax:
"Sənədləri, bir də canımızı götürüb qaçmışıq"- [Fotolar]
Liberman Azərbaycanla münasibətlərdən danışır

____________________________________________________________

- Manatın məzənnəsinin inzibati yolla təyin olunduğu deyilir...

- Doğrudur. Mərkəzi Bankın (MB-nin) manat bazasını ötən ilin yanvarı ilə müqayisədə mayda 11.542 milyard manatdan 6.726 milyard manatadək azaltması da milli valyuta təklifini məhdudlaşdırdı. Nəticədə, həm əks-dollarlaşma prosesinin başlaması, həm də MB ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati tədbirləri dollara tələbatı azaltdı. MB-nin yaz aylarında hərraclara alıcı kimi qatılması milli valyutanın məzənnəsinə təsir göstərməyə başladı. Dörd faizlik marjanı qoruyan MB valyuta bazarında yenə də aparıcı oyunçu kimi qalmaqdadır. Başqa deyimlə, MB manatın məzənnəsinə, ən azı, valyuta bazarı qədər təsir göstərir. Hətta dünya bazarında dolların möhkəmlənməsi də, milli valyutanın kursuna təsirsiz ötüşür. Məzənnəni bazar müəyyənləşdirmədikcə və liberal üzən valyuta rejiminə keçilmədikcə, biznesdə manatın gələcək məzənnəsi ilə bağlı qeyri-müəyyənlik qalacaq.

- MB-nin inzibati müdaxiləsi nə vaxtadək sürə bilər?

- Aydındır ki, MB inzibati metodlarla prosesi uzun müddət apara bilməz. İdxalın artarsa, dollara tələbat yenidən yüksələcək. Digər tərəfdən, “isti pullar” real sektorun canlandırılmasının əsas prinsiplərindən olduğu üçün müəyyən müddətdən sonra MB manat bazasını genişləndirmək məcburiyyətində qalacaq. Bu isə xarici valyutaya təbii tələbin formalaşdırılması deməkdir.

- Manatın gələcək taleyi necə olacaq?

- Mövcud iqtisadi qanunlarla milli valyuta uzun müddət möhkəmlənə bilməz. MB inzibati metodlardan yalnız qısa müddətli dövrdə faydalana bilər. Real sektorun canlanması, alıcılıq qabiliyyətinin yüksəlməsi fonunda idxalın genişləndirilməsi hesabına xarici valyutaya tələbat yüksələ bilər. Enerji məhsulları ümumi ixracatımızın 85 faizini formalaşdırdığından, manatın gələcək məzənnəsi daha çox neftin dünya bazarındakı qiymətindən asılı olacaq. Manat üçün bədbin proqnoz bir barrel neftin satış qiymətinin 40 dollardan aşağı düşməsi, orta proqnozsa 60 dollar olmasıdır. Bir barrel 80 dolları aşsa, neft manat üçün nikbin mənzərə formalaşdıra bilər. Neftin qiyməti ilə bağlı proqnoz vermək mümkün deyilsə də, xarici müdaxilələr olmazsa, gümanımca, qiymət 50 dollar ətrafında sabitləşə bilər. Apardığımız müzakirə və görüşlər ondan xəbər verir ki, qeyri-neft sektorunun inkişafına dair yeni yol xəritəsi hazırlanandan sonra manat bazasında artım gözə dəyəcək. Manat bazasının genişləndirilməsi real sektorun inkişafı baxımından vacib olmaqla yanaşı, xarici valyutalara da tələbatı artıracaq və dolların məzənnəsi yenidən yüksələcək. FES gələn ay faizi artırarsa, manata psixoloji təzyiq formalaşacaq və bu zaman inzibati metodlar zəifləsə, dollar ölkəmizdə yenidən dəyər qazanmağa başlayacaq. Nəhayət, MB, gec-tez, liberal üzən məzənnə siyasətinə keçəcək və bu halda artıq baş bank deyil, valyuta bazarı kursun müəyyənləşməsində aparıcı rol oynayacaq.

XS
SM
MD
LG