Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:52

Anası Bəxtiyar Hacıyev ilə görüşüb: 'Gözləri çuxura düşüb…'


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Yanvarın 31-də Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva oğluna saxlandığı Bakı İstintaq Təcridxanasında baş çəkib.

Mövlayeva bildirir ki, Hacıyevin vəziyyəti yaxşı deyil: "Gözləri çuxura düşüb, üzünün rəngi çox solğun, tanıyası halda deyil ki, tanıyasan. Səsi çıxmasa tanımazdım. Səsi çox zəif gəlirdi, nəbzini tutdum, nəbzi düz-əməlli vurmur, əlini tutdum əli buz kimidir".

Fəalın anası qeyd edib ki, oğlunun başgicəllənmələri və baş ağrısı artıb. Onun sözlərinə görə, oğlundan aclığı dayandırmağı xahiş etsə də, o bundan imtina edib: "Dedi ki, mən günahsızam…".

B.Hacıyevin artıq 23-cü gündür ki, aclıq aksiyası keçirdiyi bildirilir.

Anasının dediklərinə, hələlik, Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Bəxtiyar Hacıyevin 13 kiloqramdan çox çəki itirdiyi deyilir

Həbsinə etiraz olaraq 22 gündür aclıq aksiyası keçirdiyi bildirilən ictimai fəal Bəxtiyar Hacıyevin səhhətinin bir qədər də ağırlaşdığı deyilir.

Yanvarın 30-da ona vəkil Zibeydə Sadıqova baş çəkib

Onun AzadlıqRadiosuna bildirməsinə görə, Hacıyevin çəkisi 71 kiloqrama düşüb (Bakı İstintaq Təcridxanasına daxil olanda çəkisinin 84,5 kiloqram olduğu açıqlanmışdı):

"Ondan əlavə mədə ağrılarının çoxaldığını bildirir. Deməsinə görə, təcridxanakı həkim ona bunun aclıqla bağlı olduğunu və belə gedişatla mədə xorasının yaranma riskinin çox olduğunu bildirib. Habelə, bildirməsinə görə, baş gicəllənməsi tez-tez olur, qan təzyiqi aşağıdır".

Vəkil qeyd edib ki, fəalın qan analizləri məlum olub:

"Maqnezium və kalsiumun səviyyəsi aşağı düşüb, həmçinin qanda şəkərin da miqdarı aşağıdır".

Vəkil bildirib ki, buna baxmayaraq Hacıyev aclığı davam etdirməkdə israrlıdır:

"Bizim xahişlərimizə baxmayaraq aclığı dayandırmayıb".

Bu açıqlamya, hələlik, Penitensiar Xidmət və başqa uygun qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma qurumdan bundan əvvəl bildirilmişdi ki, Bəxtiyar Hacıyev həkim nəzarətindədir. Üstəlik, onun analizlər verdiyi qeyd edilirdi.

Bundan əvvəl

Bəxtiyar Hacıyev yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində yenidən aclıq aksiyasına başladığı haqqında məlumat vermişdi.

Bundan öncə Hacıyev dekabrın 15-də aclıq aksiyasına başladığını açıqlamış, dekabrın 28-də onu dayandırmışdı.

Yanvarın 13-də isə Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb. Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanmışdı. Yanvarın 13-də 221.1-ci maddə 221.2.2 (İctimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə əvəzlənib.

Əvvəlki ittihamla gəncə fəala 1, bundan sonra isə 3 ilə qədər həbs cəzası verilə bilər.

Xatırlatma

Ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.

Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi.

Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

XS
SM
MD
LG