Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:39

Bəxtiyar Hacıyev: 'Cibimə narkotik qoysaydılar, bundan abırlı olardı...'


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Bir il 3 aydır həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev deyir ki, məhkəmədə danışdıqlarının, açıqladığı faktların onun haqqında hökmə təsiri olmayacağına əmindir. Ancaq istəyir ki, ictimaiyyət gerçəyi bilsin, bu üzdən, işdəki saxtakarlıqları məhkəmədə sadalayır:

“Bilirəm ki, məhkəmədə nə desəm də, “yuxarıdan” nə fətva gəlsə, hakim də onu oxuyacaq. Əgər desələr ki, “Bəxtiyarı azadlığa buraxın”, - mən burada lap “Cücələrim”mahnısını oxusam da, yenə buraxacaqlar. Yox, həbs fətvası gəlsə, təqsirsiz olduğumu təsdiqləyən nə qədər sübut ortaya qoysam da, xeyri olmayacaq”.

“Bu ittihamı verənlər müxbir hesabla cari hesabı ayıra bilmirlər...”

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Martın 1-dəki məhkəməyə işdə zərərçəkmiş qismində tanınan bloger Ülviyyə Muradova (Alovlu) da qatılmışdı. B.Hacıyevin 2021-ci ildə Yasamal rayon Məhkəməsinin binasında həmin blogerə hücum etdiyi iddia olunur.

B.Hacıyev deyir ki, xuliqanlıq da daxil, ona verilən ittihamların hamısı saxtadır, heç bir gerçək sübut-dəlilə əsaslanmır:

“Ülviyyə Muradova ilə bağlı epizodda iki ifadə var. Bu ifadələrdəki 1200 sözdən 900-ü nöqtə-vergülünə, hətta hərf səhvlərinə qədər eynidir, çünki ifadə alınmayıb. Bir ifadəni başqa birinin adına köçürüblər. Mənə iqtisadi məsələlərlə bağlı ittihamlar veriblər – qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitləri leqallaşdırma, qaçaqmalçılıq. Amma iş materiallarının təhlili göstərir ki, bu ittihamı verənlər müxbir hesabla cari hesabı ayıra bilmirlər. Bank hesabındakı balansla dövriyyəni ayırd edə bilmirlər”.

B.Hacıyev iddia edir ki, onunla bağlı cinayət işinin istintaqı daxili işlər nazirinin nəzarətində olub. Onun sözlərinə görə, buna baxmayaraq, istintaq qeyri-ciddi aparılıb:

“O qədər qeyri-ciddi iş aparılıb, o qədər saxtakarlığa yol verilib, açıq-aşkar görünür. Bundansa məni narkotiklə şərləyib, cibimə nəşə qoysaydılar, daha abırlı olardı. Deyərdilər ki, getməlisən, nə vaxt desələr, onda da buraxılacaqsan. Amma indiki halda, çox qeyri-ciddi görünür”.

B. Hacıyev pul qaçaqmalçılığında ittiham olunduğunu, amma həmin vəsaiti nə vaxt, hansı gömrük orqanından gizli ölkəyə gətirməsi barədə heç nə olmadığını söyləyir. İctimai fəal deyir ki, ona vergidən yayınma ittihamı vermək üçün gəlirləri şişirdilib, xərcləri isə, əksinə, azaldılıb.

O, ifadəsinin sonunda vurğulayıb ki, təqsirsizdir, siyasi baxışlarına, insan haqlarının müdafiəsilə bağlı fəaliyyətinə, bir də hüquqları pozan məmurlara qarşı sanksiya çağırışlarına görə cəzalandırılıb.

B.Hacıyevin məhkəməsi martın 15-də davam edəcək. O, prokurorun və müdafiəçilərinin suallarını cavablandıracaq.

Xatırlatma

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunanda ona Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham verilmişdi.

Bu ittihamlarda söhbət Yasamal rayon Məhkəməsindəki zalların birində onunla bloger Ülviyyə Muradova (Alovlu) arasındakı qalmaqaldan bəhs olunur.

İstintaqın gedişində B.Hacıyevə qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb.

Özünü təqsirli bilməyən ictimai fəal bu ittihamların hamısını əsassız sayır. B.Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə və elə onun sifarişiylə həbs olunduğunu iddia edir.

B.Hacıyevə verilən ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG