Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:38

Bayden ABŞ-ın dünyada, Avropada və NATO-da liderliyə qayıtdığını elan etdi


ABŞ prezidenti Co Bayden müttəfiqlərə xəbərdarlıq edərək deyib ki, dünya demokratik və avtokratik dəyərlər arasında gedən ideoloji döyüşün dönüş nöqtəsindədir.

Bayden ABŞ-ın müttəfiqlərini azadlığın müdafiəsində Vaşinqtona qoşulmağa çağırıb.

Fevralın 19-da Münhen Təhlükəsizlik Konfransının onlayn keçirilən görüşündə Bayden Avropada Vaşinqtonun transatlantik öhdəliklərə sədaqətindən olan narahatlıqları aradan qaldırmağa çalışıb.

ABŞ prezidenti demokratiyanı sarsıtmağa və NATO-nu zəif salmağa çalışan Çin və Rusiyadan gələn təhlükələrin cilovlanmasının həyati mühümlüyünü vurğulayıb.

Avtokratiyaya haqq qazandırıla bilməz

ABŞ prezidenti qeyd edib ki, hazırda bir çox ölkələr dünyada qismən texnoloji inqilabların və ölümcül pandemiyanın yaratdığı təbəddülatlardan çıxmaq üçün avtokratiyanın ən yaxşı olub-olmadığına dair debatdadırlar.

Bayden deyib ki, çətinliklərin öhdəsindən gəlinməsində demokratiyanın zəruri olduğu şübhə doğurmamalıdır:

“Avropa və Birləşmiş Ştatlar da daxil bir çox yerlərdə demokratik tərəqqi hücuma məruz qalır. Tarixçilər bu anın dönüş nöqtəsi olub-olmadığı məsələsini araşdıracaq və bu barədə yazacaqlar. Mənsə varlığımın hər zərrəsi ilə inanıram ki, demokratiya qalib gələcək və gəlməlidir”.

Trampın özünəqapanma siyasətinin üstündən xətt çəkilir

Co Baydenin administrasiyası keçmiş prezident Donald Tramp administrasiyasının təcridçilik siyasətindən sonra Avropa ilə münasibətləri düzəltmək, NATO-nu gücləndirmək və dünya boyunca demokratiyanı dəstəkləmək əzmində olduğunu bəyan edib.

Tramp Rusiya və Türkiyə prezidentləri Vladimir PutinRecep Tayyip Erdoğan da daxil avtoritar liderlərlə daha yaxşı münasibətlər qurur, NATO-nın əsaslarını sarsıdır, Almaniya və Fransa kimi yaxın müttəfiqlərlə münasibətləri sınağa çəkirdi.

Keçmiş prezident Avropa ölkələrinin NATO üzrə maliyyə öhdəliklərinə əməl etmədikləri barədə hay-küylü bəyanatlar verir, ABŞ şirkətlərinə dəstək vermək üçün Avropa İttifaqı ilə ticarətin şərtlərini yenidən yazmağa çalışırdı.

Avropa ilə münasibətlərə mənfəət gözü ilə baxılmamalıdır

Trampın siyasətlərinə dolayısı ilə toxunan Bayden deyib ki, Avropa ilə münasibətlərə yalnız “mənfəət və xeyir götürülməsi” prizmasından baxıla bilməz.

“Mən bilirəm ki, son bir neçə ildə baş verən gərginlik bizim transatlantik münasibətlərimizi sınağa çəkib. Lakin Birləşmiş Ştatlar Avropa ilə birlikdə olmaq əzmindədir. Biz sizinlə məsləhətləşmədə, etimad və liderlikdəki yerimizi özümüzə qaytarmalıyıq”.

Bayden bəyan edib ki, o, Tramp administrasiyasının ABŞ-ın Almaniyadakı qoşunlarının azaldılması barədə qərarını ləğv edib.

Rusiya qonşularını “gözümçıxdıya” salır

ABŞ prezidenti biuldirib ki, ABŞ və Avropa əsas rəqiblər olan Rusiya və Çindən gələn təhlükələri birlikdə dəf etməlidirlər.

Bayden Çini “iqtisadi pozuntularda və özbaşınalıqda” ittiham edib və deyib ki, Pekin ABŞ və Avropanın öynadığı eyni qaydalarla oynamalıdır.

ABŞ prezidenti Putini “güclü və sıx ittifaqda olan transatlantik icma ilə” danışıqlar aparmaqdansa, “ayrı-ayrı ölkələri gözümçıxdıya salmaqda” ittiham edib.

Bayden bu barədə danışarkən Ukraynanı misal çəkib və deyib ki, Rusiyanın Ukraynanın ərazi bütövlüyünə təcavüzü Birləşmiş Ştatlar və Avropa üçün “başlıca narahatlqıdır”.

P5+1 formatına qayıdış

ABŞ prezidenti bunu da deyib ki, Rusiya ilə, nüvə silahlarına nəzarət kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq etmək olar.

Münhen Təhlükəsizlik Konfransında çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq Çin və Rusiyanı beynəlxalq nizama qarşı işləməkdə ittiham edib.

O deyib ki, “Avropa və Şimali Amerika beynəlxalq qanunlara söykənən dünya nizamını avtoritar güclərdən qorumalıdırlar”.

Prezident Bayden isə bəyan edib ki, Vaşinqton Çin, Fransa, Rusiya, Britaniya, Birləşmiş Ştatlar və üstəgəl Almaniyadan ibarət P5+1 qrupundakı fəaliyyətini bərpa edəcək. 2015-ci ildə İranla tarixi nüvə sazişi məhz bu formatda imzalanmışdı.

Bununla belə o qeyd edib ki, onun administrasiyası İranın Yaxın Şərqdəki sabitsizləşdirici fəaliyyətlərini önləmək məqsədi ilə Avriopa və “başqa partnyorlarla” əməkdaşlıq edəcək.

XS
SM
MD
LG