Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 15:18

Lavrov: 3+3 platforması birbaşa Azərbaycan-Ermənistan münasibətləri üçün deyil. Vaşinqtondan reaksiya


Rusiya xarici işlər naziri Sergey Lavrov Tehranda 3+3 formatında nazirlər səviyyəsində keçirilən birinci görüşdə
Rusiya xarici işlər naziri Sergey Lavrov Tehranda 3+3 formatında nazirlər səviyyəsində keçirilən birinci görüşdə

ABŞ Tehran görüşünə münasibət bildirib

Amerika Birləşmiş Ştatları (ABŞ) Ermənistan və Azərbaycanın iştirakı ilə keçirilən dinc tədbirləri “alqışlayır”, lakin İran və Rusiyanı etibarlı tərəfdaşlar hesab etmir.

“Turan”ın xəbərinə görə, ABŞ Dövlət Departamenti oktyabrın 23-də Tehranda keçirilən toplantını şərh edərkən belə bildirib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə “Turan”ın Vaşinqton müxbirinə deyib:

“Biz bu danışıqların harada getməsindən, kimin aparmasından asılı olmayaraq, Cənubi Qafqaz xalqlarının sülh və sabitliyinə töhfə verən istənilən ədalətli tədbiri alqışlayırıq”.

O daha sonra da əlavə edib:

“Eyni zamanda, biz Cənubi Qafqazın İran və Rusiyaya yaxın coğrafi mövqeyini bilirik, lakin bu ölkələrdə etibarlı tərəfdaşlar tapmamışıq”.

***

Azərbaycan və Ermənistan arasında münaqişə əsas etibarilə tənzimlənib və indi tərəflər münasibətlərin tam normallaşması üçün növbəti praktik addımları atmalıdırlar.

Bunu jurnalistlərə Rusiya xarici işlər naziri Sergey Lavrov Tehranda 3+3 formatında nazirlər səviyyəsində keçirilən birinci görüşü yekunlaşdırarkən deyib:

“Hər iki tərəf Qarabağın Azərbaycana aid olmasına dair razılaşıblar. İndi isə əlbəttə ki, münasibətlərin tam normallaşdırılması, ilk növbədə sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşdıqları kimi hər hansı maneələri olmayan nəqliyyat iqtisadı kommunikasiyaların açılması üçün praktik addımların atılması qalır”.

Lavrov izah edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin bu aspektləri 3+3 formatında birbaşa müzakirə olunmur:

“Mənim artıq dediyim kimi, bunun üçün tərəflər arasında razılaşdırılmış başqa kanallar var. Rusiya bu proseslərdə əlaqələndirici rolunu oynayır”.

Rusiya xarici işlər nazirinin sözlərinə görə özlüyündə 3+3 platforması regionda pozitiv meyllərin inkişafına, regionun dayanıqlı inkişafı üçün şəraitin yaradılmasına həsr olunub və bu obyektiv olaraq həm də Azərbaycan və Ermənistana qalan məsələlərin həllində kömək edir.

“İstəsələr, bəxtlərini Brüsseldə də sınasınlar, amma...”

Lavrov bunu da deyib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına gəlincə, Rusiya bu prosesi başlatmağa hazırdır və Moskva, Bakı və Yerevan arasında ayrıca razılaşma buna həsr olunub:

“Ermənilər və azərbaycanlılar delimitasiya komissiyası yaratmaq barədə razılığa gəliblər və bu işdə Rusiya onların razılığı ilə məsləhətçi kimi iştirak edəcək. Təəssüf ki, bu komissiya uzun müddətdir yığışmayıb”.

Rusiyalı nazir vurğulayıb ki, delimitasiya prosesinə Avropa İttifaqı və ABŞ müdaxilə etməyə çalışıblar və çalışmaqda davam edirlər:

“Biz ermənilərin və azərbaycanlıların özləri üçün faydalı hesab etdikləri istənilən təmasların əleyhinə deyilik. Amma bütün ekspertlərə yaxşıca aydındır ki, delimitasiyanı müzakirə etmək və razılaşdırmaq üçün, sovet vaxtlarının xəritələri də daxil, lazım olan nə varsa, Rusiya Federasiyasındadır”.

Lavrov daha sonra sözünə belə davam edib:

“Partnyorlar bunu başa düşürlər. Biz bunu böyük problemə çevirmək istəmirik. Qoy onlar əgər istəyirlərsə, bəxtlərini Brüsseldə də sınasınlar, amma biz real delimitasiya prosesinin başlanmasına real şəkildə hazırıq”.

Nazir məlumat verib ki, 3+3 formatında növbəti görüş 2024-cü ilin ilk yarısında Türkiyədə keçiriləcək.

Ceyhun Bayramov İran prezidenti ilə görüşüb, 3+3 formatında ilk danışıqlar olub

Bugün, oktyabrın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3” formatında birinci nazirlər görüşündə iştirakı çərçivəsində İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə iki ölkə arasında gündəlikdə duran əsas məsələlər, ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlıq imkanları, habelə bölgədəki cari vəziyyət barədə fikir mübadiləsi aparılıb:

“İki ölkə arasında son aylarda keçirilmiş görüşlər və İkitərəfli iqtisadi komissiya çərçivəsində təmaslar, bir sıra istiqamətlərdə artan əməkdaşlıq dinamikası məmnunluqla qeyd olunub. Yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb”.

“3+3” formatı dedikdə Azərbaycan, İran, Rusiya, Türkiyə, Ermənistan və Gürcüstan nəzərdə tutulur. Amma Gürcüstan Tehran görüşünə qatılmayıb.

Bayramov Ermənistanla münasibətlərin normallaşmasından danışıb

Bugün, noyabrın 23-də İranın paytaxtı Tehranda “3+3” (əslində 3+2) regional məşvərət formatının nazirlər səviyyəsində birinci görüşü keçirilib.

“3+3” formatı dedikdə Azərbaycan, İran, Rusiya, Türkiyə, Ermənistan və Gürcüstan nəzərdə tutulur. Amma Gürcüstan Tehran görüşünə qatılmayıb.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək bir sıra məsələlərdən, o cümlədən Ermənistanla sülh danışqlarından bəhs edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb

Nazir çıxışında bu formatın regional problemlərə region ölkələri tərəfindən həll yollarını nəzərdən keçirmək məqsədilə yaradıldığını qeyd edib.

O, region ölkələrinin qarşılıqlı fəaliyyət və əməkdaşlığının təməl daşı kimi suverenliyə, ərazi bütövlüyünə, bir-birilərinin sərhədlərinin toxunulmazlığına hörmətin, daxili işlərə qarışmamağın vacibliyini vurğulayıb.

Məlumatda habelə bildirilir ki, nazir Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün yeni perspektiv açdığını diqqətə çatdırıb.

Bu fikirlərə, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Amma bir qədər əvvəl Ermənistan Baş naziri də demişdi ki, onlar ilin sonuna kimi Azərbaycanla sülh sazişi imzalamağa hazırdılar.

Xatırlatma

Yaxın vaxtlara qədər İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər müşahidə edilirdi.

Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum da olmuşdu. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olmuş, ikisi yaralanmışdı.

Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olundu. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib. Azərbaycanın İrandakı konsulluğu fəaliyyətini davam etdirir.

Amma son aylar hər iki ölkə rəsmilərinin bir-birlərinə qarşılıqlı səfərləri artıb. Hər iki ölkə rəsmilərindən əməkdaşlıqla bağlı xoş bəyanatlar səslənir.

***

1990-cı illərin əvvəllərində Qaqabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

XS
SM
MD
LG