Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 17:19

Paris və Yerevan hərbi əməkdaşlıq və silah sənədləri imzalayıblar


Ermənistan müdafiə naziri Suren Papikyan oktyabrın 23-də Parisdə fransalı həmkarı Sebastyan Lekornyu ilə hərbi əməkdaşlıq sənədləri imzalayıblar
Ermənistan müdafiə naziri Suren Papikyan oktyabrın 23-də Parisdə fransalı həmkarı Sebastyan Lekornyu ilə hərbi əməkdaşlıq sənədləri imzalayıblar

Fransada işçi səfərdə olan Ermənistan müdafiə naziri Suren Papikyan oktyabrın 23-də Parisdə fransalı həmkarı Sebastyan Lekornyu ilə görüşüb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş zamanı iki ölkə arasında hərbi əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunub.

Bu da xəbər verilir ki, bu görüşdə 2022-ci ilin sentyabrında və bu ilin iyununda Parisdə aparılmış müzakirələrin yekunlarına dair razılaşmalar əldə olunub.

Bu danışıqlarda Fransadan Ermənistana müdafiə sistemlərinin verilməsi, hərbi təhsil və başqa məsələlər müzakirə olunmuşdu.

Tərəflər iki ölkə arasında əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndiriblər və onun inkişaf endirilməsinin mühümlüyünü vurğulayıblar.

Azatutyun yazır ki, bu görüşdə Ermənistanın Fransadakı səfiri Asmik Tolmacyan və Fransanın Ermənistandakı səfiri Olivye Dekottinyi iştirak ediblər.

Görüşün rəsmi hissəsindən sonra mətbuat üçün bəyanat verilib və ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb.

Hansı silahlar?

Tərəflər söhbətin hansı silahlardan getməsi barədə ayrıca bəyanat verməyiblər.

Rusiyanın Vedomosti qəzeti yazır ki, Ermənistan bundan əvvəl, hələ 2020-ci il müharibəsinə qədər Fransadan müəyyən silahlar alıb.

Məsələn Yunanıstan Ermənistana Fransa istehsalı olan Milan antitank kompleksləri verib.

Bu barədə qəzetə Rusiya Strategiyalar və Texnologiyalar Mərkəzinin direktoru Ruslan Puxov deyib.

Onun sözlərinə görə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Moskvanın Yerevanı silahlarla təchiz etməsinin həcmləri azalıb və Ermənistan Hindistan istehsalı olan yedəkli haubitsalar alıb.

Puxov qeyd edib ki, Fransa silahlarının bahalığı nəzərə alınarsa, görünür indi söhbət ucuz Mistral raket-zenit səyyar qurğularından və buna bənzər sistemlərdən gedir. Ekspertin fikrincə Ermənistan hətta bunları da Fransa banklarının kreditləri hesabına alacaq.

Reuters agentliyinin məlumatına görə, imzalanmış sənədlərə görə Fransa Ermənistana Thales şirkətinin istehsalı olan 3 dəst GM 200 radarı satacaq.

Fransa müdafiə nazirinin verdiyi məlumata görə Paris Yerevana Mistral orta radiuslu hava hücumundan müdafiə sisteminin verilməsinə dair niyyət memorandumu imzalayıb.

Fransa istehsalı Mistral raket-zenit qurğusu (Arxiv fotosu)
Fransa istehsalı Mistral raket-zenit qurğusu (Arxiv fotosu)

***

Fransanın Müdafiə naziri Sebastyan Lekornyu "Le Parisien" qəzetinə deyib ki, oktyabrın 23-də Yerevan və Paris hərbi təchizatla bağlı saziş imzalayacaqlar.

Lekornyu ermənistanlı həmkarı Suren Papikyanı qəbul edəcəyini bildirib: "Biz sabah (oktyabrın 23-də - red.) Ermənistanın fransalı istehsalıçılardan müəyyən miqdarda silah alacağını rəsmən sənədləşdirəcəyik. Ermənistanın öz səmasını qorumasına imkan verəcək saziş imzalayacağıq".

Ermənistan Fransanın dəstəyinə bel bağlaya bilərmi? Bu sualı nazir belə cavablandırıb: "Ermənistana dinc əhalisini və sərhədlərini qorumaq imkanı vermək çox vacibdir".

Fransanın müdafiə nazirinin daha öncə dediyinə görə, hesab etmir ki, Paris hərbi müdaxilə yolu ilə Ermənistanın ərazi bütövlüyünü qoruya bilər. Lekornyu onu da deyib ki, Fransa Ermənistanın müdafiə tələbatını öyrənir.

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna bu yaxınlarda Ermənistana səfəri zamanı deyib ki, Paris Yerevanla hərbi texnika təchizatı üzrə razılaşma imzalamağa razıdır.

Bakının mövqeyi

Rəsmi Bakı Parisi dəfələrlə Azərbaycan-Ermənistan qarşıdurmasında qərəzli mövqe tutmaqda ittiham edib.

Bu ayın əvvəllərində Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Radio France"a müsahibəsində Fransanın Ermənistana silah satmaq niyyətləri ilə bağlı suala cavab verərkən demişdi: "Hazırda Fransaya bir vasitəçi kimi etibar faktiki olaraq yoxdur. Bu qərar isə bizi çox təhlükəli situasiya qarşısında qoya bilər. Biz bunu Fransanın Ermənistanı ölkəmizə yenidən hücum üçün silaha sarılmağa təhrik etməsi kimi yoza bilərik".

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki sülh müqaviləsi imzalaya bilməyiblər. Avropa İttifaqının, Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandırdığını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib. Azərbaycan prezidenti oktyabrın 15-də Xankəndi və Ağdərə şəhərlərində dövlət bayrağını ucaldıb.

XS
SM
MD
LG