Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:22

Bazar var, alıcı yox


Pensər bazarında əvvəlki qələbəlik yoxdur
Pensər bazarında əvvəlki qələbəlik yoxdur

Astarada fəaliyyət göstərən həftəlik rayonlararası Pensər bazarında əvvəlki qələbəlik yoxdur, əvvəl iynə atsan, yerə düşməzdi, indi isə alıcı azdır. Buraya Azərbaycanın müxtəlif rayonlarından kənd təsərrüfatı məhsulları gətirilir.


Yan-yana düzülmüş maşınlarda hər cür məhsul var: qarpız, yemiş, soğan, kartof, kələm, pomidor, xiyar, badımcan... Məhsul boldur. Sahibkarlar müştəri səsləyir.

"Bazar açıqdır. Amma əhaliyə bayıra çıxmaq qadağası qoyulub"

"Hər həftə bura gəlirəm. Bu dəfə satmaq üçün yemiş gətirmişəm, kiloqramı 50 qəpiyədir. Ucuz da verirəm", - özünü Rasim adı ilə təqdim edən satıcı Sabirabaddan gəldiyini, topdansatışla məşğul olduğunu söyləyir. O, koronavirus pandemiyası dövründə alverin zəifləməsindən, alıcı olmamasından danışır: "Karantin alverimizə mənfi təsir göstərib. Məhsulu bazarlara çıxartmaq üçün problem yoxdur. İcazəni almışıq, ölkədə rahat hərəkət edirik. Alıcı azdır. Əvvəlki vaxtlarda məhsulu indiyə kimi satmış olardım. İndi 20-30 kiloqram yemiş satmışam. Sata bilməsəm, rayonların ticarət obyektlərinə baş çəkəcəyəm".

"Məhsul münasib qiymətə yerində tədarük edilsə, yaxşıdır"
"Məhsul münasib qiymətə yerində tədarük edilsə, yaxşıdır"

Yaxınlıqda kələm satırlar. Sahibkar Lerikin Zuvand kəndindəndir, kələmi də özü əkib-becərib, kiloqramını 50 qəpiyə satır. Deyir ki, məcbur qalıb məhsulunu özü bazara çıxarıb:


"Məhsul münasib qiymətə yerində tədarük edilsə, yaxşıdır. Fəhlələrə əməkhaqqı ödənməlidir. Gərək məhsul satılsın ki, onlara pul verim. Bazar da yoxdur. Bazar açıqdır. Amma əhaliyə bayıra çıxmaq qadağası qoyulub. Alıcı yoxdursa, bazar kimə lazımdır?..".

"Soğan ən çox toylarda istifadə olunardı, toylar da yoxdur"

Kartof satan sahibkar İlqar Ağayev Tovuzdan gəlib. O da alıcı soraqlaya-soraqlaya bura gəlib çıxdığını söyləyir: "Kartofun kiloqramını 40 qəpiyə verirəm. Burda həftədə bir dəfə bazar olur. Məhsul qalanda başqa rayonların bazarlarına gedirik. Məhsul gərək satıla axı. Məhsul yaxşıdır. Kənd təsərrüfatı məhsullarının satışıyla məşğul olan sahibkarlara hərəkət məhdudiyyəti də yoxdur. Alan yoxdur...".

Bərdədən gətirilən soğanın bir kiloqramı 20 qəpiyə satılır. Sahibkar qiymətin aşağı olmasından narazılıq edir, amma deyir ki, hətta bu qiymətə də məhsul az satılır:

"Soğan ən çox toylarda istifadə olunardı, toylar da yoxdur"
"Soğan ən çox toylarda istifadə olunardı, toylar da yoxdur"


"Karantindir. Masallıya, Lənkərana, Cəlilabada girmək olmur. Ən böyük bazarlar da bu rayonlardadır. Bu, bir səbəb. İkincisi, soğan ən çox toylarda istifadə olunardı, toylar da yoxdur. Camaat canının hayındadır. Amma yaşamaq da lazımdır".

Bazarda yerli məhsul olan buğdanın kiloqramı 40-45 qəpiyədir, elə arpa da eyni qiymətədir. Açıq sahədə pomidor və xiyar məhsulları yetişdiyindən bu məhsulların da qiyməti düşüb. Ancaq sahibkarlar növbəti aylarda kənd təsərrüfatı məhsullarının qiymətlərində artım olacağını düşünürlər.

"İki həftədir bir qoyun satmamışıq"

Mal-qara satılan yerə baş çəkirik. Burda da narazılıq var: "İki həftədir bir qoyun satmamışıq. Alan yoxdur", - satıcılardan biri söyləyir.

Onlar da toylara qoyulan qadağanın alverə ciddi təsirindən danışırlar: "Toylar olurdu, restoranlar işləyirdi, insanlar gəlirdi. İstirahət yerləri işləsə də, müştəriləri azdır. Bizdə də satış, demək olar ki, dayanıb. Əvvəllər 200 manata satdığımız qoyunu indi 150 manata satırıq, almırlar. Bazarımız ölüb. Günümüzü keçirdirik...".

"İki həftədir bir qoyun satmamışıq. Alan yoxdur"
"İki həftədir bir qoyun satmamışıq. Alan yoxdur"

Ev quşları satılan yerdə də mənzərə fərqli deyil. Satıcılardan biri müflis olduqlarını deyir:


"Hər il bu vaxtı satış üçün bəslədiyim cücələrdən 3-4 min manat qazanırdım. Bu il cücələr satılmadı. Dəninə çoxlu pul gedirdi. Dəyər-dəyməzə verdim birinə. Toyuq saxlamaq camaatın marağında deyil, pul çox tələb edir. İranın qapıları açıq olanda camaat gedib oradan ucuz dən, dərman alırdı. Bu, sərf edirdi. İndi karantindir, qapılar da bağlı".

Pensər bazarında alıcıdan çox satıcı gördük, onları da alverdən narazı, özlərini kefsiz gördük. Hamı karantinin bitəcəyi, əvvəlki alverin olacağı günü gözləyir.

Azərbaycanda bu il martın 24-dən koronavirus pandemiyasına görə karantin elan edilib. Sonradan karantin yumşaldılsa da, yoluxma sayları artdığından 16 şəhər və rayonda sərt karantin rejimi tətbiq olunub. Evdən çıxmaq üçün SMS icazəsi almaq lazımdır.

İndiyədək Azərbaycanda ümumilikdə 24 min 570 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 15 min 640 nəfərin sağaldığı, 313 nəfərin vəfat etdiyi, 8 min 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicə olunduğu bildirilir. Gündəlik yoluxma sayı 500-dən yuxarıdır.

XS
SM
MD
LG