Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 07:56

Rusiya hakimiyyətinə, Belarus DTK-sına qarşı qətnamələr


Britaniyada keçirilmiş etiraz aksiyalarından birində (Arxiv fotosu)
Britaniyada keçirilmiş etiraz aksiyalarından birində (Arxiv fotosu)

Slovakiya parlamenti – Milli Şura Rusiyanın hazırkı hakimiyyətini terrorçu, Rusiyanın özünü isə terroru dəstəkləyən dövlət kimi tanıyan qətnamə qəbul edib.

Fevralın 16-da qəbul edilmiş qətnamədə deputatlar Rusiyanın Ukraynaya qarşı təcavüzünü, o cümlədən dinc sakinlər və mülki obyektlərə hücumlarını pisləyirlər.

Slovakiya parlamenti Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və Moskvanın nüvə silahı hədələrini tənqid edib.

Slovakiya deputatları habelə Ukraynanın Donetsk, Luhansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya tərəfindən ilhaqı üçün keçirilmiş qondarma referendumların nəticələrini tanımadıqlarını bəyan ediblər.

Ötən payızda Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Avropa Şurasını Rusiyanı “terrorçu rejim” elan etməyə çağıran qətnamə qəbul etmişdi.

Bunun ardınca Avropa Parlamennti Rusiyanı terrorun sponsoru olan dövlət kimi tanıyan qətnamə qəbul edib.

Buna oxşar qətnamələri bir sıra Avropa ölkələri də qəbul ediblər.

Belarus DTK-sı

Bu arada Çexiya Senatı Belarusda vətəndaş cəmiyyətinə qarşı repressiyaları pisləyən və bu ölkənin Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin terrorizmə dəstək verən təşkilatlar kimi tanınmasına çağırış edən qətnamə qəbul edib.

Bu barədə məlumatı Belarusun müxalif Xalq Antiböhran İdarəsinin başçısı Pavel Latuşko verib.

Sənəddə deyilir ki, Belarus hakimiyyəti adı çəkilən təşkilatlardan Belarus müxalifətinin təqibi və Belarus vətəndaş cəmiyyətinin qorxudulması üçün istifadə edir.

Çexiya senatorları diqqəti belə bir məqama çəkiblər ki, Belarusdakı 1450-dək siyasi məhbusa nə ailə üzvləri, nə diplomatlar, nə də müşahidəçilərlə görüş verilmir.

Bir addım

Sənəddə bu da vurğulanır ki, Belarus dinc etirazçıları terrorçu elan edir və ölkədə terror aktlarına görə ölüm cəzası mövcuddur.

Qətnamədə bu da deyilir ki, Rusiya ordusu 2022-ci ilin 24 fevralında Ukrayna üzərinə hücumu məhz Belarus ərazisindən həyata keçirib və beləliklə, Belarus rəhbərliyi bu hərbi cinayətin şəriki sayılmalıdır.

Latuşko bu qətnamə barədə deyib:

"Çexiya icra hakimiyyətinin Lukaşenkanın sözü gedən kriminal qruplaşmalarının terrorçu kimi tanıması üçün bir addım qalır. Bu bizim hamımız üçün mühüm hadisədir. Bunsuz hakimiyyətin ötürülməsi üçün birləşmiş keçid kabineti və xalq antiböhran idarəsi hüquqşünasları və diplomatlarının planauyğun işi mümkün olmaya bilərdi”.

Onun sözlərinə görə Litva Seymi də Belarus barəsində qətnamə qəbul edib və DTK və Belarus Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin terrorçu təşkilatlar elan edilməsinə çağırıb.

XS
SM
MD
LG