Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:50

Bələdiyyələr qrant alacaq: 'Amma digər addımlar da atılmalıdır...'


'Dövlət büdcəsindən hər bələdiyyəyə cəmi 400 manat ayrılır' - Korrupsiyanı doğuran nədir?
Gözlə

No media source currently available

0:00 0:09:41 0:00

'Dövlət büdcəsindən hər bələdiyyəyə cəmi 400 manat ayrılır' - Korrupsiyanı doğuran nədir?

Bələdiyyələr qrant ala biləcək. Bu məsələ parlamentin noyabrın 29-da keçirilən iclasının gündəliyinə salınmış "Qrant haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb. Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.

Bundan əvvəl bələdiyyələr yalnız subvensiya və dotasiya ala bilirdi.

Ayrılmış qrantlarla bələdiyyələr ancaq sosial layihələr həyata keçirə biləcək. Bələdiyyələr həm hökumətdən, həm də qeyri-hökumət təşkilatlarından qanunla nəzərdə tutulmuş qaydada qrant ala biləcəklər.

2014-cü ildə Azərbaycanda "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və bəzi digər qanunlara dəyişiklik edildi. Həmin dəyişikliyə əsasən, donor qismində çıxış edən xarici hüquqi və fiziki şəxslər Azərbaycanda Ədliyyə Nazirliyində qeydiyyata düşməlidir. Eyni zamanda, onların maliyyə ayırdıqları qrant layihələrinin maliyyə-iqtisadi əsaslandırılması barədə Maliyyə Nazirliyinin rəyi olmalıdır.

Məzahir Əfəndiyev
Məzahir Əfəndiyev

Qrant almaq bələdiyyələrin işinə müsbət təsir edəcəkmi?

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Məzahir Əfəndiyev "Turan"a xatırladır ki, Azərbaycanda bələdiyyələr 1995-ci ildə ilk Azərbaycan Konstitusiyasının qəbul olunmasından sonra (1999) fəaliyyətə başlayıb: "Bu müddət ərzində Azərbaycan bələdiyyələri formalaşmışdı. Onların fəaliyyətini daha yaxşı təmin etmək üçün bir sıra qanunvericiliklərə əlavə və dəyişikliklər olmuşdu. İlk dəfə 2009-cu ildə bələdiyyələrin fəaliyyəti qanunvericilik baxımından təkmilləşdirilib və onların birləşməsi öz əksini tapıb. İndi də Milli Məclis bələdiyyələrin birləşməsinə dair qanun layihəsini qəbul etdi və bələdiyyələrin sayı, demək olar, tam yarıya qədər azaldıldı. Bu təkmilləşdirmə də öz növbəsində onu ehtiva edir ki, bələdiyyələrin daha yaxşı işləməsinə dair bəzi əlavə tədbirlər həyata keçirilsin".

M.Əfəndiyevin sözlərinə görə, bu baxımından, bələdiyyələrə qrantların ayrılması onların işinə müəyyən mənada müsbət təsir edə biləcəyi nəzərə alınıb: "Beləliklə də artıq bələdiyyələr də, digər qeyri-hökumət təşkilatları kimi, müxtəlif istiqamətli, hüquqi və iqtisadi əsaslanmış qrantlar əldə edəcəklər".

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

"Atılacaq onlarla addımlardan biridir"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı AzadlıqRadiosuna bildirib ki, bələdiyyələrin fəaliyyətini gücləndirmək üçün yalnız onların iqtisadi vəziyyətini düzəltmək yetərli deyil: "Bu, atılacaq onlarla addımlardan, bəlkə də, biridir. Əslində bələdiyyələrə qrantların ayrılması ilə bağlı qərar doğru qərardır".

Ekspert qeyd edib ki, qonşu ölkələrdə bələdiyyələr öz sosial vəziyyətini gücləndirmək üçün Avropa Şurasından, Birləşmiş Millətlər Təşkilatından (BMT) qrant ala bilir: "Bizdə də qanunla buna imkan yaradılması müsbətdir. Amma bələdiyyələrin fəaliyyətini gücləndirmək üçün digər addımlar da atılmalıdır. Yəni, çoxçeşidli mexanizm işlənib qurulmalıdır. İlk öncə bələdiyyələrin icra hakimiyyətlərindən asılılığı aradan qaldırılmalıdır, seçki azad və ədalətli keçirilməlidir ki, insanların bələdiyyə institutlarına inamı formalaşsın, bələdiyyə institutunda iştirakçılığı olsun".

Onun fikrincə, əks halda, maliyyə müstəqilliyi olsa belə, bu, heç bir effekt verməyəcək: "İcra hakimiyyətləri həmin maliyyəni ya onların əlindən alacaqlar, ya da təyinatı üzrə xərclənməsinə imkan verməyəcəklər".

Mövzu ilə bağlı əlaqə saxladığımız müxtəlif bələdiyyələr geniş danışmaq istəməsələr də, qrant almalarına yaşıl işıq yandırılmasını müsbət qarşıladıqlarını gözlətmədilər.

Xatırlatma

Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Ondan sonra ölkədə 2 min 757 bələdiyyə fəaliyyət göstərirdisə, 2009-cu ildə bir çox bələdiyyələr birləşdirilib və onların sayı 1 min 716-ya endirilib. Daha sonra bələdiyyələrin sayı 1 min 606-ya düşürülüb. Bu il də həmin proses davam edib, qanunvericiliyə olunan dəyişikliklərlə onların sayı yarıdan çox azaldılıb.

Ölkə vətəndaşları, xüsusilə də kənd sakinləri zaman-zaman bələdiyyələrin birləşdirilməsindən narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, nəticədə bələdiyyələr əlçatımlı olmurlar. Rəsmilər isə belə tənqidlərə cavab olaraq vurğulayıblar ki, bələdiyyələrin birləşdirilməsi onların gücünün artırılmasına xidmət edir.

İstər müxalifət, istərsə də bir sıra ekspertlər ölkədə bələdiyyələrin yerli hakimiyyət orqanı kimi statuslarını yetərli saymırlar.

Azərbaycanda növbəti bələdiyyə seçkiləri gələn ilin əvvəli, yanvarın 29-da keçirilməlidir.

XS
SM
MD
LG