Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:47

Bələdiyyə seçkilərinə beynəlxalq müşahidəçilər çağrılmayacaq: Daxili işdir, yoxsa...


İndiyəcən beynəlxalq müşahidəçilər Azərbaycandakı seçkiləri necə qiymətləndiriblər
Gözlə

No media source currently available

0:00 0:06:59 0:00

İndiyəcən beynəlxalq müşahidəçilər Azərbaycandakı seçkiləri necə qiymətləndiriblər (2020)

Bələdiyyə seçkiləri ilə əlaqədar heç bir beynəlxalq müşahidəçi dəvət edilməyəcək. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 2-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bələdiyyə seçkiləri daxili məsələdir: "Kim müraciət etsə, biz qəbul edəcəyik, amma müşahidəçi dəvət etməyəcəyik".

Azərbaycanda elə illər olub ki, məhz bələdiyyə seçkilərinə beynəlxalq müşahidəçilər dəvət edilməmişdi. Amma 2019-cu ildə keçirilən sonuncu bələdiyyə seçkilərini izləmək üçün beynəlxalq müşahidəçilər çağrılmışdı. 10-dan artıq beynəlxalq müşahidəçi qeydiyyata alınmışdı. Onlar Avropa və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin mərkəzi seçki komissiyaları idi.

Elman Nəsirov
Elman Nəsirov

YAP-çı deputat: "Məzahir Pənahovun fikri doğrudur"

Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Elman Nəsirov "Turan"a bildirib ki, bələdiyyə seçkilərinə beynəlxalq aləmdə də çox ciddi səviyyədə maraq olmur: "Təbii ki, prezident seçkisinə, parlament seçkilərinə beynəlxalq reaksiya, beynəlxalq təşkilatların həmin prosesi diqqətlə müşahidə etməsi anlaşılandır. Amma bələdiyyə seçkilərinin müşahidəsində beynəlxalq təşkilatlar hətta ayrı-ayrı illərdə iştirak etsələr də, onlar üçün bu, xüsusi maraq doğurmayıb, ciddi fəallıqları da olmayıb".

E.Nəsirovun fikrincə, bu baxımından, MSK sədri M.Pənahovun fikri doğrudur: "Hər şey müqayisədə ortaya çıxır. Əgər beynəlxalq müşahidəçilər xüsusi maraqla bu prosesə qatılmaq istəsələr, onda biz tərəfdən də analoji addımlarımızın atılması məntiqlidir".

Natiq Cəfərli
Natiq Cəfərli

"Azərbaycanın beynəlxalq institutlar ilə münasibətləri xoş deyil"

Bələdiyyə seçkilərində iştirak edəcəyini açıqlayan Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri Natiq Cəfərli də AzadlıqRadiosuna xatırladıb ki, bundan əvvəl bələdiyyə seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvətlər olub: "Bu il isə belə dəvətin olmamasını qəribə bir qərar kimi dəyərləndirmək lazımdır. Məgər parlament və prezident seçkiləri ölkənin daxili seçkiləri deyilmi? Bu mənada həmin seçkilər ilə bələdiyyə seçkiləri arasında fərq yoxdur. O biri seçkilərə beynəlxalq müşahidəçilər dəvət olunursa, deməli, bələdiyyə seçkilərinə də onları dəvət etmək lazım idi".

Partiya sədri Azərbaycanın beynəlxalq institutlar ilə münasibətlərinin heç də xoş olmamasına diqqət çəkir: "Ona görə də bizim hökumət Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) və digər qurumlardan müşahidə missiyalarını dəvət etməyə isti baxmır. Digər tərəfdən belə çıxır ki, MDB-dən də müşahidəçilər olmayacaq. Bu, bir tərəfdən, pozitivdir, çünki onlar istənilən seçkilərə ən yüksək qiymət verirdilər".

N.Cəfərli düşünür ki, bu seçkilərdə seçici aktivliyi çox aşağı olacaq: "Bəlkə də, elə ona görə də beynəlxalq müşahidəçilərlə bağlı belə qərar veriblər. Biz öz gücümüzə ən azından partiyamızın iştirak etdiyi dairələrdə müşahidəni təşkil etməyə çalışacağıq. Beynəlxalq müşahidəçilər seçkiləri izləməyəcəksə, siyasi partiyalar, sivil toplum tərəfindən daxili müşahidəçilik daha aktiv şəkildə təşkil edilə bilər".

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

"Doğru addım deyil"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da bildirib ki, MSK sədrinin açıqlaması təəccüb doğurur: "Ötən bələdiyyə seçkilərində 15 ölkəyə, o cümlədən Avropa Şurasının Yerli və Regional Hökumətlər Konqresinə müşahidəçilik üçün dəvət göndərilmişdi. Azərbaycan Avropa Şurasına üzv olduqdan (2001) sonra bu konqreslə əməkdaşlıq edir və onun tövsiyələri əsasında yerli idarəetmənin guya inkişaf etdirilməsi və təkmilləşdirilməsi istiqamətində çalışır. Həmin qurum həmişə bələdiyyə seçkilərini müşahidə edib qiymətləndirmə aparırdı".

Bu ilin əvvəlində Avropa Şurasının Parlament Assambleyası (AŞPA) qurum qarşısında insan haqları və başqa sahələrdə götürülən öhdəliklərin yerinə yetirilməməsini səbəb göstərərək Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməyib. Buna cavab olaraq da Azərbaycan hökuməti qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb.

B.Süleymanlı vurğulayır ki, bu il həmin konqresə də dəvət göndərilməyib: "Avropa Şurası ilə Azərbaycan arasında bir ildir siyasi böhran yaşanır. Düşünürəm ki, Avropa Şurasının sözügedən konqresinə dəvət göndərilmədiyinə görə digər ölkələrə də dəvəti göndərməyi məqsədəuyğun hesab etmədilər. Yəni, bunun daxili məsələyə heç bir aidiyyəti yoxdur".

Ekspertin fikrincə, beynəlxalq müşahidəçiləri bələdiyyə seçkilərinə dəvət etməmək doğru addım deyil. Amma o, bu praktikanın Azərbaycanda növbəti illərdə keçiriləcək digər seçkilərə şamil olunacağını düşünmədiyini qeyd edib.

'Dövlət büdcəsindən hər bələdiyyəyə cəmi 400 manat ayrılır' - Korrupsiyanı doğuran nədir?
Gözlə

No media source currently available

0:00 0:09:41 0:00

Üstəlik, bələdiyyə seçkilərinin vaxtı da keçib

Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.

Amma, əslində Azərbaycanda bu ilin sonunda bələdiyyə seçkilərinin keçirilməsi gözlənirdi. Mövcud qanunvericiliyə görə, seçkilər səsverməyə azı 60 gün qalmış elan edilməlidir.

Azərbaycanda son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də baş tutub. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyəti beş ildir və bu müddətdən gec olmayaraq seçki keçirilməlidir.

Bəzi siyasi təhlilçilər və hüquqşünaslar bələdiyyə seçkilərinin vaxtında keçirilməməsini qanunsuz sayırlar. Milli Məclisin bəzi üzvləri isə bu barədə tənqidlərə cavab verərkən bu gecikməni noyabrın 11-dən 22-nə kimi Bakıda BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə izah ediblər. Amma bununla bağlı rəsmi izah ictimaiyyətə açıqlanmayıb.

Xatırlatma

Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Ondan sonra ölkədə 2 min 757 bələdiyyə fəaliyyət göstərirdisə, 2009-cu ildə bir çox bələdiyyələr birləşdirilib və onların sayı 1 min 716-ya endirilib. Daha sonra bələdiyyələrin sayı 1 min 606-ya düşürülüb. Bu il də həmin proses davam edib, qanunvericiliyə olunan dəyişikliklərlə onların sayı yarıdan çox azaldılıb.

MSK-nın açıqlamasına görə, yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək.

Ölkə vətəndaşları, xüsusilə də kənd sakinləri zaman-zaman bələdiyyələrin birləşdirilməsindən narazılıqlarını bildiriblər. Onlar deyiblər ki, nəticədə bələdiyyələr əlçatımlı olmurlar. Rəsmilər isə belə tənqidlərə cavab olaraq vurğulayıblar ki, bələdiyyələrin birləşdirilməsi onların gücünün artırılmasına xidmət edir.

XS
SM
MD
LG