Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:39

Berlində ABŞ prezidenti Ronald Reagan-a abidə qoyulub


Mike Pompeo və başqa rəsmilər Ronald Reagan-ın abidəsi yaxınlığında
Mike Pompeo və başqa rəsmilər Ronald Reagan-ın abidəsi yaxınlığında

Berlin Divarının dağılmasının 30-cu ildönümü münasibətilə Almaniya paytaxtında ABŞ-ın 40-cı prezidenti Ronald Reagan-a heykəl qoyulub.

Noyabrın 8-də abidənin açılış mərasimində ABŞ dövlət katibi Mike Pompeo iştirak edib.

Reagan-ın abidəsi onun 1987-ci ildə tarixi çıxışı etdiyi meydanda ucaldılıb.

ABŞ prezidenti həmin nitqində ovaxtkı Sovet İttifaqını Qərbi Berlini onilliklər ərzində SSRİ-nin qurduğu Almaniya Demokratik Respublikasından ayıran hündür hasarı yığışdırmağa çağırmışdı.

ABŞ-ın Almaniyadakı səfirliyinin yaxınlığında açılmış abidənin olduğu yerdən Berlinin tarixi məkanlarından biri olan Brandenburq qapılarına geniş mənzərə açılır.

Reagan o vaxt məhz burada – keçmiş ADR-in ərazisində yerləşən Brandenburq qapıları qarşısında çıxış etmişdi.

O SSRİ-nin sonuncu prezidenti Mikhail Gorbachev-i onun 1985-ci ildən başlatdığı Yenidənqurma hərəkatını davam etdirməyə çağırmışdı:

“Əgər siz liberallaşdırma istəyirsinizsə, bura, bu qapıların yanına gəlin. Cənab Gorbachev, bu qapıları açın, bu hasarı uçurun!”

Ronald Reagan Brandenburg qapılarında tarixi çıxışını edərkən
Ronald Reagan Brandenburg qapılarında tarixi çıxışını edərkən

Reagan-ın heykəlinin açılış mərasimində çıxış edən Mike Pompeo öz nitqində keçmiş prezidentin bu sözlərini yada salıb və deyib ki, bu nitq bugün də aktuallığını itirməyib:

“Prezident Reagan demişdi: “Bu hasarı uçurun”. Mən əmin olmaq istəyirəm ki, biz onun bunları niyə dediyi üzərində düşünürük. Məncə bu sözlər bizim üzərimizdə olan borcu ifadə edir. Reagan həm də söyləmişdi: “Azadlıq yalnız seçilmişlərin imtiyazı deyil, bu, Allah tərəfindən onun övladlarına verilmiş ümumun haqqıdır...Hər bir kəsin azad olmaq haqqı vardır”. Bu çox cəsarətli bəyanat idi. Bizim ölkəmiz məhz bu ideyanın üstündə qurulub. Bizim üzərində daim yorulmadan işlədiyimiz də budur”.

9 noyabr 1989. Berlinlilər divarı sökməyə çalışrılar
9 noyabr 1989. Berlinlilər divarı sökməyə çalışrılar

9 noyabr 1989-cu ildə Almaniya Demokratik Respublikasının höküməti Almaniya Federativ Respublikası əhalisi ilə təmasa qoyulmuş məhdudiyyəti aradan qaldırmaq qərarını qəbul edib.

ADR hökuməti kütləvi xalq çıxışlarının təzyiqi ilə 1989-cu il noyabrın 11-də Qərbi Berlinlə əlaqə məhdudiyyətlərini aradan qaldırdı, 1990-cı il iyulun 1-də isə sərhəd nəzarətini tamamilə ləğv etdi.

Həmin vaxt Şərqi Berlinin minlərlə sakini qərb tərəfə axışmışdı.

Adamlar tikintisi 1961-ci ildə həyata keçirilmiş 106 kilometrlik hasarı müxtəlif yerlərdə sökməyə cəhd göstərirdi.

ADR ilə Qərbi Berlin arasındakı sərhəd istehkamlarının dağıdılması rəsmən 1990-cı ilin yanvarında başladı və həmin ilin noyabrında başa çatdı.

İki Almaniya bundan bir ay əvvəl 1990-cı ilin oktyabrında birləşmişdi.

XS
SM
MD
LG