Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 03:35

Beynəlxalq Bank Rusiya və Gürcüstandakı törəmələrini ləğv edir


Beynəlxalq Bank
Beynəlxalq Bank

Azərbaycan Beynəlxalq Bankı (ABB) Gürcüstan və Rusiyadakı törəmə qurumlarını bağlayır.

Bu barədə ABB-dən məlumat yayılıb. Həmin məlumata görə, ləğvinə qərar verilən törəmə qurumlar “Bank “MBA-Moskva” (MBA-Moskva), “Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan” (ABB-Gürcüstan) bankları və “Biznes-Rabitə” Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC).

ABB-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov törəmə qurumların bağlanmasına qurumun səhmdarlarının martın 14-də keçirilmiş yığıncağında qərar verildiyini bildirib.

Buna da bax: Beynəlxalq Bankın özəlləşdiriləcəyi tarix açıqlandı

“Bu qərar, təbii ki, ətraflı təhlillərə əsaslanır. Adı çəkilən qurumların bankın gələcək fəaliyyəti üçün iqtisadi baxımdan səmərəliliyi nəzərə alındı və onların fəaliyyətinin dayandırılmasına qərar verildi. Belə bir qərar Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinə hazırlıq planları ilə də bağlıdır”, – o, qeyd edib.

Abbas İbrahimov bildirib ki, törəmə müəssisələrin ləğvetmə prosedurları onların fəaliyyət göstərdiyi ölkələrin qanunvericilik normaları çərçivəsində həyata keçiriləcək. Müştərilər qarşısındakı öhdəliklər yerinə yetiriləcək.

Bankın başqa törəmə müəssisələrinin isə fəaliyyətini davam etdirəcəyi bildirilir.

Buna da bax:​ Dövlət gələn ildən Beynəlxalq bankın borclarını ödəməyə başlayır [video]

Bundan başqa, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ABB-dəki payının dövlətə ötürüldüyü, dövlətin bankın səhmlərindəki payının 96,5 faizə yüksəldiyi bildirilir.

XATIRLATMA

Ötən il Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət etmişdi. Bundan sonra onun öhdəlikləri dövlətə ötürüldü. Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir. Verilən məlumata görə, bundan əvvəl isə ABB-nın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

ABB-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib. Keçmiş bankir ittihamları qəbul etmir.

XS
SM
MD
LG