"Microsoft"un qurucusu, "Bill və Melinda Gates Foundation"ın həmsədri və kitabsevər Bill Gates hər ilin may ayında yay üçün oxu siyahısını dərc etməyi ənənəyə çevirib. Bu il diqqətini daha çox koronavirus pandemiyasına yönəldən Gates anlayır ki, çoxumuz bu mövzudan bir qədər yayınmaq arzusundayıq. Ona görə builki siyahıya ənənəvi beş tövsiyədən başqa bonus siyahısı da əlavə edilib. Bu mövsümdə Bill Gates-in bəyənib seçdiyi beş kitabın arasında təxəyyülü canlandıran romandan canlı tarix və iqtisadi nəzəriyyəyə qədər hər zövqə uyğun kitab var. Gates-in bütün kitab tövsiyələrini onun "Gates Notes" adlı bloqunda görmək olar.
Doktor Edith Eva Eger-in "The Choice" ("Seçim") kitabı İkinci Dünya müharibəsi zamanı müəllifin Ausşvits konsentrasiya düşərgəsində yaşadığı dəhşətlər və sonrakı dövrdə ABŞ-dakı həyatı, psixoterapevt olması haqdadır. Kitab qismən memuar, qismən də travmanın öhdəsindən gəlmək üçün təlimatdır.
""The Choice"u Edith-in ömrünün ilk illərinə görə seçsəniz də, kitabı bitirəndən sonra uzun müddət xatırlayacağınız onun psixoterapevt kimi paylaşdığı fikirlər olacaq. Ümid edirəm, bu çətin dövrdə o sizi bir az rahatladacaq", – Gates öz bloqunda yazıb.
David Mitchell-in "Cloud Atlas" ("Bulud atlası") kitabı. Mitchell-in 2004-cü ildə yazdığı bu romanda müxtəlif zaman və məkanlarda baş vermiş altı hekayə bir-birinə qarışıb. Gates bu romanı "təsviri çətin olan gözəl kitab" adlandırır. O yazır ki, kitabın mürəkkəb strukturu onun oxunmasını çətin edir. "Mitchell müxtəlif dünyaları və personajların daxili səslərini o qədər məharətlə əks etdirir ki, mən oxumağı dayandırmaq istəmirdim. …Bu, insan təbiəti və insani dəyərlər – yüz və hətta min illər ərzində dəyişən və dəyişməyən şeylər haqqında gözəl hekayədir", –Gates öz bloqunda yazır.
Robert Iger-in "The Ride of a Lifetime" ("Ömürlük səyahət") kitabı "Disney"in keçmiş baş icraçı direktoru (CEO) tərəfindən yazılıb. Kitab oxucunu şirkətin həyatında yaddaqalan hadisələrin ekskursiyasına aparır. Burada "Pixar", "Lucasfilm", "Marvel", "21st Century Fox"un çox hissəsinin satın alınması da var, yeni striminq xidmətinin yaradılması da. "Mənə elə gəlir ki, bu kitabı hər kəs bəyənər. Bizneslə bağlı məlumat axtarışında olan da, korporativ nərdivanın ən yüksək qatına qalxıb dünyanın ən böyük şirkətlərindən birini uğurla idarə edən sadə insanın yazdığı yaxşı bir kitab oxumaq istəyən də", – Gates kitab haqda qeydində yazır.
John M. Barry. "The Great Influenza" ("Böyük qrip"). Gates hesab edir ki, bugün 1918-ci ildə baş qaldırmış qrip pandemiyasından öyrənilməli çox dərs var. Bu dərslərin çoxu Barry-nin 2004-cü ildə yazdığı bu kitabda əks olunub. Gates yazır ki, bu qrip pandemiyası təkcə onun ailəsi də daxil olmaqla (Gates-in o zaman hamilə olan nənəsi pandemiyadan sağ çıxıb) milyonlarla ailəyə deyil, həm də ümumiyyətlə, tarixin gedişatına təsir edib və Barry kitabında bunu çox gözəl izah edir. 16 il bundan əvvəl yazılmış bu kitabda Barry yeni bir pandemiyanın baş qaldıra biləcəyini və hətta mütləq baş qaldıracağını yazır.
Abhijit Banerjee/Esther Duflo. "Good Economics for Hard Times" ("Çətin zamanlar üçün yaxşı iqtisadiyyat"). Evli cütlük olan bu iqtisadçılar komandasının ilk kitabı 2011-ci ildə çıxmış "Poor Economics" ("Yoxsul iqtisadiyyatı") kitabıdır. İndi onlar daha bir əlçatan kitab yazıblar. Gates yazır ki, kitab zəngin ölkələrdə bu qədər çox diqqət çəkən siyasi müzakirələrə fokuslanır. O, müəlliflərin "immiqrasiya, qeyri-bərabərlik və ticarət kimi mübahisəli məsələləri bir yerə toplayıb izah etmək" məharətini xüsusilə vurğulayır. "Onların araşdırması kimya, yaxud fizika kimi dəqiq elm deyil. Ancaq, əsasən, faydalı və inandırıcıdır. Düşünürəm ki, sizə də belə gələcək", - o yazır.
Gates öz bloqunda başqa kitabların, TV proqramlarının və əyləncə növlərinin adını çəkir. Onların arasında Andy Weir-in "The Martian" ("Marslı") romanı, Robert Redford və Brad Pitt-in "Spy Game" ("Casus oyunu") filmi (Gates bu filmə 12 dəfə baxdığını etiraf edir), "This Is Us" ("Bu bizik"), "Ozark" və "A Million Little Things" ("Bir milyon kiçik şey") serialları və onlayn briç oyunu da var.