BMT-nin nüvə gözətçisi olan agentlik bildirib ki, İran 2015-ci ildə imzalanmış nüvə sazişinin şərtlərinə əməl etməkdə davam edir, lakin onun aşağı faizli uran və ağır su ehtiyatları artır.
Bu barədə məlumat Beynəlxalq Atom Enerjisi Agentliyinin son rüblük hesabatında yer alıb.
Mayın 31-də açıqlanmış hesabatda deyilir ki, İran sözü gedən sazişdə nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edir.
2015-ci ildə imzalanmış bu saziş İranın öz nüvə fəaliyyətlərini məhdudlaşdırması müqabilində Tehranın üstündəki sanksiyaların götürülməsini nəzərdə tutur. Lakin bu şərt ABŞ-ın sazişdən çıxması ilə mürəkkəbləşib.
ABŞ ötən il sazişdən çıxdıqdan sonra İran üzərinə sanksiyaları birtərəfli qaydada bərpa edib.
Bu ayın əvvəllərində rəsmi Tehran bildirmişdi ki, əgər 60 gün ərzində özünün iqtisadiyyatını və neft sənayesini ABŞ sanksiyalarından mühafizə etmək yolu tapmasa uranın sazişdə nəzərdə tutulduğundan daha yüksək faizli zənginləşdirilməsinə başlayacaq.
Bir həftə əvvəl İran bildirmişdi ki, özünün uranzənginləşdirmə həcmlərini artırıb, lakin bu, sazişin icazə verdiyi aşağı faizli urandır.
Bununla belə BMT agentliyi İranın 2015-ci il nüvə sazişinin şərtlərinə əməl etdiyini, habelə onun müfəttişlərinə İranın nüvə qurğularına maneəsiz giriş verdiyini bildirib.
Agentliyin hesabatında deiyilir ki, mayın 26-a olan məlumata görə İranın ağır su ehtiyatı fevraldakı 124, 8 tondan 125, 2 tona çatıb. Sazişin nəzərdə tutduğu limit 130 tondur.
Mayın 20-ə olan məlumata görə İranın aşağı faizli uran ehtiyatı 174, 1 kiloqramdır. Bu rəqəm fevral ayında 163, 8 kiloqram idi. Sazişlə uran ehtiyatının 202, 8 kiloqramadək olmasına icazə verilir.
Hesabatda vurğulanır ki, İran sazişdə icazə verildiyindən daha yüksək faizli uran istehsal etməyib.
Bu da bildirlir ki, İranın bütün sentrifuqları və onlarla bağlı infrastrukturu agentliyin tam nəzarəti altında olub.
Trump ötən il 2015-ci il sazişini tənqid edərkən demişdi ki, bu razılaşmada İranın raket və nüvə proqramları, habelə onun Yaxın Şərqdəki “ziyanlı fəaliyyətləri” nıəzərə alınmayıb.
Son həftələrdə Hörmüz boğazı ətrafında gərginlik bir xeyli yüksəlib.
Bu ayın əvvəllərində ABŞ regiona əlavə hərbi qüvvələr göndərdiyini bildirib. Vaşinqtopn bildirir ki, bu, İrandan qaynaqlanan “real təhlükələrin” qarşısını almaq üçündür.
ABŞ və Səudiyyə Birləşmiş Ərəb Əmirlikləri sahilində neft tankerlərinə hücumlara görə İranı ittiham edirlər. Tehran bu iddiaları qətiyyətlə rədd edir.