Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:19

Antivaksinçilərin həkimlərə hücumu


Sofiyada vaksinə etiraz edən, sentyabr, 2021-ci il
Sofiyada vaksinə etiraz edən, sentyabr, 2021-ci il

Yanvarın 18-də Bolqarıstanda 11 mindən çox yoluxma aşkarlanıb

Yanvarın 17-də Bolqarıstanda İvaylo İvanov adı həkim öz iş otağında hücuma məruz qalıb. Ölkənin tanınmış antivaksin fəalı Ventsislav Angelov bir qadınla həkimə hücum çəkib. İvanov qadının ürək problemləri olan ərinə COVID-19-a qarşı peyvənd vurandan sonra o vəfat edib.

“Səni öldürəcəyəm, bax, deyirəm, ey yaramaz”, – “Çikaqo” ləqəbiylə tanınan Angelovun Facebook-dakı səhifəsində canlı yayında qışqırtısı eşidilir.

İfrat sağçı siyasətə bulaşmış, koronavirus qadağalarına qarşı çıxan Angelov hadisə zamanı xəsarət almış İvanova kömək etməyə çalışsa da, sonradan saxlanıb. O özü də insidentdə xəsarət alıb.

“Bir sıra kəndlərdə həkim yoxdur”

Hadisənin baş verdiyi Novo Selo kəndinin başçısı Mareyla Yordanova AzadlıqRadiosu-nun Bolqarıstan xidmətinə deyib ki, İvanov insidentdən sarsılıb və polisdə ifadə verib.

“Hazırda bu hadisə səbəbindən bir sıra kəndlərdə həkim yoxdur”, – Yordanova yanvarın 18-də deyib.

Bu insident 7 milyonadək əhalisi olan, Avropa İttifaqı üzvü Bolqarıstanda vaksinasiyanın durumunu yenidən diqqət mərkəzinə gətirib. Ölkə əhalisinin 30 faizindən də azına peyvənd vurulub və hazırda pandemiyanın beşinci dalğası ilə mübarizə aparır.

Yanvarın 18-də Bolqarıstanda 11 mindən çox yoluxma aşkarlanıb. Hazırda yoluxmalara daha çox yüksək yoluxucu omikron ştammı səbəb olur.

Pandemiya başlanandan ölkədə 840 mindən çox yoluxma, 32 mindən artıq ölüm qeydə alınıb.

Angelova ittihamlar hələlik, bəlli deyil. Bolqarıstan Tibbi Birliyi polisi işi tam araşdırmağa çağırıb. Qurum həkimlərin “öz işlərini görərkən alçalmaya, təzyiqə, hücuma məruz qalmasına dözməyəcəyini” bəyan edib.

Bu, son günlər Bolqarıstanda tibbi personala ikinci hücum idi.

İkinci hücum, rəsmilərin mövqeyi

Ölkənin şimal-şərqindəki Ruze şəhərində bir pasiyentin yaxınları COVID-19 palatasına hücum çəkərək onun virusa yoluxmadığını, xəstəxanadan çıxarılmasını tələb ediblər.

Bu hadisələr fonunda Səhiyyə naziri Asena Serbezova Bolqarıstanda səhiyyə işçilərini müdafiə edib, Facebook postunda onların zorakılıq deyil, hörmətə layiq olduğunu yazıb.

Baş nazir Kiril Petkovun yeni mərkəzçi hökuməti əhalini xəstəxanaların yükünü azaltmaq üçün peyvənd vurdurmağa çağırıb.

AzadlıqRadiosu-nun Bolqarıstan xidməti qeyd edir ki, ölkədə antivaksn skeptisizmi Angelov və digər tanınmış fəal və siyasətçilərin sosial media platformalarında yaydığı dezinformasiya ilə daha da alovlanır. Ultrasağçı Dirçəliş partiyasının üzvləri isə anti-NATO, anti-Aİ siyasəti yürüdür, COVID-19-la bağlı konspirologiya yayır.

13 deputatdan dördü...

Dirçəliş partiyasının üzvləri, lider Kostadin Kostadinovun rəhbərliyi altında COVID-19 vaksinlərini “eksperiment” adlandırır. Onlar yanvarın 12-də Sofiyada parlament qarşısına xeyli adam yığıb, vaksinlərə, COVID-19 qaydalarına, mümkün vaksin pasportlarına etiraz bildiriblər.

Amma bu yaxınlarda müstəqil və özəl bTV telekanalı partiyanı parlamentdə təmsil edən 13 deputatdan dördünün partiya siyasətinin əleyhinə gedərək peyvənd vurdurması haqda xəbər yayıb.

Onlardan biri – İvo Ruşev, vaksinasiyaya qarşı olmadığını deyib, bunu şəxsi seçim adlandırıb.

“Hazırda mübarizə peyvənd olunmuş, yaxud olunmamış adamlar uğrunda getmir. Biz ona görə savaşmırıq. Biz adamların hüquqları uğrunda savaşırıq. Mən öz seçimimi etmişəm, peyvənd vurdurmuşam”, – Ruşev deyib.

Vaksinə qarşı çıxan həkim

Bolqarıstanda vaksinə qarşı çıxanlar Sofiyada işləyən pediatr və yoluxucu xəstəliklər üzrə mütəxəssis Atanas Manqarova istinad edirlər.

Bolqarıstan mediasının tez-tez istinad etdiyi, TikTok, Instagram və YouTube-da milyonlarla izləyicis olan Manqarov vaksindən imtina etdiyini deyir, vaksin qadağalarına qarşı çıxmasına dair paylaşımlar edir.

O, vaksinasiyanın yaratdığı immunitetdənsə, yoluxmanın yaratdığı təbii immunitetə üstünlük verən həkim sonuncunu koronavirusun yeni ştammlarına qarşı yeganə zəmanət hesab edir.

Vaksinasiya ilə ölüm arasında əlaqə yoxdur

Yanvarın 18-də Bolqarıstanın Səhiyyə Nazirliyi bəyanat yayaraq COVID-19 vaksinasiyası ilə peyvənddən ölümlər arasında hər hansı elmi əsaslı əlaqənin olmadığını vurğulayıb.

AzadlıqRadiosu Angelov yaxud İvanovdan açıqlama ala bilməyib. Angelov keçmişdə də qanunla bəzi problemləri olub. Bu dəfə on qarşı hansı ittihamların sürülə biləcəyi bəlli deyil.

Sentyabrda isə Varna şəhərində vaksin mərkəzində bir qrup vaksin əleyhdarı tibb işçilərinin qarşısını kəsərək həkimləri təhqir edib, yerli administrasiyanın peyvəndləməni dayandırmasını tələb ediblər.

Novo Selodakı insidentə gəlincə, başçı Yordanova peyvənddən bir neçə gün sonra dünyasını dəyişmiş sakindən də danışıb. Ölənin ailəsi azı 10 il Almaniyada yaşayıb, o, xaricdə bir neçə dəfə ürək əməliyyatı keçirib.

“Onun ürəyində problemlər vardı və həkimə bunu deməyiblər”, – deyən başçı doktor İvanovun kənddə hörmətli biri olduğunu deyib. “Həkim illərdir bizə xidmət edir və belə münasibətə layiq deyil”, – o söyləyib.

XS
SM
MD
LG