Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:37

Fransızlar ingilislərdən ötrü «ölmürlər»


Britaniya və AB bayraqları
Britaniya və AB bayraqları

-

Üzümüzə gələn cümə axşamı Britaniyada «Brexit» adı ilə tanınan referendum keçiriləcək. Britaniya xalqı ölkənin Avropa Birliyində qalıb-qalmaması barədə öz tarixi qərarını verəcək. Referendum Britaniyanın Avropa Birliyinin tərkibində qalmasını istəyən millət vəkili xanım Jo Cox-un qətlindən sonraya təsadüf edir. Son günlərdə ölkənin Avropa Birliyini tərk etməsi tərəfdarları güclənsə də, bu qətl hadisəsi əks cəbhənin güc yığmasına öz töhfəsini verə bilər.

«Belə görünür ki, [britaniyalılar] yalnız Birliyin yaxşı tərəfini istəyirlər, ancaq bunun xərcini bizimlə bölüşmək istəmirlər»,- 54 yaşlı fransız Laurence Coin deyir.

Bütün AB ölkələri arasında Avropanın birliyi və Britaniyanın bu birlikdə rolu barədə ən çox düşünən Fransadır. Ancaq bununla yanaşı, «Pew» Tədqiqat Mərkəzinin apardığı rəy sorğusunun nəticələri göstərir ki, Fransa əhalisinin 32%-i Britaniyanın AB-ni tərk etməsini dəstəkləyir. Bu, rəyi soruşulmuş AB xalqları arasında ən yüksək göstəricidir.

Kontinental Avropanın bir çox dövlətləri Britaniyanın hərbi qüdrətinə, diplomatik cəsarətinə, güclü və açıq iqtisadiyyatına rəğbətlə yanaşır. Niderland və İsveç kimi AB ölkələri Britaniyanın azad bazar yanaşmasını əxz ediblər.

Əksər avropalılar Britaniyanın Birliyi tərk etməsini istəmirlər. Bəziləri isə bu ölkənin daha fəal və entuziazmlı bir AB üzvü olmasını arzulayırlar. Onlar istəyirlər ki, Britaniya kənarda durmasın, blokun iş metodlarını və fəaliyyətini tənqid etsin.

«GETMƏSİ DAHA YAXŞIDIR»

London İqtisadiyyat Məktəbinin belçikalı professoru Paul De Grauwe isə deyir ki, Britaniyanın AB-də qalması nə qədər yaxşı olsa da, qaydalara tabe olmaq istəməyən bir dövlətiBirliyin içərisində saxlamaq siyasi cəhətdən baha başa gələ bilər. Belə ki, Londonda səlahiyyətlərin AB-dən alınması istəyi qalmaqda davam edəcək. «Onlar qalsalar belə bu strategiya davam edəcək və hətta daha da intensivləşəcək. Ona görə də, belə bir tərəfdaş kimə lazımdır? Bu mənada, onların getməsi daha yaxşıdır. Gəlin dost qalaq, ancaq daha bizim yerimizə qərar verməyin», - De Grauwe deyir.

Fransa Beynəlxalq Münasibətlər İnstitutunun xüsusi müşaviri, politoloq Dominique Moisi hesab edir ki, hətta AB-nin bütövlüyünü dəstəkləyənlər arasında da Britaniyanın getməsini istəyənlər var: «Onlar hesab edirlər ki, biz onlarsız daha çox iş görə bilərik... Biz Avropanı yenidən kəşf edəcəyik».

Avropanın bütövlüyü tərəfdarı olan Fransa prezidenti François Hollande da Britaniyanı AB-nin tərkibində qalmağa çağırıb. O deyib ki, 1994-cü ildə Pa-de-Kale boğazından keçən tunelin açılışından bəri «biz heç zaman olmadığımız qədər bütövük. Ümid edirəm ki, vaxtı gələndə britaniyalılar bunu xatırlayacaqlar».

QAÇQIN VƏ MİQRANTLAR AB-Nİ ƏLDƏN SALIB

Amma bununla yanaşı, Hollande Britaniyanın AB-də qalması kampaniyasına başçılıq edən baş nazir David Cameron-a kömək etmək üçün bir o qədər də səy göstərmir. Sosialist Hollande-ın siyasi baxışları azad bazar tərəfdarı olan Cameron-un baxışlarından çox fərqlidir.

İyulun 1-ində Fransada Tyepval döyüşünün 100 illiyi qeyd ediləcək. Hollande artıq baş nazir Cameron və kral ailəsinin də iştirak edəcəyi bu mərasimə qatılmayacağını bildirib.

Maliyyə böhranı, qaçqın və miqrantlar AB-ni əldən salıb. Britaniyanın Birliyi tərk etməsi blokun uğursuzluğuna işarə ola bilər. Bu isə digər üzv dövlətlərin də öz üzvlüklərinə yenidən baxmaq istəməsinə gətirib çıxara bilər.

Bütün bunlar AB-yə qarşı olan siyasi hərəkat və partiyaların işinə yaraya bilər. Fransada ifrat sağçı Milli Cəbhə və onun rəhbəri Marine Le Pen «Brexit»i dəstəkləyir və düşünür ki, Britaniyanın çıxması AB-ni tərk etmək istəyən digər ölkələr üçün bir model ola bilər. «Bu sübut edəcək ki, Avropa Birliyi xaricində yaşamaq mümkündür», - Le Pen bu yaxınlarda deyib.

Politoloq Dominique Moisi deyir ki, anti-AB qüvvələrinin zənnincə, bu, populist dalğanın başlanğıcıdır və bu dalğa Trump-la davam edəcək, Fransada növbəti prezident seçkisində Marine Le Pen-in Yelisey Sarayında oturması ilə nəticələnəcək.

XS
SM
MD
LG