Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 08:25

Cahangir Hacıyev dostlarının məhkəməsində dindiriləcək


Cahangir Hacıyev
Cahangir Hacıyev

Beynəlxalq Bankın keçmiş rəhbəri, 8 ildir həbs cəzası çəkən Cahangir Hacıyev dostlarının məhkəməsində dindiriləcək. Söhbət keçmiş deputat Dünyamin Xəlilov və “Bakı Fındıq Emalı” MMC-nin (zavodun) rəhbəri olmuş Azad Cavadovun məhkəməsindən gedir.

Bakı Ağır Cinayətlər Məhkəməsində onların işinə baxan hakimlər kollegiyası oktyabrın 16-da qərar verib ki, C.Hacıyevi də çağırıb dindirsinlər.

Adıçəkilən dostları C.Hacıyevin rəhbərliyi dovründə onunla dostluqlarından faydalanaraq, Beynəlxalq Bankdan milyonlarla manat kredit götürüb mənimsəməkdə ittiham olunurlar.

Oktyabrın 16-da məhkəmədə ifadə verərkən, həm A.Cavadov, həm də D.Xəlilov deyiblər ki, götürülən kreditlərin onlara heç bir aidiyyəti olmayıb. Onlar vurğulayıblar ki, vəsaitləri mənimsəmək bir yana, heç o krediti götürməyiblər.

“2015-ci ildə xəbərim oldu ki, kredit ödənilməyib...”

A.Cavadov deyir ki, ona Beynəlxalq Bankdan zəng eləyib, müəyyən layihələrin icrasından ötrü kreditə ehtiyac olduğunu, bunun da Fındıq Emalı Zavodunun adına rəsmiləşdiriləcəyini söyləyiblər. Həmin dövrdə bankın rəhbəri Cahangir Hacıyev olub. A.Cavadovun sözlərinə görə, o da bildirib ki, narahatlığa əsas yoxdur, kredit ödəniləcək, sadəcə, rəsmiləşmə onların adına olacaq.

Danışır ki, dostu Rauf Şahbazovla banka gediblər. Kredit rəsmiləşdirilsə də, pullar götürülməyib, kassada qalıb:

“2015-ci ildə xəbərim oldu ki, kredit ödənilməyib...”.

A.Cavadov adlarına kredit rəsmiləşdirilən 9 nəfəri tanımadığını da söyləyib. Onun dediklərini dostu Rauf Şahbazov da təsdiqləyib. 1998-ci ildən A.Cavadovla dost olduqlarını, ona inandığını deyən R. Şahbazovun sözlərinə görə, elə bu üzdən razılaşıb:

“Mənə dedilər ki, banka gəlib qol çəkmək lazımdır. 750 min manata qol çəkmişəm, amma götürməmişəm. Azada qardaşım kimi inanmışam. Biz kasıb günün dostu olmuşuq...”

Təqsirləndirilən keçmiş deputat D.Xəlilov da Beynəlxalq Bankdan götürülmüş kreditləri özünün mənimsəməsi haqda ittihamda yazılanlarla razılaşmır. O da deyir ki, müəyyən şəxslərin adına kredit rəsmiləşdirilsə də, onlara pul verilməyib, bankın kassasında qalıb, hansısa layihələrə xərcləndiyi söylənib.

D.Xəlilovun sözlərinə görə, Beynəlxalq Bankın rəhbəri C.Hacıyev də məsələdən xəbərdar idi və bir neçə nəfərin adına kredit rəsmiləşdirilməsini özü xahiş etmişdi.

Təqsirləndirilən şəxslərin bu ifadələrindən sonra hakimlər kollegiyası qərar verib ki, C.Hacıyev mütləq məhkəməyə çağrılıb, bu iş üzrə şahid qismində dindirilməlidir.

C.Hacıyev indi 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. O, məhkəməyə gətirilməsi üçün istintaq təcridxanasına köçürülməlidir. Bütün bu proseslər zaman aldığından, məhkəmə prosesi noyabrın 13-nə təyin edilib.

Xatırlatma

Dünyamin Xəlilov və Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə ittiham olunurlar. Cinayət işinin materiallarında 6 milyon 664 min manatlıq kredit mənimsənilməsindən bəhs edilir.

Son 8 ildə D.Xəlilov üçüncü, A.Cavadovsa ikinci dəfədir ki, Beynəlxalq Bank işi üzrə mühakimə olunur. Onların hər ikisi C.Hacıyevin dostu sayılıb və hərəsi də bir dəfə onunla birlikdə mühakimə edilib.

C.Hacıyev də 2015-ci ildən bəri iki dəfə hakim önünə çıxarılıb. İlk mühakimədə (2016-cı ildə) ona 15 il, A.Cavadova 10 il 6 ay həbs cəzası kəsilmişdi. İkinci dəfə (2019-cu ildə) onun cəzası 16 il 3 ayadək artırılıb. Həmin vaxt D.Xəlilov haqqında isə 14 il 6 aylıq hökm çıxarılmışdı.

Adları çəkilənlərin heç biri özünü təqsirli saymır. Hər üçü bildirir ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib.

XS
SM
MD
LG