Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:08

Cavid Hüseynov: «Belə söz deməmişəm axı...»


Cavid Hüseynov
Cavid Hüseynov

-

Döyülərək öldürülən jurnalist Rasim Əliyevin qohumu Aydın Mahmudov prokurorluğa ifadəsində demişdi ki, futbolçu Cavid Hüseynov xəstəxanaya gələrək ona yardım təklif edib, həkimlərlə söhbətləşib. Amma həbsdə olan futbolçu bu barədə deyilənlərin yalan olduğunu bildirirdi. Bu səbəbdən də futbolçunun vəkili həmin vaxt xəstəxanadakı söhbətlərin şahidi - «Qəbələ» klubunun meneceri Səbuhi Səfiyarlının məhkəmədə dindirilməsini istəmişdi. Mayın 4-də keçirilən məhkəmə iclasında o dindirilib.

Səbuhi Səfiyarlı jurnalistin döyülməsindən elə media nümayəndələri vasitəsilə xəbər tutduğunu bildirib: «Cavidə zəng etdim ki, «saytlar sənin qohumlarının jurnalisti döydüyünü yazıb». Sonra birlikdə xəstəxanaya getdik. Orada pul söhbəti eşitməmişəm, həkimlərlə də görüşməmişik».

«ELŞƏN ONUN XƏBƏRİ OLMADAN...»

Polis əməkdaşı Asif Bağırov isə futbolçunun Şamaxı postunda saxlanılıb Bakıya gətirilməsi və 8-ci polis bölməsinə təhvil verilməsindən danışıb.

Cavid Hüseynovun qohumu Zəfər Şərifov hadisədən sonra futbolçu ilə aralarındakı söhbət barədə ifadə verib. Onun sözlərinə görə, Cavid Hüseynov bibisi oğlu Elşənin öz tanışları ilə birlikdə jurnalisti döyməsindən xəbərsiz olub: «Cavid dedi ki, Elşən onun xəbəri olmadan tanıdığı bir neçə nəfərlə gedib Rasim Əliyevlə görüşməyə, onu döyüblər».

Məhkəmə iclasının sonunda Cavid Hüseynov bir daha bildirib ki, xəstəxanada pul vədi, həkimlərlə görüşü barədə deyilənlər həqiqətəuyğun deyil, bu ziddiyyət araşdırılmalıdır: «Mən elə söz deməmişəm axı...».

MƏCBURİ GƏTİRİLƏCƏK

Aydın Mahmudovun adı məhkəmədə dindirilməli şahidlərin də arasında vardı. Məhkəmə çağırışlarına baxmayaraq, o gəlməyib. Futbolçunun vəkili Adəm Məmmədov onun məcburi gətirilib dindirilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub.

Məhkəmə prosesi mayın 11-də davam edəcək.

Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Jurnalisti döyüb öldürməkdə təqsirləndirilən beş nəfərin məhkəməsi yaxınlarda yekunlaşıb və onlar 9 ildən 13 ilə qədər həbs cəzası alıb.

Cavid Hüseynov isə CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.

XS
SM
MD
LG