Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:34

Cəlal Əliyevin vəkili haqqında həbs qərarı verilib


Sümbülə Əliyeva
Sümbülə Əliyeva

Prezident İlham Əliyevin əmisi, mərhum deputat-akademik Cəlal Əliyevin jurnalistlərə qarşı çoxsaylı məhkəmə çəkişmələrində ona vəkillik etmiş Sümbülə Əliyeva haqqında həbs qərarı çıxarılıb. Bu qərarı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarov verib.

İki il yarımdan çoxdur ki, bu məhkəmədə S.Əliyeva haqqında cinayət işinə baxılır. O, vaxtilə rəhbərlik etdiyi 1 saylı hüquq məsləhətxanasında (hazırda “Mərkəz” vəkil bürosu) fəaliyyət göstərən vəkillərin pullarını mənimsəməkdə ittiham olunur.

Söhbət müştərilərlə müqavilələrdən vəkillərə çatası pulların, eləcə də vergi və sosial sığorta haqqı kimi ödənilmiş vəsaitlərin yeyintisindən gedir. Cinayət işində toplam 200 min manat civarında ziyandan bəhs edilir.

S.Əliyevaya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213-cü (vergiləri, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələrilə ittiham verilib.

Bu cinayət işində Vəkillər Kollegiyası, Dövlət Vergi Xidməti və Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş qismində tanınıb.

İstintaq dövründə S.Əliyeva həbsdə olunmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci ilin iyununda, onun mühakiməsi başlayandan az sonra keçirilən məhkəmə iclaslarının birində hakimlər S.Əliyevanın məhkəmə zalında həbs olunmasına qərar vermişdilər. Ancaq üstündən 10 gün keçəndən sonra eyni hakimlər kollegiyası qərarını dəyişərək, bu dəfə onu ev dustaqlığına buraxmışdı. O vaxtdan da S.Əliyeva məhkəmə iclaslarına evindən gedib-gəlirdi.

Haqqında həbs qərarı çıxarılıb və axtarışa verilib

AzadlıqRadiosu-nun məlumatına görə, son bir ilə yaxın müddətdə S.Əliyeva onun işiylə bağlı təyin olunmuş 20-yə yaxın məhkəmə iclasına gəlməyib. Bir neçə ay öncə məhkəmə onun haqqında məcburi gətirilmə qərarı çıxarsa da, nəticəsi olmayıb. Dekabrın 30-da S.Əliyeva haqqında qiyabi həbs qərarı çıxarılıb və o, axtarışa verilib.

Təqsirləndirilən vəkil bir neçə ay öncə məhkəməyə göndərdiyi məktubda səhhətində problemlər olduğunu, bu üzdən gələ bilmədiyini göstərib.

S.Əliyevaya ittiham verilən maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Bu cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilən bir sıra vəkillər S.Əliyevadan şikayətçi olub. Onlar zərərçəkmiş deyil, şahid qismində tanınmalarından narazı qalıblar və bildiriblər ki, bir sıra işlərdə əziyyət çəkib, müdafiəçi kimi xidmət göstəriblər. Bu işlərə görə onlara çatası vəsaitlər kassada toplanıb və mənimsənilib. Məsələn, vəkil Mehman Abbasov məhkəmədə iddia edib ki, onun kassada toplanmış 19 min manata yaxın pulu ələ keçirilib. Onun sözlərinə görə, bu vəsaitin bir bölümü vergi, sosial sığorta və başqa xərclərə çıxılsa belə, özünə çatası, azı, 12 min manatlıq yeyinti var.

S.Əliyeva özünü təqsirli bilmir, deyir ki, ona qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur.

“Mən burada çox şeyi demək istəmirəm. Məqsədim işin ədalətli aparılmasıdır. Necə ola bilər bu, mən özüm özümdən oğurluq eləmişəm? Bir daha deyirəm, mən bu işi eləməmişəm. Ədalətə inanıram...”, - qatıldığı məhkəmə iclaslarından birində S. Əliyevanın dedikləridir.

'Öz adamlarına pul paylayırlar' - Hökumətyönlü QHT-lərə ayrılan pulların aqibəti
Gözlə

No media source currently available

0:00 0:06:44 0:00

Xatırlatma

S.Əliyeva vəkil bürosunun rəhbəri olmaqdan başqa, uzun müddət Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü də olub. O, ictimai-siyasi fəalların hüquqlarını qoruyan bir sıra vəkilin fəaliyyətinin dayandırılmasına səs verənlərdəndir. Həmin vəkillər arasında Yalçın İmanov, Əlayif Həsənov və digərləri var.

Mərhum deputat Cəlal Əliyevin vəkili kimi, S.Əliyevanın çıxdığı bir neçə məhkəmə işində jurnalistlər ya cərimələnib, ya da həbs ediliblər. “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə də sözü gedən məhkəmələrin sonunda prezidentin əmisi haqda yazılarına görə həbs olunanlar sırasındadır.

XS
SM
MD
LG