Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:15

Çinin layihələrindən xaricdə niyə imtina etməyə başlayıblar?


Pekində Kəmər və Yol Təşəbbüsü layihələrinin reklamı
Pekində Kəmər və Yol Təşəbbüsü layihələrinin reklamı

Malayziya Çinin 11 milyard, Qazaxıstansa 1.5 milyard dollarlıq layihələrini ləğv edib

Çinin Kəmər və Yol Təşəbbüsü hədəflədiyi ölkələrdə getdikcə artan etirazla üzləşir.

Reuters yazır ki, yeni araşdırma Çinin iqtisadi layihələrinin borc yükünə çevrilməsindən ehtiyatlanmaların gücləndiyini göstərib.

Çin prezidenti Si Cinpinq Kəmər və Yol Təşəbbüsünə 2013-cü ildə başlayıb.

Təşəbbüsdən məqsəd Çinin Asiya, Afrika və Latın Amerikasındakı maliyyə və infrastruktur tikintisi sahəsində qüdrətinin artırılması idi.

Lakin indi Çin prezidentinin “əsrin layisəsi” adlandırdığı təşəbbüs xaricdə ciddi çətinliklər və etirazlarla üzləşir.

Birləşmiş Ştatlardakı AidData analitik mərkəzinin araşdırması göstərib ki, indi bir çox aşağı və orta gəlirli ölkələrdə Kəmər və Yol Təşəbbüsü layihələrindən imtina edirlər.

Araşdırma müəlliflərindən Bred Parks deyib ki, buna səbəb bu layihələrin maliyyələşdirilməsindəki şişirtmələrdən, korrupsyadan və böyüyə biləcək borclardan narahatlıqdır.

ABŞ-dan iki dəfə çox

AidData bildirir ki, Malayziyada 2013-2021-ci il üçün nəzərdə tutulmuş 11 milyard dollarlıq layihələr ləğv edilib.

Qazaxıstan Çinin 1.5 milyard dollarlıq layihələrini ləğv edib.

Çin Xarici İşlər Nazirliyi araşdırma nəticələrinə etiraz olaraq bildirib ki, “heç də bütün kreditlərin ödənməsi qeyri-realist deyil” və bir çox partnyor ölkələr bu layihələrin yerli iqtisadiyyatların inkişafına verdiyi töhfədən razıdırlar.

AidData son 18 il ərzində Çinin 165 ölkədə dəstəklədiyi 13 min 427 layihəni nəzərdən keçirib.

Məlum olur ki, ümumi dəyəri 842 milyard dollar olan bu layihələrlə Çinin beynəlxalq inkişaf maliyyələşdirməsi öhdəlikləri Birləşmiş Ştatların öhdəliklərindən iki dəfə çoxdur.

Qərbin “əks-təşəbbüsü”

Lakin Parks bildirir ki, Çinin layihələrindən imtinanın əsas səbəblərindən biri də Pekinlə yaxınlıq məsələsində ictimai rəyin dəyişilməsidir.

Araşdırma göstərib ki, bu layihələrin kredit riskləri də yüksəlib və bir çox aşağı və orta gəlirli ölkələr borclanmadan çəkinirlər.

Hesabatda deyilir ki, Kəmər və Yol Təşəbbüsü layihələrinin 35 faizinin korrupsiya, əmək qanunvericiliyinin pozulması, ətraf mühitin çirkləndirilməsi və ictimai etirazlar kimi problemləri var.

İyun ayında ABŞ G7 ölkələrinin Build Back Better World (B3W) kimi tanınan əks-təşəbbüsünü irəli sürüb.

Parks bildirib ki, bu əks-təşəbbüs Çinin Kəmər və Yol Təşəbbüsünün bir çox müştərilərinin tərəf dəyişməsinə səbəb olacaq.

AidData bildirir ki, onun araşdırması Ford Fondu və USAID də daxil bir neçə özəl və ictimai təşkilatlar tərəfindən maliyyələşdirilsə də, tamamilə şəffaf və müstəqil səciyyə daşıyır.

XS
SM
MD
LG