Çində peyda olan yeni korona virusu ABŞ-a da çatıb.
Bu barədə “New York Times” qəzeti xəbər verir.
Bu virusa yoluxan qadın, ötən həftə Çindən ABŞ-ın Sietl (Seattle) şəhərinə uçub.
O, pnevmoniya diaqnozu ilə xəstəxanaya götürülüb və analizlər, bunun Çində yeni peyda olan korona virusi olduğunu göstərib.
ABŞ-ın nəzarət və profilaktika mərkəzi yaxın günlərdə yeni yoluxma hallarını istisna eləmir.
Artıq ölkənin bir sıra hava limanlarında, Çindən gələn sərnişinlərin müayinəsinə başlanıb, onların hərarəti yoxlanır.
Rəsmi məlumata görə, Çində bu virusdan ölənlərin sayı 6 nəfərə çatıb, təxminən 300 nəfər bu virusa yoluxub.
Amma “The Guardian” xəstələrin və ölənlərin yaxınları, habelə beynəlxalq ekspertlərə istinadla yazır ki, ölü sayı bundan çox ola bilər.
Pnevmoniya xəstəliyi törədən bu virus ötən ilin dekabrında Vuhan şəhərində peyda olub.
Yoluxma hallarının əksəriyyəti Vuhanda, bir neçəsi isə Pekin, Şanxay və Quandun əyalətində qeydı alınıb.
Virus Çindən kənara da çıxıb, Cənubi Koreya,Yaponiya və Taylandda da yoluxma halları aşkar edilib.
Azərbaycanın səhiyyə nazirliyi Çinə səfər edən turistlər və iş adamlarına ehtiyatlı olmağı tövsiyə edib.