Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 23:10

Azərbaycan COP29-a ev sahibliyi öncəsi mediaya basqıda günahlandırılır


Prezident İlham Əliyev Zəngilana səfəri zamanı idman klubunda ağırlıq qaldırır.
Prezident İlham Əliyev Zəngilana səfəri zamanı idman klubunda ağırlıq qaldırır.

"Human Rights Watch" təşkilatı son bir ildə Azərbaycan hökumətinin 25 jurnalist və fəalı həbs etdiyini bildirir. Həmin həbslər bu il Bakıda keçiriləcək BMT iqlim sammiti (COP29) ərəfəsində baş verib.

İnsan haqları qurumları iqlim sammitinin medianın boğulması fonunda keçirilməsindən narahatdırlar.

Azərbaycan noyabrda BMT-nin iki həftəlik iqlim sammitinə ev sahibliyi edəcək. Tədbirdə 200 hökumət, o cümlədən onlarla dövlət başçısı təmsil olunacaq və iqlim böhranının aradan qaldırılması üçün tələb olunan maliyyənin mənbələri müzakirə ediləcək.

Korrupsiya siyahısında 154-cü yerdə…

"The Guardian" qəzetində yazılıb ki, media və azadlıqların boğulduğu avtoritar dövlət sayılan Azərbaycan dünyada korrupsiya səviyyəsinin ən yüksək olduğu ölkələrdən biri kimi dəyərləndirilir. Azərbaycan ötən il "Transparency International"ın korrupsiya siyahısında 180 ölkə arasında 154-cü yeri tutub. Ölkədə real siyasi müxalifət çox kiçikdir. İlham Əliyev isə fevralda keçirilən növbədənkənar seçkilərdən rəsmi olaraq 92 faiz səslə qalib çıxaraq ardıcıl olaraq beşinci dəfə prezident olub. Onun sovet dövründə də Azərbaycanı idarə etmiş atası Heydər Əliyevin 1993-cü ildə hərbi çevriliş nəticəsində təkrar hakimiyyətə gəldiyi bildirilir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) katibliyi Bonnda yerləşir. Burada keçirilən COP29 öncəsi iki həftəlik hökumət görüşü zamanı insan haqları fəalları Azərbaycanda ciddi problem sayılan siyasi məhbuslar məsələsini önə çıxararaq aksiya keçiriblər.

Azərbaycanda artan həbslər: Hakimiyyət Qarabağdan sonra yaranacaq siyasi fəallıqdan ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:07:00 0:00

İyunun 14-də Bonnda danışıqlarının keçirildiyi məkanın girişində gerçəkləşən aksiyada "Human Rights Watch"un ətraf mühit məsələləri üzrə nümayəndəsi Mirto Tilianaki "İnsan Haqları Evləri" şəbəkəsinin üzvü, bu il aprelin 29-da həbs edilən Anar Məmmədlinin məsələsini gündəmə gətirib. (qaçaqmalçılıqda günühlandırılan hüquq müdafiəçisi ittihamı qurama sayır) A.Məmmədli "Ədalət İqlimi" təşəbbüsünün təsisçisidir. Təşəbbüsün məqsədi COP29-dan Azərbaycanda ekoloji ədalətə nail olmaq üçün istifadə etməkdir.

"Hökumətin atamı qanunsuz həbs etməsinə…"

İbad Bayramov isə atası, London İqtisadiyyat Məktəbinin tədqiqatçısı və vətəndaş haqları fəalı Qubad İbadoğlunun azad edilməsi üçün kampaniya aparır. (Saxta pul saxlamaq və başqa qanunsuz əməllərdə ittiham edilən iqtisadçı da ona ittihamları qəbul etmir) Ötən yay həbs olunan, səhhəti pisləşən və həbsdə saxlandığı zaman tibbi yardım almadığı iddia edilən Qubad İbadoğlu aprelin 22-də ev dustaqlığına buraxılıb.

Bayramov deyir: "COP29 hökumətin atamı qanunsuz həbs etməsinə dünya səhnəsində legitimlik qazandırır. Atamın səhhəti son dərəcə pisləşdiyi halda, Qərb hökumətlərinin təmsilçiləri hər həftə COP29-la bağlı azərbaycanlı həmkarları ilə görüşməyə davam edirlər. Atam kimi şəxslərin etirazlara görə həbs edilərək işgəncəyə məruz qoyulduğu ölkədə iqlim dəyişikliyi ilə bağlı əhəmiyyətli irəliləyişə nail olmaq mümkün deyil".

Pol Polman
Pol Polman

"İnsan haqlarının gündəlikdə olmaması dəhşətlidir"

"Unilever" şirkətinin keçmiş icraçı direktoru, iqlim və insan haqları üzrə kampaniya aparan Pol Polman Azərbaycanda məhbuslara qarşı rəftardan ciddi narahat olduğunu, beynəlxalq ictimaiyyətin COP29-dan bu məsələlər barədə danışmaq üçün yararlanmasını lazım bilir. "Ümid edirəm COP29-dan açılış kimi istifadə ediləcək. Ancaq insan haqlarının gündəlikdə olmaması dəhşətlidir", - o deyir. Onun sözlərinə görə, COP29-dan sonra Azərbaycanla bağlı bu məsələnin gündəmə gətirilməsi üçün belə bir imkan olmayacaq.

Azərbaycan rəsmiləri isə tənqidləri qəbul etmirlər. Onlar deyirlər ki, ölkədə heç kim siyasi düşüncələrinə və fəaliyyətinə görə təqib edilmir. Rəsmilərin vurğulamasına görə, qanunsuz fəaliyyətlərdə şübhəli bilinən şəxsin həbsi müvafiq qanunlar əsasında araşdırma və ədalətli məhkəmə ilə həll olunur. "Cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad olunması üçün Azərbaycana çağırışlar hüquqi prosedurlar ilə açıq ziddiyyət təşkil edir", - Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

Artıq ard-arda üçüncü ildir COP-un avtoritar liderlərin idarə etdiyi və insan haqları ilə bağlı durumun acınacaqlı sayıldığı ölkələrdə keçirildiyi bildirilir. COP28 ötən il Birləşmiş Ərəb Əmirliklərində, Dubayda, COP27 isə 2022-ci ildə Misirdə keçirilmişdi.

"Bonndakı hazırlıq görüşünə qatılan hökumətlər…"

COP – "conference of the parties" (tərəflərin konfransı) ifadəsinin abreviaturasıdır. 1992-ci ildə imzalanan UNFCCC isə Paris iqlim sazişinin sələfi sayılır. BMT COP-un keçirildiyi iki həftə ərzində etirazçıların ifadə azadlığına təminat versə də, onun ev sahibinin tədbirin keçirildiyi ərazidən kənardakı davranışına təsir imkanları azdır.

"Bonndakı hazırlıq görüşünə qatılan hökumətlər Azərbaycanı vətəndaş cəmiyyəti təmsilçilərinin repressiyasına görə qınamalı və güclü iqlim qərarlarını zəiflətməklə bağlı hər hansı cəhdlərə qarşı çıxacaqlarını aydın bildirməlidirlər", - Tilianaki deyir.

XS
SM
MD
LG