Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 17:40

COVID-19 dünyada xəstə sayını artırır – araşdırma


COVID-19
COVID-19

Son iki ildə tibb işçilərinin sayında da azalma baş verib, ya işdən gediblər, ya da pandemiya ilə mübarizədə həyatlarını itiriblər

Covid-19-un ürək və beyin xəstələrinə potensial təsiri bütün dünyada səhiyyə sistemlərinə çətinliklər yaradır. “The Financial Times” qəzeti bu haqda araşdırmalardan yazır.

Britaniyada həkim Deyvid Streyn 64 yaşlı xəstəni altı ay öncə Covid-19-dan müalicə edib, indi isə o, iflic, demensiyanın əlaməti olan yaddaşsızlıqdan əziyyət çəkir. “Xəstəni tanıdım, onun beyninin dramatik şəkildə yaşlandığını anladım”, – həkim danışır.

Beyində kiçilmə

Bu yaxınlarda yayılmış araşdırma koronavirusdan sağalmış 51-81 yaşlı 400-dək şəxsin beyində ciddi kiçilmə aşkarlamışdı.

“Financial Times” Britaniyanın Milli Səhiyyə Xidmətinin dünyada ən zənginlərdən olan datasının təhlilini aparıb. Üzə çıxan odur ki, pandemiya başlayandan ürək xəstəliyindən ölənlərin sayında ciddi artım var, ancaq bu ən yaşlı qrupları əhatələyir. 40-64 yaş qrupunda isə 2021-ci ildə ürək tutmasından ölüm 2019-cu illə müqayisədə 15 faiz artıb.

Ürək-damar xəstəlikləri

ABŞ-da fevralda aparılmış təhlilə görə, hətta Covid-i ağır keçirməyənlər belə azı bir il sonra ürək-damar xəstəlikləri riskilə üzləşirlər.

Tədqiqatçılar bir sıra xəstəlik göstəricilərinin, o cümlədən ürək çatışmazlığı və iflicin Covid-dən sağalanlarda daha yüksək olduğunu aşkarlayıblar.

Bəzi tədqiqatçılar məhdud data əsasında geniş nəticələr əldə etmək üçün çox tez olduğunu deyirlər. Sietldə yerləşən Səhiyyə Göstəriciləri və Dəyərləndirmə İnstitutunun direktoru Kristofer Murrey deyir ki, pandemiyanın birinci ilində yaşlılar arasında ölümlərin çoxu demensiya ilə əlaqələndirilirdi. Faktiki olaraq, bu ölümlərə diaqnoz qoyulmamış Covid də səbəb ola bilərdi.

Ancaq dəlillər artdıqca, bütün dünyada səhiyyə sistemlərinin liderləri əhali arasında xəstəlik yükünün artdığını anlayırlar, qəzet yazır.

Resursların azalması

Bu arada son iki ildə tibb işçilərinin sayında da azalma baş verib, ya işdən gediblər, ya da pandemiya ilə mübarizədə həyatlarını itiriblər.

Qəzet yazır ki, xəstəlik göstəricilərinin artması fonunda resursların azalması tibb peşəkarlarını tibbi xidmət üsullarına yenidən baxmağa vadar edir. Onlar profilaktik müalicəyə, birgə işə, xroniki xəstəlikləri idarə etmək üçün distant təbabətə və əhalinin sağlamlığının yaxşılaşdırılmasına fokuslanırlar.

Əslində bu dəyişikliklər pandemiya başlamazdan öncə də nəzərdən keçirilirdi, özəlliklə də əhalisi yaşlanmaqda olan ölkələrdə. Ancaq böhran onların icrasını daha da sürətləndirib.

Son iki il yarımda dünyada koronavirusa 600 milyondan çox yoluxma qeydə alınıb, 6 milyon yarıma yaxın xəstə dünyasını dəyişib. Dünyada Covid-19-a qarşı 12 milyard dozadan artıq vaksin vurulub.

XS
SM
MD
LG