Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:56

Kovidin beyinə təsiri. Demensiya xəstələrinin sayı artacaq


Şimali Koreya
Şimali Koreya

Alimlər koronavirusa yoluxanlarda yoluxmamış şəxslərə nisbətən ümumi beyin kiçilməsi müşahidə ediblər

Alimlər Covid-19-un nevroloji təsirlərini, simptomların nə dərəcədə qalıcı olub-olmadığını araşdırır. Kembric Universitetinin London İmperial Kolleci ilə birgə araşdırmasına görə, ağır keçmiş Covid-19-un koqnitiv qabiliyyətə təsirini insanda 50-70 yaş arası geriləmə ilə müqayisə etmək olar. Bu haqda “Financial Times” qəzeti yazır.

Tədqiqatçılar pozuntunun hətta intellekt əmsalında (IQ) 10 vahid azalmaya bərabər olduğunu deyirlər.

Demensiya

Demensiya assosiasiyaları federasiyası sentyabrda bildirmişdi, koronavirusun degenerativ effekti “demensiya pandemiyası”nı gücləndirəcək. Dünya Səhiyyə Təşkilatının hesablamasına görə, hazırda dünyada 55 milyon demensiya xəstəsi varsa, 2030-cu iləcən, yaşlı nəsil daha da yaşlandıqca onların sayı 80 milyona çatacaq.

Oksford universitetinin tədqiqatçıları Covid-19-u yüngül keçirən şəxslərdə beyinin iybilməylə bağlı hissələrində toxumanın zədələnməsi və sıxılma qeydə alıblar. Tədqiqatçılar dünyanın ən böyük biomedik databazalarından olan Britaniyanın Biobank-ından 800-cən beyin müayinəsini araşdırıblar. Alimlər koronavirusa yoluxanlarda yoluxmamış şəxslərə nisbətən ümumi beyin kiçilməsi müşahidə ediblər.

İybilmə, zehni yorğunluq

Pandemiyanın ilk günlərində qeydə alınan iybilmə hissinin itməsinə iybilmə sinirinin zədələnməsi səbəb ola bilər, “JAMA Neurology” tibb dərgisində ötən ay dərc edilmiş araşdırmada belə bir qənaətə gəlinib.

“JAMA Neurology”nin baş redaktoru və Kaliforniya Universitetində nevrologiya şöbəsinin rəhbəri Endrü Cozefson deyir ki, Covid-i yüngül keçirənlərin zehni yorğunluq simptomları da beyinlə əlaqəli ola bilər. “Beyində bununla bağlı ola biləcək dəyişiklikləri göstərən daha çox araşdırmalar görürük”, – o vurğulayıb.

Pandemiya dövründə “uzunmüddətli Covid” də diqqət çəkib. Belə ki, bir çox insanlarda yaddaş, dil, konsentrasiya pozğunluqları yaşanıb. Covid-19 diaqnozu qoyulandan sonra 12 həftə, yaxud daha çox çəkəm simptomların 100 milyondan çox insana təsir göstərdiyi düşünülür.

Boz maddənin bir hissəsi itsə də...

Yale Tibb Məktəbinin nevrologiya professoru Serena Spudiç isə deyib ki, beyindəki dəyişikliklərin nə qədərinin Covid-lə əlaqəli olması, yaxud onların əhəmiyyəti aydın deyil. “İnsanlar boz maddənin bir hissəsini itirə bilərlər, amma bu, həyati əhəmiyyətli olmaya bilər”, – o vurğulayıb.

Hazırda Covid-19-la demensiya arasında əlaqə üzrə tədqiqatlar ilkin mərhələdədir. Alimlərin fikrincə, nəzəri baxımdan, bu xəstəliyin beyinə təsiri digər viruslarla eyni ola bilər.

2019-cu ilin sonunda ilk dəfə Çində aşkarlanan Covid-19 dünyada 6 milyon 200 mindən çox insanın həyatına son qoyub. Ümumi yoluxma sayı 520 milyondan artıqdır. Dünya Səhiyyə Təşkilatı isə bu yaxınlarda bildirdi ki, pandemiya dünyada 15 milyonadək əlavə ölümə səbəb olub. Buraya həm Covid-19-dan ölənlər, həm də böhranla əlaqəli digər səbəblərdən, məsələn, tibbi xidmətin çatışmazlığından vəfat edənlər daxildir.

Azərbaycanda indiyədək koronavirusdan 9 min 700-dən çox ölüm və 792 mindən çox yoluxma təsdiqlənib.

XS
SM
MD
LG