Bu ilin yanvarında «Dəmirçi Plaza»da – «İraq Hava Yolları» şirkətinin Bakıdakı nümayəndəliyində baş vermiş qətllə bağlı məhkəmə başlayıb. Qətli törətməkdə təqsirləndirilən Elşən Bəşirovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Elşən Bəşirov şirkətin sürücüsü olub, qətlə yetirilən Əli Ağalı isə satış üzrə menecer.
Avqustun 15-də məhkəmədə prokuror ittiham aktını elan edib. İttihamda yazılıb ki, Elşən Bəşirov idarə etdiyi maşınla Əli Ağalı və şirkətin Natiq adlı daha bir işçisi ilə birlikdə hava limanına gedib-gələndə aralarında mübahisə yaranıb. Bəşirov evə qayıdıb «Cobalt» markalı tüfəngi götürərək, gəlib şirkətdə Əli Ağalını güllələyib.
«XƏBƏRDARLIQ ELƏDİM, XEYRİ OLMADI»
Elşən Bəşirov özünü qismən təqsirli bilsə də, ittihamda yazılanlarla razılaşmır. Deyir ki, şirkətin menecerini əvvəlcədən öldürmək niyyəti olmayıb, tüfəngi də evdən o məqsədlə götürməyib. Həftə sonları atıcılığa getdiyi üçün həmin gün təsadüfən tüfəngi də götürüb maşınına qoyub.
Məhkəmədə ifadə verən Elşən Bəşirov hadisənin təfərrüatları haqda bunları danışıb:
«Məni dostum Eminağa ora işə düzəltmişdi. Şirkətin rəhbəri ərəbdi, Eminağa da onun tərcüməçisi idi. Əli Ağalı Eminağa ilə yola getmirdi, mənim yanımda dəfələrlə onun arxasınca danışırdı, təhqir edirdi. Eminağanın şirkətin rəhbəri ilə münasibətləri çox yaxşı idi. Mən də dostum haqqında dediklərinə dəfələrlə etiraz eləmişdim, buna görə mübahisələrimiz olmuşdu. Axırıncı dəfə hava limanından gələndə belə mübahisə oldu. Xəbərdarlıq elədim, xeyri olmadı. Dözmədim, qapını açdım, Əli Ağalını da, Natiqi də maşından düşürtdüm. Maşına minib sürmək istəyəndə Əli qapını açıb məni vurdu. Aşağı düşdüm, əlbəyaxa olduq. Natiq də sağ qolumu tutub burdu. Sonra rəhbərlik bu söhbəti bildi və məni çağırıb danışdı. Dedim ki, mən işdən çıxa bilərəm. Dedilər ki, yox, sabah gəl, onların da iştirakı ilə söhbət edək».
«HEÇ BİLMƏDİM Kİ, KİMƏ DƏYDİ»
Elşən Bəşirovun sözlərinə görə, ertəsi gün ofisə gedib, maaşını alıb işdən çıxmaq istəyib. Amma həmin gün yenə mübahisə yaranıb:
«Müdir gec gəldi, oturub gözlədim. Əli otağa girdi. Məni təhqir eləməyə başladı. Bir gün əvvəlki söhbəti davam etdirdi. Sinəmdən tutub otaqdan çıxarmaq istədi, çıxmadım. Şirkətdən işçilər «papka» almağı tapşırdılar. Aşağı düşəndə maşından silahı götürüb qalxıb vurdum. Doğrusu, həmin vaxt kimə dəydiyini də bilmirdim...».
Bəşirovun atdığı güllələrdən biri də şirkətin başqa əməkdaşına dəyib.
«BƏLKƏ ÖMÜRLÜK CƏZADAN TƏSKİNLİK TAPARAM»
Zərərçəkmiş qismində ifadə verən Əli Ağalının atası Xalid Ağayev təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilməsini istəyib. Deyib ki, oğlunun deyilən səbəbdən öldürüldüyünə də inanmır:
«Mənim övladımın dilindən söyüş çıxmazdı. Bu işdə başqa səbəb var. Çünki bunun dediyi səbəbə görə adam öldürməzlər. Düzdür, bunu tikə-tikə eləsələr də, oğlum qayıtmayacaq. Amma layiqli cəzasını alsın ki, hirsimiz az da olsa, soyusun. Məni dəhşətə gətirən odur ki, dörd güllə uzaqdan atandan sonra ikisini də gəlib başından vurub. Məsciddə yuyanlar danışırdı ki, övladımın başında heç nə qalmayıb, güllələr dağıdıb. Bəlkə ömürlük cəzadan bir az təskinlik taparam».
Məhkəmə davam edir.