Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:43

Deputata atəş açan şəxs danışdı: 'Fazil Mustafaya görə kimdənsə pul almaq lazım deyildi'


Azər Səricanov
Azər Səricanov

Milli Məclisin üzvü Fazil Mustafanı güllələməkdə ittiham edilən Səbuhi Şirinov məhkəmədə dindirilərkən bu hadisəni törətdiyini etiraf edib. O, martın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

S.Şirinov deputata sui-qəsddə, dövlətə xəyanətdə, qanunsuz silah saxlama və s. əməllərdə ittiham olunan daha 4 nəfərlə birlikdə mühakimə edilir. Bu hadisəyə görə hazırda məhkəmə önündə cavab verən digər 4 nəfər - Azər Səricanov, Elşad Əsgərov, Emin ƏliyarovRəşad Əhmədovdur.

Cinayət işində iddia edilir ki, F.Mustafanın dini mövzuda səsləndirdiyi fikirlərlə əlaqədar ona sui-qəsd planı İranın Rey şəhərində müzakirə olunub. Həmin planın icrası üçün tapşırıq verilib və təqsirləndirilən şəxslərdən Rəşad Əhmədov vasitəsilə 30 min dollar pul göndərilib. O da həmin pulu təqsirləndirilən A. Səricanova çatdırıb. Ardınca sonuncu da pulun bir hissəsini hadisədən sonra Səbuhi Şirinova verib.

“Mənə borç kimi vermişdi ki…”

S.Şirinov deputata sui-qəsdə görə pul alması barədə ittihamı təkzib edir. O, A.Səricanova pul verdiyini təsdiqləyir, amma bunun hadisə ilə bağlı olmadığını iddia edir:

“Mənə borc kimi vermişdi ki, evimi təmir eləyim. Həbs olunanda, heç onu xərcləməmişdim. Mənə Fazil Mustafaya görə kimdənsə pul almaq lazım deyildi”.

O, F.Mustafanı avtomatla vurmasını isə deputatın dini mövzuda səsləndirdiyi fikirlərlə əlaqələndirib. Onun sözlərinə görə, F.Mustafanın söylədiyi fikirlər onların dini inancına toxunduğundan, bu üzdən onu cəzalandırmaq qərarına gəliblər.

S.Şirinov məhkəmədə danışıb ki, öncə millət vəkilinin evinin ətrafında müşahidə aparıb, birinci dəfə yanında uşaq olduğuna görə ona yaxınlaşmayıb. Dediyinə görə, öncə onu bıçaqla yaralamaq niyyəti olub, amma sonradan fikrindən daşınıb.

Xüsusi təyinatlı qüvvələrdə kəşfiyyatçı kimi xidmət etdiyini deyir

O, hadisə günündən danışarkən bildirib ki, deputata təxminən 20-25 metr məsafədən atəş açıb. Güllə atışını avtomat rejimə qoyduğundan, həmin vaxt neçə dəfə atəş açıldığını bilməyib. Sonradan ona deyiblər ki, 7 güllə atılıb.

Xüsusi təyinatlı qüvvələrdə kəşfiyyatçı kimi xidmət etdiyini, aprel döyüşlərinin iştirakçısı olduğunu yada salan S.Şirinov deyir ki, sərrast güllə ata bilir. Sadəcə, F.Mustafanı öldürmək niyyəti olmadığından, ona ölümcül xəsarət yetirməyib:

“Yoxlamaq istəyirsinizsə, bura maket gətirin, necə nişan ala bildiyimi görün. Onu öldürmək fikrim olsaydı, alnından vurardım. Bu adam yaydığı fikirlərlə təxribat yaradırdı, bunu görmürdülər? Dövlət belə şeylərin qarşısını almalıdır. Almayanda, alanlar ortaya çıxır”.

O, əlavə edib ki, hadisədən bir müddət sonra A.Səricanovla birlikdə saxlanılıblar. Onları öncə Qaradağ rayon Polis İdarəsinə gətiriblər. S.Şirinov orada işgəncələrə məruz qaldığını deyir.

“Beş dəfə də Rusiyaya gedib-gəlmişəm, bunun məsələyə nə dəxli var?”

S.Şirinovu hadisə yerinə gətirib-aparmış təqsirləndirilən E.Əhmədov da məhkəmədə dindirilib. O bildirib ki, əvvəllər neft şirkətində çalışıb, son dövrlərdə isə taksi fəaliyyətilə məşğulmuş.

Elə S.Şirinovla da taksidə tanış olduqlarını deyir:

“Söhbətləşəndə gördük ki, Fazil Mustafanın dini fikirlərilə bağlı məsələdə də həmrəyik. Onun dini fikirləri bizim üçün təhqir idi. Bıçaq sümüyə dirəndi”.

E.Əhmədovun sözlərinə görə, 8 dəfə İrana gedib-gəlməyini ona qarşı ittihamın sübutu kimi təqdim edirlər:

“Mən 5 dəfə də Rusiyaya gedib-gəlmişəm, bunun məsələyə nə dəxli var?”.

O, hadisə günü S.Şirinovu olay yerinə aparıb-gətirdiyini məhkəmədə təsdiqləyib. Əməlinə görə cəza çəkməyə hazır olduğunu da əlavə edib.

“Nə olduğunu soruşmadım...”

İttihama görə, deputata sui-qəsddə istifadə olunan odlu silah təqsirləndirilən şəxslərdən E.Əliyarovun evindən çıxıb. O, digər təqsirləndirilən A.Səricanovun 20 illik dostudur.

E.Əliyarov dostunun onun evinə çantada bağlama gətirib gizlətdiyini təsdiqləsə də deyir ki, bağlamanın içində silah olduğunu bilməyib:

“Nə olduğunu soruşmadım, özü də demədi. Ancaq onu dedi ki, “sizdə qalsın”. Bir də evimizə polis gəlib silahı götürəndə bilmişəm ki, silah imiş. Amma həmin gün Azər narahat idi, səbəbini soruşanda cavab verdi ki, Fazil Mustafa hadisəsini biz eləmişik...”

F.Mustafa bu iş üzrə zərərçəkmiş qismində tanınsa da, məhkəmə iclaslarına qatılmır. Təqsirləndirilən şəxslər və onların vəkilləri onun məhkəmədə iştirakını tələb edir, ona sualları olduğunu deyirlər.

Hakim bildirib ki, növbəti məhkəmə iclasına da F.Mustafa dəvət olunacaq. Əgər gəlməsə, onun məcburi gətirilməsi məsələsi müzakirə oluna bilər.

Bu hadisə ilə bağlı növbəti məhkəmə iclası martın 15-də keçiriləcək.

Xatırlatma

Milli Məclisin deputatı Fazil Mustafa ötən il martın 28-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib. Deputat çiyin və bud nahiyəsindən yaralanıb.

Təqsirləndirilən şəxslərə qarşı dövlətə xəyanət, terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd də daxil, bir sıra ağır ittihamlar irəli sürülüb. İttiham maddələrində 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG