Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:44

Deputata yaxın insanların saxlandığı deyilir


Deputat İ.Məmmədov
Deputat İ.Məmmədov

Lerik rayonunda yerləşən «Relax» istirahət mərkəzində yoxlamalara başlandığı bildirilir.

APA-nın xəbərinə görə, yoxlamalar Vergilər Nazirliyi və prokurorluq əməkdaşlarının iştirakı ilə aparılır.

İstirahət mərkəzinin öz fəaliyyətini davam etdirdiyi bildirilir.

Saytın bundan öncə yaydığı məlumatda isə «Relax» istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfərin tutulduğu qeyd edilirdi. Həmin məlumata görə, avqustun 18-də «Relax» istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. «Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb».

Xəbərdə habelə vurğulanırdı ki, Vergilər, Daxili İşlər nazirlikləri və prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla, 6 nəfər tutulub.

Ancaq bütün bu məlumatlara, hələlik, deputat İ.Məmmədovun və ya saxlandığı bildirilən şəxslərin yaxınlarının münasibətini almaq mümkün olmayıb.

“Relaks”dakı həbslərlə bağlı rəsmi açıqlama

Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzi ətrafında yaşananlarla bağlı Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar.

Məlumatda bildirilir ki, son dövrlər vergi yoxlamalarının ümumi sayının azalmasına baxmayaraq, Vergilər Nazirliyi vergidənyayınma ehtimalı yüksək olan hallarda nəzarət tədbirləri həyata keçirir:

“Növbəti belə tədbirin Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzində cari il avqustun 16-da keçirilməsi planlaşdırılıb. Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub”

Birgə məlumatda vurğulanıb ki,sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat vergi ödənilib:

“Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstəriblər”.

Rəsmi açıqlamaya görə, avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib: “ ... Vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib”

Məlumatda qeyd edilir ki, hadisə yerinə Lerik rayon Polis Şöbəsinin əməkdaşları və rayon İcra Hakimiyyəti nümayəndələri gəliblər:

“... İstirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirmiş, bundan başqa Vergilər Nazirliyinin xidməti... nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər...”

Birgə açıqlamada daha sonra saxlananlar barədə də qeydlər yer alır. Məlumatda bildirilir ki, iş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Mirhəmid Nərimanlı, OrxanNərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rahim Şahverdiyev və Amir Nağızadə həbs ediliblər.

Onlar Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.

“Hazırda “Relaks” istirahət və turizm mərkəzində bütün obyektlər normal fəaliyyət göstərir, qonaqlar rahat şəkildə istirahət edir, eyni zamanda vergi nəzarəti tədbirləri adi rejimdə aparılır”,açıqlamada qeyd edilir.

Mirhəmid Nərimanlının deputat İqbal Məmmədovun oğlu olduğu bildirilir. Rəsmi açıqlamaya deputatdan və saxlananların başqa yaxınlarından, hələlik, münasibət almaq mümkün olmayıb.

Amma Report agentliyinin məlumatına görə, deputatı İqbal Məmmədov “Relaks” istirahət və turizm mərkəzində baş verən insidentlə əlaqədar kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirib.

Xəbərə görə, deputat bildirib ki, həmin istirahət mərkəzinin təsisçisi və rəhbəri onun qardaşı oğlu Çingiz Nəriman oğlu Məmmədovdur:

“İstirahət mərkəzində baş vermiş insidentlə əlaqədar dərin təəssüf hissi keçirir və mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm. Mənə məzuniyyətdən qayıtdıqdan sonra bu barədə məlumat verdilər. Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalara köməklik məqsədilə yoxlama komissiyasına zəruri sənədlərin təqdim olunması təmin ediləcək. Ümid edirəm ki, qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq qərarlar qəbul ediləcək”.

XS
SM
MD
LG