Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:05

DİM cavab verir – niyə 700 bal yığan yoxdur?


DİM
DİM

AzadlıqRadiosu ali məktəblərə qəbul imtahanlarında bu ildən tətbiq edilən dəyişikliklər və imtahan sonrası nəticələrlə bağlı Dövlət İmtahan Mərkəzinin sözçüsü Xanlar Xanlarzadəyə müraciət edib.

- Bu il abituriyentlərin heç birinin 700 bal toplamamasının səbəbi nədir?

- Əvvəla onu qeyd edim ki, imtahanlar hələ başa çatmayıb. Abituriyentlər ikinci dəfə yaz qəbul imtahanı verə bilərlər. Bilirsiniz ki, bu ildən abituriyentlər ali məktəbə daxil olmaq üçün iki mərhələdə imtahan verməlidirlər: buraxılış imtahanları (qəbul imtahanlarının I mərhələsi) və ixtisas qrupları üzrə qəbul imtahanları (II mərhələ). Qəbul imtahanlarının II mərhələsini isə abituriyentlər iki dəfə verə bilərlər. Onlar artıq bir şanslarından istifadə ediblər. Hazırda ikinci imtahana qeydiyyat gedir. Hələlik, proses davam edir, abituriyentlərin 700 bal toplamaq şansları yenə də var. Buraxılış imtahanlarında maksimal bal toplayanlar var, onlar ikinci şanslarından istifadə edərək 400 bal toplaya bilərlər. Bundan əlavə, imtahanda iştirak edənlərin bilik səviyyələrini 700 bal toplayan uşaqların sayı ilə müəyyən etmək doğru deyil. 5 nəfərin, 10 nəfərin maksimal bal toplaması imtahan verənlərin səviyyəsi haqqında bizə nəsə demir. Nəzərə alın ki, imtahanda on minlərlə abituriyent iştirak edir. Müqayisə edərkən ümumi nəticələrə baxmaq lazımdır.

- Əvvəllər 700 balı toplayanlar az deyildi, bir ildə nə dəyişdi ki, hələlik, maksimal bal yığan yoxdur?

- Azərbaycanda 1992-ci ildən test sistemi ilə qəbul aparılsa da, ilk 700 bal toplayanlar 2007-ci ildə olub, cəmi 3 nəfəriydilər. Görün üzərindən neçə il keçəndən sonra 700 bal yığıblar. Bu ildənsə qəbul imtahanlarında yeni növ tapşırıqlardan da istifadə edilib, model dəyişib, açıq tipli tapşırıqlar verilib. Bunda məqsəd nədir, deyim. 2009-cu ildən Azərbaycanda orta ümumtəhsil müəssisələrində kurikulum əsasında tədrisə başlanıldı. Həmin vaxt birinci sinfə gedənlər bu il məzun olurlar. Orda əsas məsələlərdən biri şagirdlərdə müəyyən biliklərlə yanaşı, bacarıqların da formalaşdırılması idi, söhbət analiz etmək, təhlil etmək, düşünmək və digər qabiliyyətlərdən gedir. Bu bacarıqların dəyərləndirilməsi üçün də yeni növ tapşırıqlardan istifadə edilir. Abituriyent o tapşırıqları yazılı şəkildə cavablandırmalıdır. O bacarıqları nümayiş etdirməlidir. Amma bunu da demək lazımdır ki, 700 ballıq şkala üzrə götürəndə abituriyentlər təxminən 205 balı açıq tipli, yəni yazılı cavab vermək tələb olunan tapşırıqlardan, 495 balı isə ənənəvi qaydada olan tapşırıqlardan toplaya bilərlər. Burada da nisbət gözlənilib və açıq tipli tapşırıqların sayı əvvəlcədən nəzərə alınıb.

- Bəzi təhsil ekspertləri məhz bu tipli sualların qiymətləndirilməsində insan amilinin subyektivliyə, qüsura yol açacağını düşünürlər və bu işi kompüterlərin görməsini istəyirlər.

- Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanması müəllimlər, markerlər tərəfindən aparılır. Qapalı tipli tapşırıqlar isə optik oxuyucu, skaner vasitəsilə emal edilir. Burda obyektivliyin qorunub saxlanılması üçün DİM tərəfindən xüsusi proqram təminatı hazırlanıb. Uşaqların yazı işləri skanerdən keçirilir, yəni elektron təsvirləri əldə edilir, daha sonra tapşırıqlar kəsilir və DİM-in yaratdığı qapalı zallardakı kompüterlərə ötürülür. Müəllimin monitorunda işi yazan şagird haqqında məlumat olmur, hər şey kodlaşdırılır. O, yalnız cavabı görür. Və qiymətləndirmə meyarları da müəllimin monitorunda olur. Meyar dedikdə, tapşırıq hansı qaydada cavablandırılmalıdır, həmçinin ona veriləcək ballar nəzərdə tutulur. Qapalı tipli tapşırıqlar 0 və ya 1 balla qiymətləndirilir. Ancaq açıq tipli tapşırıqlarda 0 da, 0.5 bal da verilə bilər, daha çox da. Yəni uşaq tapşırığa müəyyən qədər cavab veribsə, onun əməyi itmir, o da hesablanır. Həmçinin, burada müəllim tapşırığa özündən qiymət vermir, qiymətləndirmə meyarlarına baxaraq, doğru cavabla şagirdin cavabını uyğunlaşdıraraq bal yazır. Bu tapşırıqları bir-birindən xəbərsiz iki müəllim yoxlayır.

- Məqsəd nədir? Deməli, subyektivlik şübhəsi qalır?

- Obyektivliyin tam qorunması üçün iki marker yoxlayır. Qiymətlər üst-üstə düşməlidir. Qiymətlər arasında uyğunsuzluq yaranarsa, proqram avtomatik olaraq həmin cavabı üçüncü müəllimə göndərir. Üçüncü müəllimin cavabı hansı müəllimin qiymətləndirməsinə yaxındırsa, o da əsas götürülür. Hər bir abituriyent də DİM-in saytında özünə məxsus səhifədə cavab vərəqini, sualları necə cavablandırdığını, müəllimin ona hansı qiyməti yazdığını görə bilər. Bunlar hamısı açıq şəkildə verilir.

- Açıq suallar və ya situasiya tipli test tapşırıqların ləğvini istəyənlər, ən pis halda təkmilləşdirilməsini tələb edənlər var. Əsaslandırmaları da bundan ibarətdir ki, nə şagirdlər, nə də müəllimlər buna hazırlıqlıdır, orta məktəblərdə buna uyğun dərs keçmirlər.

- DİM 2012-ci ildən orta məktəblərdə monitorinq imtahanları keçirir. Həmin imtahanlarda bu tipli suallardan istifadə edilib. Bu gün imtahanlarda iştirak edən abituriyentlər həmin tapşırıqlarla monitorinq imtahanlarında tanış olublar. Eyni zamanda, 2017-ci ildə IX sinfin buraxılış imtahanları da yeni qaydalar əsasında keçirilib. Həmçinin, yeni modelə uyğun bir neçə sınaq imtahanları aparılıb. DİM-in siniflər üzrə vəsaitləri də var. Burada kifayət qədər yeni növ tapşırıq nümunələri verilib. Yeni nəsə yoxdur, abituriyentlər uzun illərdir bu növ tapşırıqlarla işləyirlər.

- Qiymətləndirmə zamanı insan amilinin aradan qaldırılması, açıq sualların yığışdırılması tələblərinə baxıla bilərmi?

- Bütün bunlar Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə müzakirələri nəticəsində müəyyənləşdirilib. İşçi qrup üzərində işləyib. Eyni zamanda, bu dəyişikliklərin elmi əsasları var, qeyd elədiyimiz imtahanlara, onların nəticələrinə, tədqiqatlara əsaslanır. Dəyişiklik olsa belə, bu yenə də müəyyən tədqiqatlara əsaslanacaq.

- Qayğılananlar var ki, test sistemi ləğv oluna bilər. Buna əsas varmı?

- Qanunvericiliyin tələblərinə uyğun tələbə qəbulu aparılır. Açıq tipli tapşırıqlar da elə test suallarıdır. Qapalı və ya açıq test tapşırığının formalarıdır. Sabah hər hansı bir dəyişiklik ediləcəksə, bu da qaydalara, qanunvericiliyə söykənəcək.

Bu ildən ali məktəblərə qəbul imtahanları iki mərhələdə aparılır. Abituriyentlər buraxılış imtahanlarından maksimal olaraq 300, ixtisas qrupu üzrə imtahanlardan isə 400 bal toplaya bilərlər.

XS
SM
MD
LG