Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:56

Taliban Qəznini də ələ keçirir


Taliban silahlıları Qəznidə, 12 avqust, 2021-ci il
Taliban silahlıları Qəznidə, 12 avqust, 2021-ci il

Birləşmiş Ştatlar, Çin, Rusiya, Pakistan elçiləri Əfqanıstanda yenidən qızışmış münaqişəni danışıqlar yoluyla həll etməyə çalışırlar

Taliban silahlı qruplaşması Qəzni şəhərini ələ keçirib. Bu, son bir həftədə Əfqanıstanda Talibanın tutduğu 10-cu vilayət paytaxtıdır. Təhlükəsizlik qüvvələri isə şəhərdən qaçmış valini həbs ediblər.

Davud Lağmani avqustun 12-də Kabildə dindirilməyə saxlanıb.

Sosial mediada yayılan videolarda Qəzni tutulandan sonra Lağmaninin maşın karvanının Talibanın nəzarətində olan ərazilərdən Kabilə getdiyi görsənir. Bu isə liderlərin əraziləri Talibana müqavimətsiz verməsilə bağlı tənqidlərə səbəb olub.

Qəzni Kabildən 150 kilometr cənub-qərbdə yerləşir. Şəhər strateji əhəmiyyət daşıyır, paytaxtı cənubdakı silahlıların istehkamları ilə birləşdirən Kabil-Qəndəhar magistralının üstündə yerləşir.

Hazırda Taliban ölkə üzrə vilayət paytaxtlarının üçdə birinə nəzarət edir.

Ləşkər Gah, Qəndəhar, Qalai-Nov şəhərlərində də ağır döyüşlərin getdiyi bildirilir.

***

Avqustun 12-də Qətərdə Taliban silahlı qruplaşması və Əfqanıstanın hökumət təmsilçiləri arasında danışıqların üçüncü – sonuncu günüdür. Əfqanıstan boyunca davam edən hücum nəticəsində böyük ərazilər silahlıların nəzarətinə keçib.

Helmandın paytaxtının tutulduğu deyilir

Birləşmiş Ştatlar, Çin, Rusiya, Pakistan elçiləri Dohada danışıqlara qatılırlar. Onlar Əfqanıstanda yenidən qızışmış münaqişəni danışıqlar yoluyla həll etməyə çalışırlar.

Bu arada ölkənin şərqində daha bir vilayət paytaxtının – Qəzninin silahlıların nəzarətinə keçməsi haqda təsdiqlənməmiş məlumatlar gəlməkdədir.

Avqustun 12-də Talibanın cənubdakı Helmand vilayətinin paytaxtı Ləşkər Gahda polis qərargahını tutması haqda məlumatlar gəlir.

200 min nəfər əhalisi olan Ləşkər Gahda mühasirəyə alınmış hökumət qüvvələri silahlıları geri oturtmağa çalışırlar. Qəzninin tutulması təsdiqlənsə, ölkənin 34 vilayət paytaxtından 10-cusu Talibanın nəzarətinə keçmiş olacaq.

Baş qərargah rəisi vəzifədən çıxarılıb

Prezident Əşrəf Qani isə avqustun 11-də ordunun baş qərargah rəisini vəzifədən kənarlaşdırıb. O, xüsusi təyinatlılar, müttəfiq səhra komandirlərinin dəstələri, Amerikanın hava qüvvələrinin köməyilə silahlılara qarşı əkshücum təşkil etməyə çalışır.

General Hibatulla Alizay bu postda Vəli Əhmədzayı əvəzləyəcək.

Qani həmçinin Bəlx vilayətinin paytaxtı Məzari-Şərifə səfər edərək yerli müdafiə qüvvələrini səfərbər etməyə çalışıb.

Taliban hücuma mayın 1-dən, Birləşmiş Ştatlar və müttəfiqləri qoşunları ölkədən çıxarmağa başlayandan start verib. Bu ayın sonunacan xarici qüvvələrin Əfqanıstandan tam çıxarılacağı gözlənir.

Dövlət Departamentinin sözçüsü Ned Prays isə Dohadakı danışıqların “ağrılı şəkildə ləng” getdiyini bildirib. Onun sözlərinə görə, Taliban əfqandaxili danışıqlar öhdəliyi götürsə də “cəbhədə qələbə” çalmağa çalışır.

XS
SM
MD
LG