Xəbərlər
Üç hərbçini öldürməkdə şübhəli sayılan hərbçi həbs edilib

Yanvarın 2-də xidmət etdiyi sərhəd zastavasının üç hərbçisini güllələməkdə şübhəli bilinən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzli həbs olunub.
Baş Prokurorluqdan verilən məlumata görə, bu gün, yanvarın 4-də Cinayət Məcəlləsinin 120.2.7-ci (Qəsdən adam öldürmə, iki və daha çox şəxsi) maddəsi ittiham edilməklə, onun barəsində Füzuli Hərbi Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Rəsmi ittihama Elxan Əvəzli və onun yaxınlarından, hələlik, münasibət almaq mümkün olmayıb.
Əsgər saxlanıb
Qubadlıda üç hərbçi yoldaşını öldürüb qaçmaqda şübhəli sayılan şəxs saxlanıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Rəsmi açıqlamaya görə, Sərhəd Qoşunlarının müddətdən artıq hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzli yanvarın 2-də xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları -baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu qəsdən öldürüb, silahını ataraq qaçmaqda şübhəli sayılır: "Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 03 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb".
Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətlərinin davam etdiyi bildirilir.
Rəsmi açıqlamaya, hələlik, saxlanan əsgərin və ya onun yaxınlarının münasibətini almaq mümkün olmayıb.
Bir hərbçi üç hərbçini qətlə yetirib (Rəsmi)
Yanvarın 2-də Dövlət Sərhəd Xidməti, Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində bir hərbi qulluqçunun 3 hərbçini qətlə yetirdiyi barədə məlumat yayıb.
Məlumatında iddia olunur ki, hadisəni Elxan Əvəzli adlı kiçik çavuş törədib.
"02 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amin Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirmişdir. Bundan sonra baş çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçmışdır".
Məlumatda qətl törətməkdə iddia olunan həmin hərbçinin axtarışı ilə bağlı tədbirlərin davam etdirildiyi vurğulanır.
Həmçinin qeyd olunur ki, Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Hələki 3 hərbçinin qətlində ittiham olunan kiçik çavuş Elxan Əvəzlinin yaxınlarından bu hadisəyə münasibət öyrənmək mümkün olmayıb.
Bütün xəbərləri izləyin
Britaniya Rusiya ilə bağlı Kərimov, Qarayev, Mədətli, Səfərov və Eyyubluya sanksiyalar qoyub

Böyük Britaniya mayın 9-da Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edib. Britaniyanın yeni sanksiyaları Rusiyanın "kölgə donanması"nın 100-ə yaxın neft tankerini hədəf alıb. Bu sanksiyalar paketi çərçivəsində həmçinin "2Rivers Group" kimi tanınan neft ticarəti şirkəti "Coral Energy Group"un azərbaycanlı bir neçə direktorunun aktivləri də dondurulub.
Britaniya hökuməti sanksiyalar haqqında açıqladığı bildirişdə Əhməd Kərimov, Tahir Qarayev, Anar Mədətli, Tələt Səfərov və Etibar Eyyubun adları çəkilib və bildirilib ki, onlar "Coral Energy Group"un direktorları kimi fəaliyyət göstərərək "Rusiya hökumətindən fayda əldə etməkdə və ya onu dəstəkləməkdə iştirak ediblər".
"Coral Energy Group"un idarəçiliyi 2024-cü ildə T.Səfərov, Ə.Kərimov və A.Mədətli tərəfindən satın alınaraq "2Rivers Group" adı altında yenidən brend edilib.
"Coral Energy Group" 2010-cu ildə azərbaycanlı T.Qarayev tərəfindən təsis edilib. Şirkətin Dubay və Sinqapurda ofisləri olub.
Qeyd olunub ki, "Coral Energy Group" Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən enerji sektorunda fəaliyyət göstərirdi.
Böyük Britaniya "2Rivers Group"a ilk dəfə 2024-cü ilin dekabrında sanksiyalar tətbiq edib.
Məhkəmə Jerar Depardyeni cinsi qısnamada təqsirli bilib

Mayın 13-də Paris məhkəməsi fransız aktyor Jerar Depardyeyə 18 ay şərti həbs cəzası verib. Aktyor 2021-ci ildə film çəkilişi zamanı iki qadına qarşı seksual xarakterli qeyri-etik fiziki davranışda təqsirli bilinib. Belə ki, 76 yaşlı aktyor "Les Volets Verts" filminin çəkilişi zamanı 54 yaşlı səhnə quruluşçusuna və 34 yaşlı köməkçisinə toxunmaqda günahlandırılıb. O, ittihamları rədd edir.
"Le Figaro" xəbər verir ki, ittiham tərəfi həmçinin tələb edib ki, məhkəmə Depardyeni psixoloji yardım almağa, qurbanlara təzminat ödəməyə məcbur etməlidir. Eyni zamanda tələb olunub ki, aktyorun adı Fransanın seksual cinayətlər reyestrinə daxil edilməlidir.
Depardye ümumilikdə təxminən 20 qadına oxşar davranışda ittiham olunsa da, bu, aktyora qarşı məhkəməyə gətirilən ilk işdir. O, həmçinin aktrisa Şarlotta Arnuya təcavüzdə də ittiham olunur.
Fransa, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya vətəndaşlığı olan 76 yaşlı aktyor bugünkü məhkəmədə iştirak etməyib. Onun vəkili hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib. Depardyenin ifadəsində deyilirdi ki, onun davranışı çox vaxt "rus təbiəti"nə görə qəddar kimi qəbul edilir, lakin o, zorakılıq törətmək və ya başqalarına sataşmaq niyyətində olmayıb.
Azərbaycan sənayesində geriləmə davam edir
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 21 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2.2 faiz az sənaye məhsulu istehsal edilib.
Bu barədə bu gün, mayın 13-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Məlumatda bildirilir ki, neft-qaz sektorunda məhsul istehsalı 3.4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5.3 faiz artıb.
Bu, Azərbaycanda sənaye istehsalının azalmasının davam etdiyini göstərir. Bu ilin iki ayında azalma 1.9 faiz açıqlanmışdı.
İqtisadçılar sənayedə geriləməni ölkədə neft hasilatının azalması ilə izah edirlər.
DSK-nın məlumatına görə, bu ilin üç ayında Ümumi Daxili Məhsul ( ÜDM) isə 0.9 faiz artıb. Açıqlamaya görə, 2025-ci ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 305.8 milyon manatlıq məhsul istehsal olunub.
DSK əlavə edir ki, 2025-ci ilin yanvar-aprel aylarında əsas kapitala 5 milyard 69.3 milyon manat, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.6 faiz az investisiya yönəldilib. Bu da neft-qaz sektoruna qoyulan investisiyanin azalması ilə izah edilir.
BMT qurumu Ukrayna üzərində 'Boeing' qəzasında Rusiyanı günahlandırır

Mayın 12-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Aviasiya Şurası ümumilikdə 298 sərnişin və ekipaj üzvünün ölümünə səbəb olan Malayziyaya məxsus sərnişin təyyarəsinin Ukrayna səmasında vurulmasına görə Rusiyanın məsuliyyət daşıdığını müəyyən edib.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası 2014-cü il iyulun 17-də "Malayziya Hava Yolları"na məxsus MH17 reysinin vurulması ilə bağlı Rusiyanın beynəlxalq hava hüququ üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirib.
Şura Avstraliya və Niderlandın təyyarənin vurulması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına təqdim etdiyi iddiaların 'həm fakt, həm də hüquq baxımından əsaslandırılmış' olduğu qənaətinə gəlib
ICAO əlavə edib ki, şura öz tarixində ilk dəfədir ki, üzv dövlətlər arasında mübahisənin mahiyyəti üzrə qərar qəbul edib.
"Malayziya Hava Yolları"na məxsus MH17 reysi Amsterdamdan Kuala-Lumpura uçarkən Rusiyapərəst separatçılarla Ukrayna qüvvələri arasında döyüşlərin getdiyi vaxtda Ukraynanın şərqində raket ilə vurulub. Ölənlər arasında 196 Niderland vətəndaşı və 38 Avstraliya vətəndaşı olub.
Niderlandlı hakimlər 2022-ci ilin noyabrında iki rusiyalı və bir ukraynalını təyyarənin vurulmasında roluna görə qiyabi şəkildə təqsirli biliblər. Moskva bu hökmü "skandal" adlandırıb və vətəndaşlarını ekstradisiya etməyəcəyini bildirib.
Niderlandın xarici işlər naziri Kaspar Veldkamp deyib ki, "ICAO Şurasının səsverməsi MH17 reysinin bütün qurbanları, onların ailələri və yaxınları üçün həqiqətin bərqərar edilməsi və ədalətin əldə edilməsi istiqamətində əhəmiyyətli addımdır".
Veldkamp Niderland hökumətinin bəyanatında bildirib ki, bu qərar eyni zamanda beynəlxalq ictimaiyyətə aydın bir mesaj verir: dövlətlər beynəlxalq hüququ cəzasız şəkildə poza bilməzlər.
Avstraliyanın xarici işlər naziri Penni Vonq deyib ki, onun ölkəsi bu qərarı alqışlayır. Nazir sözügedən qərarı "həqiqət, ədalət və MH17 reysi qurbanları üçün məsuliyyətin təmin olunması yolunda tarixi bir an" adlandırıb və ICAO-nu tez bir zamanda kompensasiya mexanizmlərini müəyyən etməyə çağırıb.
"Qərarı qəbul edərkən ICAO Şurası silahların mülki təyyarələrə qarşı istifadə edilməməsi prinsipini dəstəkləyib", - nazir bildirib.
"Biz Rusiyanı bu dəhşətli zorakılıq aktına görə, nəhayət, öz məsuliyyəti ilə üzləşməyə və beynəlxalq hüquq çərçivəsində tələb olunduğu kimi kobud davranışına görə təzminat ödəməyə çağırırıq", - o əlavə edib.
Niderland hökuməti bəyanatında bildirib ki, ICAO yaxın həftələrdə hansı növ təzminatın uyğun olacağını nəzərdən keçirəcək.
XİN rəhbəri Veldkamp bildirib ki, Niderland və Avstraliya ICAO Şurasından Rusiyanı təzminatlarla bağlı danışıqlara başlamağa çağırmağı istəyir.
BMT-nin bir orqanı olan ICAO-nun 193 üzvü var. Bu beynəlxalq qurum ölkələrin Beynəlxalq Mülki Aviasiya Konvensiyasını pozub-pozmadığını müəyyən edir. Konvensiya üzv dövlətlərin mülki təyyarələrə qarşı silah istifadə etməkdən çəkinmələrini tələb edir.
Niderland hökumətinin bəyanatına görə, Şuranın böyük əksəriyyəti 12 mayda qəbul olunan qərarda Niderland və Avstraliyanın mövqeyini dəstəkləyib.
Tramp İstanbulda Rusiya-Ukrayna görüşündə iştirak edə bilər

ABŞ prezidenti Donald Tramp mayın 12-də bildirib ki, onun danışıqlarda iştirakı faydalı olarsa, Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlarda iştirak edə bilər.
Prezident Tramp mayın 12-də ikinci prezidentlik müddətində ilk beynəlxalq səfərinə yola düşüb. Bu səfər proqramı çərçivəsində o, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini ziyarət edəcək. ABŞ prezidentinin sözlərinə görə, o, mayın 15-də Rusiya və Kiyev nümayəndələri arasında danışıqların keçiriləcəyi İstanbula səfər etmək imkanını nəzərdən keçirir: "O anda harada olacağımı bilmirəm, Yaxın Şərqin hansısa bir yerində. Amma (mənim səfərimin) kömək edəcəyini düşünsəm, ora uçacağam".
Ukrayna prezidenti Volodimir Zelenski bu danışıqlarda iştirak edəcəyini açıqlayıb və rusiyalı həmkarı Vladimir Putini İstanbulda onunla görüşməyə çağırıb.
Prezident Trampın sözlərinə görə o, görüşdə Rusiya və Ukrayna prezidentlərinin iştirakını və 30 günlük atəşkəsə razılaşacaqlarını gözləyir.
"Məndə belə bir hiss var", - prezident jurnalistlərlə söhbəti zamanı deyib.
Mayın 10-da Kiyevdə keçirilən danışıqlardan sonra Böyük Britaniya, Almaniya, Fransa, Polşa və Ukrayna liderləri Rusiyadan 30 günlük atəşkəsə razılıq verməyi tələb ediblər. Avropa liderləri xəbərdarlıq edib ki, əgər Rusiya 12 maya qədər atəşi dayandırmaqdan imtina edərsə, onlar Rusiya iqtisadiyyatının bank və enerji sektorlarına qarşı daha sərt sanksiyalar tətbiq edəcəklər. Tramp administrasiyası bu xəbərdarlığa açıq şəkildə qoşulmayıb. Mayın 11-də prezident Tramp "Truth Social" sosial şəbəkəsində yazıb ki, bu danışıqlar, heç olmasa, razılaşma əldə etməyin mümkün olub-olmadığını müəyyən etməyə imkan verəcək: "Əgər bu mümkün deyilsə, Avropa liderləri və ABŞ vəziyyətin necə olduğunu biləcək və buna uyğun şəkildə hərəkət edəcəklər".
Hindistan və Pakistan hərbi əməliyyatları dayandırdı

Hindistanın baş naziri Narendra Modi Pakistandakı "terror" infrastrukturunu hədəf alan "Sindur" ordu əməliyyatını dayandırdığını bəyan edib, o, Hindistanın İslamabadın bundan sonrakı hərəkətlərinə göz qoyacağını vurğulayıb.
"Pakistandan bizə müraciət olunanda əmin etdilər ki, onların tərəfindən bundan sonra terror fəaliyyəti və ya hərbi təcavüz olmayacaq", - o bildirib.
"Terrorçular Hindistanın belə ciddi addım ata biləcəyini hətta xəyallarında da düşünə bilməzdilər", - Modi sözlərinə əlavə edib.
Pakistan da Hindistanın hərəkətlərinə cavab olaraq başlatdığı "Banyan-ul-Marsus" əks-hücum əməliyyatının başa çatdığını elan edib. Bu barədə Pakistan ordusunun mətbuat xidməti bəyanat yayıb. "Hər dəfə suverenliyimiz təhlükə altına düşəndə cavabımız qətiyyətli və güclü olacaq", - "SamaaTV" bəyanatdan sitat gətirir.
Aprelin 22-də Hindistanın Cammu və Kəşmir bölgəsinin Pahalqam şəhərində terror aktı baş verib, 26 nəfər həlak olub. Hücuma görə məsuliyyəti "Müqavimət Cəbhəsi" (TRF) öz üzərinə götürüb, Yeni Dehli onu Pakistanda yerləşən "Laşkar-e-Tayba" terror təşkilatı ilə əlaqələndirir.
Bundan sonra Hindistan və Pakistan bir-birini hücumlarda günahlandıraraq sərhədyanı ərazilərə qarşılıqlı hücumlar edib. Mayın 7-nə keçən gecə Hindistan Pakistan ərazisindəki "terror" obyektlərini hədəf alan "Sindur" əməliyyatını elan edib, ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, terrorçularla əlaqəli doqquz obyektə raket zərbələri endirib.
Pakistan Hindistan ərazisini atəşə tutmaqla cavab verib. Pakistan ordusu həmçinin beş Hindistan qırıcısının məhv edildiyini açıqlayıb. Yeni Dehli bunu "yalan" adlandırıb. Mayın 10-na keçən gecə İslamabad genişmiqyaslı "Banyan ul-Marsus" əməliyyatını elan edib.
Həmin gün ABŞ prezidenti Donald Tramp Vaşinqtonun vasitəçiliyi ilə tərəflərin tam və dərhal atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Tərəflər razılaşmanı təsdiqləyiblər. Hindistan xarici işlər naziri Vikram Misri dəqiqləşdirib ki, döyüşlər mayın 10-u yerli vaxtla saat 17:00-dan dayandırılmalıdır. Lakin sonradan Hindistan Pakistanı atəşkəsi pozmaqda ittiham edib. "The Indian Express"in yazdığına görə, Udhampur və Srinaqar şəhərləri hücuma məruz qalıb, Cammu və Kəşmir və Racastan ştatlarında dronlar görülüb. Xarici İşlər Nazirliyi hərbçilərin bu pozuntulara "adekvat" cavab verdiyini bəyan edib.
Pakistan atəşkəs rejiminin pozulması ilə bağlı ittihamları rədd edib. Xarici İşlər Nazirliyi əmin edib ki, İslamabad əvvəlki kimi razılaşmaya sadiqdir.
Cammu və Kəşmir
Cammu və Kəşmir Hindustan yarımadasının şimal-qərbində 1947-ci ildən Hindistan və Pakistan arasında mübahisə predmeti olan bir bölgədir. Hindistan və Pakistan üç dəfə-1947-1948, 1965 və 1971-ci illərdə Cammu və Kəşmir uğrunda müharibə aparıb. 2003-cü ildən ölkələr arasında qeyri-sabit atəşkəs rejimi qüvvədədir, lakin regionun statusu həll olunmayıb.
Cammu və Kəşmirin Hindistan hissəsində separatizm əhval-ruhiyyəsi güclüdür. 1980-ci illərin sonlarından bölgənin öz müqəddəratını özünün təyin etməsini və ya Pakistana birləşdirilməsini müdafiə edən üsyançı və terrorçu qruplaşmalar fəaliyyət göstərir. Yeni Dehli mütəmadi olaraq İslamabadı onlara maddi və maliyyə dəstəyi verməkdə ittiham edir. Əvvəlcə Hindistan (1974), sonra isə Pakistan (1998) nüvə silahı əldə etdikdən sonra Kəşmir münaqişəsinə diqqət artıb.
Əziz Orucov həbsdə qaldı

Bu gün, mayın 12-də "Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayət təmin olunmayıb və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıb.
Ə.Orucov 2023-cü il noyabrın 27-də icazəsiz evtikmə ittihamı ilə həbs olunub. Bir ay sonra – dekabrın 19-da ona əlavə valyuta qaçaqmalçılığı ittihamı da verilib. İstintaq yekunlaşarkən onun üzərindən qaçaqmalçılıq ittihamı götürülüb.
Bu il fevralın 26-da Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə ona 2 il həbs cəzası verilib. Jurnalist ittihamla razı deyil.
Xatırlatma
2023-cü ilin noyabrından Azərbaycanda "AbzasMedia", "Kanal 13", "ToplumTV", meclis.info, "MeydanTV" kimi çoxsaylı media orqanının 30-dan çox əməkdaşı, əsasən, qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Jurnalistlər ittihamları rədd edir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər. Bir çox hüquq müdafiəçilərinin hazırladığı siyahıya əsasən, Azərbaycanda hazırda 350 civarında siyasi məhbus var. Hökumət təmsilçiləri ölkədə heç kimin siyasi məqsədlərlə izlənmədiyini, həbs olunanların konkret cinayətlərə görə cəzalandırıldığını iddia edir.
Beynəlxalq insan haqları qurumları isə hökuməti haqsız tutulanları azad etməyə çağırır.
Hacı Vəliyev göz institutuna göndərilməsini istəyir

"Gənc Qazilər" İctimai Birliyinin (İB) həbsdə olan sədri Hacı Vəliyev bildirib ki, göz institutunda müalicə və müayinəsinə ehtiyacı var. Bu barədə Birliyin yaydığı açıqlamada qeyd edilir.
Açıqlamaya görə, bu gün, mayın 12-də H.Vəliyev ailə üzvlərinə deyib ki, gözünün yeri irinləməyə başlayıb, saxlandığı yerdə gözünü dezinfeksiya etmək üçün yetərli tibbi yardıma şərait yoxdur.
Hələlik, bu məlumata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Hacı Vəliyevin xəstəxanaya aparıldığı bildirilir
Həbsdə olan "Gənc Qazilər" İB sədri Hacı Vəliyevin həkim müayinəsi üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına aparıldığı bildirilir.
Bu barədə məlumatı onun yaxınları yayıb.
Onların vurğulamasına görə, Vəliyev ailə üzvlərinə bildirib ki, havaya çıxa bilmir, gözləri ağrıyır.
"Saxlanılma yerində isə müalicə və müayinəsini həyata keçirmək üçün həkim ayrılmayıb. Onun reabilitasiya mərkəzində müalicəyə ehtiyacı var", - onun yaxınları bildiriblər.
Hələlik, bu məlumata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Bir müddət əvvəl isə sosial şəbəkələrdə onun xəsarət alan gözündə əlavə problemlər yarandığı açıqlanmışdı.
H.Vəliyev barəsində aprelin 1-də Xətai rayon Məhkəməsində 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. Aprelin 18-də bu müddət daha iki ay artırılıb. Onun Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq...) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunduğu bildirilir. Amma onun ittihamları qəbul etmədiyi vurğulanır. Həmin maddələrlə şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.
H.Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. Onun bundan əvvəl də saxlanıb sərbəst buraxıldığı bildirilmişdi. O, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirib.
"Gənc Qazilər" Birliyi 2021-ci ildə "Qarabağ Qaziləri" İctimai Birliyinin əsasında yaradılıb.
ABŞ və Çin artırdıqları rüsumları 90 günlüyə azaldır

Mayın 12-də Ağ ev məlumat yayıb ki, ABŞ və Çin qarşılıqlı olaraq 90 gün müddətində gömrük rüsumlarının azaldılması barədə razılıq əldə edib. Ağ evin mətbuat açıqlamasında qeyd olunub ki, ABŞ və Çin hökumətləri ikitərəfli iqtisadi və ticarət münasibətlərinin əhəmiyyətini nəzərə alaraq, mayın 14-dən etibarən rüsumların azaldılmasına qərar veriblər.
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, hər iki ölkə qarşılıqlı rüsumları 115 faiz azaldacaq. Bununla da ABŞ tətbiq etdiyi rüsumları 145%-dən 30%-ə, Çin isə 125%-dən 10%-ə endirəcək.
Aprelin 2-də ABŞ prezidenti Donald Tramp, demək olar, bütün ölkələrdən idxal olunan mallara ticarət rüsumları tətbiq ediləcəyini elan edib. Aprelin 9-da isə o, bütün ölkələr üçün tariflərin tətbiqini müvəqqəti dayandırdığını və əsas rüsumu 10%-ə endirdiyini bəyan edib. Ancaq bu, yalnız Çinə aid edilməyib və bu ölkə üçün rüsumlar artırılıb. Pekin də Vaşinqtona cavab olaraq idxal tariflərini yüksəldib.
Tramp administrasiyasının addımlarına cavab olaraq Çin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) bəyanat göndərib və bu bəyanatda qlobal ticarətin sabitliyinə təhlükə yarandığı qeyd olunub.
Ağ evin yaydığı məlumatda deyilir ki, tərəflər iqtisadi və ticarət əlaqələri ilə bağlı müzakirələri davam etdirmək üçün mexanizm yaradacaqlar: "Bu müzakirələrdə Çin tərəfdən nümayəndə Dövlət Şurasının rəhbərinin müavini He Lifen, ABŞ tərəfdən isə maliyyə naziri katibi Skott Bessent və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir olacaq. Bu müzakirələr növbə ilə Çin və ABŞ-də və ya tərəflərin razılığı ilə üçüncü ölkədə aparıla bilər".
Vurğulanıb ki, tələb olunduqda hər iki tərəf müvafiq iqtisadi və ticarət məsələləri üzrə işçi səviyyəsində məsləhətləşmələr apara bilər.
Polşa Rusiya konsulluğunu bağlayır

Polşa Rusiyanın Krakovdakı konsulluğunu bağlayır. Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib. O, bu qərarı ötən il Rusiya kəşfiyyat orqanlarının Varşavada ticarət mərkəzində təşkil etdiyi təxribatla əsaslandırıb.
Konsulluğun tam olaraq nə vaxt fəaliyyətini dayandıracağı, hələlik, açıqlanmayıb.
Mayın 11-də Polşa hökuməti rəsmi olaraq Rusiya kəşfiyyat orqanlarını 2024-cü ilin mayında Varşavadakı "Marywilska 44" ticarət mərkəzini yandırmaqda ittiham edib.
Polşanın daxili işlər naziri Tomaş Semonyak və ədliyyə naziri Adam Bodnar X platformasında birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, "Marywilska 44" ticarət mərkəzindəki yanğın "Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş qəsdən yandırma nəticəsində baş verib".
"Biz yanğının törədilmə qaydası və gedişatı, həmçinin onun cinayətkarlar tərəfindən necə sənədləşdirildiyi barədə ətraflı məlumata sahibik. Onların fəaliyyəti Rusiya Federasiyasında yerləşən və şəxsiyyəti müəyyən edilmiş bir şəxs tərəfindən təşkil olunub və idarə edilib. Cinayətkarların bir neçəsi artıq saxlanılıb, digərləri müəyyən edilib və axtarışdadır", –bəyanatda qeyd olunub.
Varşavanın şimalında yerləşən ən iri ticarət mərkəzlərindən biri olan "Marywilska 44"də yanğın 2024-cü ilin mayın 12-də olub. Yanğın nəticəsində təxminən 1500 icarə obyekti məhv olub.
Alov çox qısa müddətdə və geniş ərazini əhatə etdiyi üçün ekspertlər elə o vaxt binanın qəsdən yandırılmasını ehtimal etmişdilər. Təxminən eyni vaxtda Avropa İttifaqına üzv başqa bir neçə ölkədə də oxşar aktlar törədilmişdi. KİV-lər öz mənbələrinə istinadən yazırdı ki, hakimiyyət orqanları Rusiya xüsusi xidmət orqanlarını şübhəli hesab edir. İddiaya görə, Rusiya xüsusi xidmət orqanları bu insidentləri törətmək üçün kriminal dairələri ələ alıblar.
Rusiya tərəfi, hələlik, Polşa tərəfinin açıqlamalarına və Krakovdakı konsulluğun bağlanmasına şərh verməyib.
Taliban Əfqanıstanda şahmat oyunlarını qadağan edir

Əfqanıstanda hakimiyyətdə olan Taliban idarəçiliyi ölkədə şahmat oyunlarının keçirilməsini "dini mülahizələrə" istinad və bu oyunun bir növ qumar olduğunu iddia edərək "dayandırıb".
Mayın 11-də Taliban rəsmisi deyib ki, ölkənin idman departamentinin himayəsi altında şahmatın ölkədə oynanılmasının mümkün bərpası ilə bağlı qərar veriləcək. Lakin o, bu qərarın nə zaman veriləcəyini deməyib.
2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə yenidən qayıdan Taliban ölkədə idman və digər mədəni tədbirlərə bir sıra məhdudiyyətlər qoyub.
Əfqanıstanda qadınlara və qızlara idmanla məşğul olmaq qadağan edilib, idmançılara isə yarışlar zamanı hakimlərə və tamaşaçılara ayaqlarını göstərməyə icazə verilmir.
İdman idarəsinin sözçüsü Atal Maşvani AFP-yə bildirib ki, "şəriətdə şahmat qumar vasitəsi sayılır".
O, həmçinin Şahmat Federasiyasının rəhbərlik səviyyəsində bəzi problemlərinin olduğunu söyləyib.
"Bu məsələlərə diqqət yetirilməyənə qədər Əfqanıstanda şahmat idmanı dayandırılır", - o əlavə edib.
Kabildə sahib olduğu kafesində qeyri-rəsmi şahmat yarışları keçirən Əzizullah Gülzadə isə AFP-yə deyib ki, müsəlmanların çoxluq təşkil etdiyi digər ölkələrdə şahmata icazə verilir və bu oyunun qumarla müqayisəsi doğru deyil: "Bu gün gənclərin çoxunun əyləncə fəaliyyəti yoxdur, ona görə də bura çox adam gəlirdi. Onlar bir stəkan çay içər, dostlarını şahmat oyununa çağırardılar".
Bəşir Süleymanlının şikayətləndiyi məsələ həllini tapıb
Həbsdə olan hüquq müdafiəçisi Bəşir Süleymanlının şikayətləndiyi məsələ həllini tapıb. Bu barədə onun özü məlumat verib.
Yaxınlarının vurğulamasına görə, hüquq müdafiəçisi mayın 9-da onlara bildirib ki, saxlanma şəraitləri ilə bağlı şikayət həllini tapıb.
B.Süleymanlının daha əvvəl Kürdəxanıdakı istintaq təcridxanasında sıxlıqdan şikayətləndiyi bildirilmişdi.
Hələlik, məsələ ilə bağlı Penitensiar Xidmətlə danışmaq mümkün olmayıb.
Bəşir Süleymanlı saxlanma şəraitindən şikayətçidir
Həbsdə olan hüquq müdafiəçisi Bəşir Süleymanlı saxlanma şəraitindən narazıdır.
Bu haqda onun yaxınları bildiriblər. Onların deməsinə görə, B.Süleymanlı Kürdəxanıdakı istintaq təcridxanasında dördnəfərlik kamerada saxlanılır: "Bugünlərdə isə həmin kameraya bir nəfər də gətiriblər, bununla kamerada saxlanılanların sayı beş nəfər olub. Bu isə orada saxlanan şəxslərin yatması, sıxlıq və digər məsələlər ilə bağlı problemlər yaradıb".
Yaxınlarının vurğulamasına görə, məsələ ilə bağlı istintaq təcridxanasının rəhbərliyinə müraciət edilsə də, müraciət nəticəsiz qalıb.
Hələlik, bu şikayətə təcridxana rəhbərliyi və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma buna qədər Xidmətdən oxşar şikayətləri, bir qayda olaraq, əsassız sayıblar.
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri B.Süleymanlı bu il martın 14-də vətəndaş cəmiyyətinin bir neçə təmsilçisi ilə birgə saxlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub. Binəqədi rayon Məhkəməsinin qərarı ilə istintaq müddətində onlar haqqında 3 ay 28 günlük həbs-qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun İstintaq İdarəsində 2014-cü ildə bir sıra qeyri-hökumət təşkilatları ilə (QHT) bağlı cinayət işi açıldığı bildirilib. "QHT işi"nin sonradan bağlandığı bildirilsə də, bu ildən onun yeniləndiyi açıqlanıb.
Xatırlatma
B.Süleymanlı 2014-cü ilin mayında da "QHT işi" üzrə qanunsuz sahibkarlıq, vergidən yayınmada suçlanaraq 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. O zaman da bu ittihamları qəbul etməyən Süleymanlı 2015-ci ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışdı. Həmin vaxt o, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru idi. Bu qurum monitorinq apardığı zamanlar Azərbaycandakı seçkilərlə bağlı, əsasən, tənqidi hesabatlar dərc edib.
Son ilyarımda Azərbaycanda 40-a yaxın jurnalist, bloqer və ictimai fəal həbs olunub. Bəzi hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycanda 350-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə bunu qəbul etmirlər, onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.
600 min getmişdi, 300 min qayıtmışdı – indi cəmi 18-i sağ qalıb
Bu gün, mayın 9-u Azərbaycan və keçmiş SSRİ məkanında faşizm üzərində qələbənin 80 illiyi qeyd edilir. ABŞ və əksər Avropa ölkələrindən fərqli olaraq keçmiş SSRİ məkanında bu qələbə mayın 8-i yox, 9-da xatırlanır.
Hitler Almaniyasının hərbi rəhbərliyi 80 il öncə təslim olmaq haqqında saziş imzalayıb.
1939-cu ildə faşist Almaniyasının Polşanı işğal etməsi ilə İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Bu müharibə 1945-ci il mayın 8-də başa çatıb. İkinci Dünya müharibəsi isə tam olaraq həmin ilin sentyabrında yekunlaşıb.
Müharibə nəticəsində 60 milyona yaxın insanın həlak olduğu bildirilir.
1941-1945-ci illərdə Azərbaycan SSR-in 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısının döyüşlərdə həlak olduğu açıqlanıb.
Müharibə illərində Azərbaycandan gedən 123 şəxs Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 170 mindən çox əsgər, zabit müxtəlif orden və medallarla təltif edilib
Azərbaycan tarixçilərinin bildirdiklərinə görə, həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft göndərib, benzin və sürtgü yağlarına olan tələbatın 75-90 faizini ödəyib.
Mayın 9-u Azərbaycanda da Qələbə Günü kimi qeyd olunur və rəsmi iş günü deyil.
Son (aprel) rəsmi məlumatlara görə, Azərbaycanda 18 İkinci Dünya müharibəsi veteranı yaşayır.
Amerikalı kardinal Roma Papası seçildi

Birləşmiş Ştatlardan olan kardinal Robert Frensis Prevo Roma Katolik Kilsəsinin 267-ci rəhbəri seçilib. O, XIV Leo adını götürüb.
Prevo 1955-ci ildə Çikaqoda doğulub. O, seminariya təhsili ilə yanaşı, Villanova Universitetində riyaziyyat üzrə bakalavr, daha sonra Çikaqodakı Katolik ilahiyyat ittifaqında ilahiyyat üzrə magistr dərəcəsi alıb. 1977-ci ildə Avqustin ordeninə qoşulub və sonra uzun illər Peruda avqustinlərin missiyasında xidmət edib.
R.F.Prevo ilk amerikalı Roma Papasıdır.
ABŞ prezidenti Donald Tramp kardinal Prevonun seçilməsini alqışlayıb. "Roma Papası seçilən kardinal Robert Frensis Prevonu təbrik edirəm. Onun ilk amerikalı Papa olduğunu bilmək böyük şərəfdir", - Tramp "Truth Social" paylaşımında bildirib.
"The New York Times"ın yazdığına görə, XIV Leo Birləşmiş Ştatlarda doğulsa da, italyan və ispan dillərini bilir, lakin ingiliscə danışmır.
Roma Katolik Kilsəsinin əvvəlki rəhbəri Fransisk aprelin 21-də 88 yaşında insultdan ölüb. O, aprelin 26-da dəfn edilib.
Əhməd Məmmədli həbs edildi

Bu gün, mayın 8-də Binəqədi rayon Məhkəməsində ictimai fəal, "Yoldaş media"nın təsisçisi Əhməd Məmmədli haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Ə.Məmmədli Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq... silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə...) və 126.2.4 ( Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur. Gənc fəal ittihamları qəbul etmir. O, hələ prosesdən öncə Binəqədi rayon Məhkəməsinə gətirilərkən deyib ki, "azad media susdurula bilməz".
Ə.Məmmədli hesab edir ki, onu təsisçisi olduğu "Yoldaş media"ya görə şərləyərək tutublar.
Həmin maddələrlə fəala 11 ilə qədər həbs cəzası verilə bilər.
6 may
İctimai fəal Əhməd Məmmədli saxlanıb
Mayın 6-da axşam saatlarında ictimai fəal Əhməd Məmmədli saxlanıb.
Bu barədə onun yaxınları məlumat verib. Vurğulanır ki, fəalı Binəqədi rayon Polis İdarəsinin əməkdaşları saxlayarkən, o zorakılığa məruz qalıb.
Məsələyə, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olmayıb.
Amma Azərbaycanın yerli saytlarının iddiasına görə, mayın 6-da saat 22 radələrində bir şəxsə Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Vurğulandığına görə, Ə.Məmmədli həmin məsələ ilə bağlı saxlanıb.
İctimai fəalın yaxınları isə Ə.Məmmədlinin şərləndiyini və belə bir ssenari düzəldildiyini bildiriblər.
Ə.Məmmədli 2022-ci ildə D-18 Hərəkatının (hərəkat 2023-cü ildə buraxılıb) sədri ikən polisin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə 30 sutka inzibati həbs edilmişdi. Ancaq o, həbsini sülhdən danışması, prezident İlham Əliyevi tənqid etməsi ilə əsaslandırmışdı.