Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:08

Əfqan Muxtarlı: 'Papkanı qoltuğuna vurub bura gəlirsən, yalan danışırsan'


Əfqan Muxtarlı məhkəməyə gətirilir. Foto arxiv
Əfqan Muxtarlı məhkəməyə gətirilir. Foto arxiv

«Mənim elədiyim hörmətsizlik deyil. Hörmətsizlik odur ki, işlə tanış olmadan, papkanı qoltuğuna vurub bura gəlirsən, yalan danışırsan...», – həbsdə olan jurnalist Əfqan Muxtarlının sözləridir. Bunları məhkəmədə onun işi üzrə ittihamı müdafiə edən prokurorun ünvanına söyləyib.

Balakən Rayon Məhkəməsində Ə.Muxtarlının mühakiməsi başlayıb. Noyabrın 30-da məhkəmənin hazırlıq iclasında jurnalistin vəkilləri Nemət Kərimli və Elçin Sadıqov bir neçə vəsatət qaldırıblar.

«MÖTƏBƏR SÜBUTLAR YOXDUR»

Öncə N.Kərimli jurnalistin qəfəsdən çıxarılıb, vəkillərinin yanında əyləşməsinə icazə verilməsini istəyib. Deyib ki, bu, müdafiənin qurulması, lazım olanda vəkillin müvəkkili ilə məsləhətləşməsi baxımından vacibdir.

Hakim Hümbət Səlimov əvvəl razılaşmasa da, sonra fikrini dəyişib – Ə.Muxtarlı müdafiəçilərinin yanına gətirilib.

N.Kərimli hüquqlarını müdafiə etdiyi şəxs haqqında cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb. Deyib ki, Əfqanın Gürcüstan-Azərbaycan sərhədini qanunsuz keçməsi, üstündə pul gətirməsi haqda yazılanlar yalandır. Müdafiəçinin sözlərinə görə, bu ittihamı təsdiqləyən mötəbər sübutlar da yoxdur:

***Buna da bax-'Əfqan Muxtarlını oğurlayıb, döyüb, cibinə 10 min avro...'

«Əfqan Muxtarlı Gürcüstandan oğurlanaraq gətirilib və ona bu ittihamlar verilib. Bunu sübut edən bir sıra faktlar da var. Məsələn, Gürcüstan prezidenti 14 sentyabr bəyanatında bildirir ki, «Əfqan Muxtarlıya qarşı baş verənlər ölkənin suverenliyinə və təhlükəsizliyinə zərbədir». Avropa Parlamentində 90 nəfər deputatın iştirakı ilə qəbul edilən qətnamədə də Əfqanın oğurlanıb gətirildiyi öz əksini tapıb. Gürcüstanda bu məsələ ilə əlaqədar adam oğurluğuna görə cinayət işi başlanıb. Bütün bunlar daha mötəbər sübutlardır. Əfqan Muxtarlı haqqında cinayət işində ittiham tərəfinin sübutları sərhəddəki əsgərlərin ifadələridir. Əmr altında olan əsgərlər istənilən ifadəni verə bilərlər».

«PULLA BAĞLI TƏKRAR EKSPERTİZA KEÇİRİLSƏ...»

Digər vəkil E.Sadıqov Ə.Muxtarlı haqqında həbs-qətimkan tədbirinin dəyişməsi; onun üzərindən tapıldığı iddia olunan pullarla bağlı yenidən ekspertiza keçirilməsi; sərhəd-buraxılış məntəqəsindən və jurnalistin ölkəyə gələndən sonra aparıldığı hərbi hissədən videogörüntülərin alınması; həmin gün Gürcüstan sərhədinin pozulub-pozulmadığının müəyyənləşdirilməsindən ötrü qonşu ölkəyə sorğu göndərilməsi; bəzi sənədlərin sübutlar siyahısından çıxarılması haqda vəsatətlər qaldırıb.

Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

«Biz həbslə bağlı olmayan istənilən qətimkan tədbirinin seçilməsinə razıyıq. Əfqan Muxtarlının qeydiyyat ünvanı, yaşayış yeri Zaqataladır, qohumları da orada yaşayır. Oradan məhkəməyə gəlib-getməsi daha rahat olar. Ən əsası, onun barəsində həbs-qətimkan tədbiri seçilərkən ittiham tərəfi üç səbəb göstərmişdi – qaçıb gizlənə bilər, şahidlərə təzyiq göstərər, sübutları saxtalaşdırar. Artıq istintaq bitib, bu səbəblər də aradan qalxıb. Hərçənd, heç əvvəl də belə əsaslar yox idi. Pulla bağlı təkrar ekspertiza keçirilsə, onun üzərində gömrükçülərin əl-barmaq izləri tapıla bilər. Xahiş edirik, Əfqan Muxtarlı saxlanılan gün sərhəd-buraxılış məntəqəsindəki görüntülərə baxış keçirilsin. Çünki Əfqan sərhədi qanunsuz keçməyib. Onu Gürcüstanda oğurlayıb, elə sərhəddən keçirib gətiriblər. Görüntülərə baxılsa, bu məsələ aydınlaşar. Daha sonra Əfqan Muxtarlı hərbi hissəyə gətirilib, bir müddət orada saxlanılıb. İstintaqda biz vəsatət qaldırdıq, müstəntiq dedi ki, hərbi hissədə kameralar yoxdur. Ora baxış keçirilsin, görək kameralar var, yoxsa yox...», – vəkil vəsatətlərini belə əsaslandırıb.

***Buna da bax-Əfqan Muxtarlının xanımı dördyaşlı qızı ilə birlikdə Gürcüstanı tərk edib

Dövlət ittihamçısı Qürbət Məmmədov vəsatətləri əsassız hesab edib və onların təmin olunmamasını istəyib. Prokuror çıxış edəndə Ə.Muxtarlı da danışmağa bağlayıb. Bu zaman hakim onun hərəkətini hörmətsizlik kimi qiymətləndirib. Jurnalistin cavabı isə belə olub:

«Mənim elədiyim hörmətsizlik deyil. Hörmətsizlik odur ki, işlə tanış olmadan, papkanı qoltuğuna vurub bura gəlirsən, yalan danışırsan...».

Qısa müşavirədən sonra hakim vəsatətlərin təmin olunmadığını açıqlayıb. Məhkəmə baxışı dekabrın 14-nə təyin olunub.

XATIRLATMA

Oturum izni ilə Gürcüstanda yaşayan Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlar isə onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

XS
SM
MD
LG