Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:33

AB əfqanlara yardımı artırır. G7 yığışır


İngiltərənin cənubuna çatmış əfqanlar
İngiltərənin cənubuna çatmış əfqanlar

Von der Leyenin sözlərinə görə, yardım Əfqanıstanda yaşayanlara, eləcə də qaçqınlara xərclənəcək

Bu gün – avqustun 24-də G7 liderləri Kabildən təxliyələri, o cümlədən ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılması üçün son tarixi avqustun 31-dən sonraya uzatmağın mümkünlüyünü müzakirə edəcəklər.

Dünən isə ABŞ ordusu Taliban Əfqanıstanı ələ keçirəndən ən böyük evakuasiyanı gerçəkləşdirib. Pentaqon son 24 saat ərzində Kabil aeroportundan 17 minədək insanın çıxarıldığını bildirib.

10 günə 59 minə yaxın insan

“Reuters” NATO diplomatına istinadla xəbər verir ki, son 10 gündə ölkələr 58 min 700 nəfəri təxliyə ediblər.

Kabil aeroportunda xaos davam edir, ara-sıra zorakı insidentlər də baş verir. Belə ki Qərb qüvvələri və əfqan təhlükəsizlik əməkdaşları kütləni geri oturtmağa çalışırlar.

“Xarici qüvvələrin hər bir üzvü son tarixə əməl olunması üçün döyüş sürətilə işləyir”, – adının çəkilməsini istəməyən rəsmi deyib.

Britaniya, Fransa və Almaniya evakuasiya üçün müddətin avqustun 31-dən sonraya uzadılmasını istəsələr də bunun mümkün olmayacağını etiraf edirlər. ABŞ ordusu təxliyələr zamanı Talibanla kommunikasiya və koordinasiya saxlayır. Amma Talibanın bildirməsinə görə, xarici qüvvələr müddətin uzadılmasını rəsmən istəməyiblər, amma edərlərsə də icazə verilməyəcək.



CIA rəhbəri Taliban lideri ilə görüşüb?

“The Washington Post” avqustun 24-də yazıb ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Direktoru Uilyam Börnz bir gün öncə Kabildə Taliban lideri Əbdül Qani Bəradərlə görüşüb. Təsdiqlənərsə, bu, Taliban Kabili tutandan sonra tərəflər arasında ən yüksək səviyyəli diplomatik görüş olacaq.

Amma məlumatı ABŞ rəsmi təsdiqləməyib.

Bayden müddətin uzadılması məsələsində qəti mövqe bildirməyib, ancaq müttəfiqləri ilə məsləhətləşmədən sonra qərar verəcəyi gözlənir.

Britaniyanın Müdafiə naziri Ben Vallas avqustun 23-də deyib ki, ABŞ qüvvələri həmin tarixədək çıxarsa, digər ölkələr də belə etməli olacaqlar.

Birləşmiş Ştatlar Kabil aeroportunu qoruyan və təxliyələri həyata keçirən əsas ölkədir.

***

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen əfqanlara 200 milyon avrodan çox (234 milyon dollar) humanitar yardım ayıracaq. Yardımın indiki məbləği 50 milyon avrodur.

“Bu humanitar yardım üzv ölkələrin Əfqanıstan xalqına köməyindən savayı ayrılacaq”, – von der Leyen Twitter-də yazıb və əlavə dəstək haqda bu gün G7-nin sammitində açıqlama verəcəyini deyib.

Şərt

Von der Leyenin sözlərinə görə, yardım Əfqanıstanda yaşayanlara, eləcə də qaçqınlara xərclənəcək. O, yardımın insan və qadın hüquqlarına hörmət şərtilə ayrılacağını vurğulayıb.

Avqustun 24-də günortadan sonra Böyük Yeddiliyin (G7) dövlət və hökumət başçıları videokonfransla Əfqanıstanla bağlı addımları, yardım məsələsini müzakirə edəcəklər.

G7-yə Birləşmiş Ştatlar, Almaniya, Fransa, Britaniya, İtaliya, Yaponiya və Kanada daxildir. AB-nin aparıcı təmsilçiləri də adətən qurumun toplantılarına qatılır.

Taliban avqustun 15-də Kabili ələ keçirəndən sonra minlərlə insan ölkəsini tərk etməyə çalışır.

Talibandan xəbərlər gəlir

BMT-nin insan haqları üzrə rəsmisi Mişel Baçele isə Talibanın Əfqanıstanda ciddi pozuntulara yol verdiyini, dinc sakinlərin özbaşına edam olunduğunu, qadınlara məhdudiyyətlər qoyulduğunu açıqlayıb.

Baçele BMT-nin İnsan Haqları Şurasının avqustun 23-də keçirilən fövqəladə toplantısında qurumu Talibanın hərəkətlərini izləməkdən ötrü mexanizm yaratmağa çağırıb.

Təmsilçi Talibanı qadınların və uşaqların, etnik və dini azlıqların hüquqlarına hörmət etməyə, qisasçılıqdan çəkinməyə çağırıb.

Taliban 1990-cı illərdəki qəddar rejimdən fərqli idarəçilik vəd etsə də bu vədlərə skeptik yanaşma var. Silahlıların son günlər qapı-qapı gəzərək rəqiblərini axtarması haqda xəbərlər gəlir.

“Talibanın qadınlar və qızlarla rəftarı, azadlıq, hərəkət, təhsil, özünü ifadə, işlə təmin olunmaq hüquqlarına hörməti fundamental qırmızı xətti təşkil edəcək”, – Baçele deyib.

XS
SM
MD
LG