Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:48

'Qarabağda araşdırma' adı ilə yeyinti


Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda doqquz il öncə laborant kimi işə götürülmüş Pərvanə Əhmədzadə deyir, əslində heç vaxt işə gedib-gəlməyib. Daim evdə olduğunu söyləyən P.Əhmədova adının arxeoloji qazıntılar, araşdırmalarla məşğul ekspedisiya qrupuna daxil edilməsi, buna görə ona əlavə pul yazılmasından da xəbərsiz olduğunu bildirir. O bu barədə aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsindəki ifadəsində danışıb.

Bu məhkəmədə bir ildən çoxdur sözügedən institutun keçmiş əməkdaşı, tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın mühakiməsi gedir. G.İsayeva institutun kadrlar şöbəsinin rəhbəri olub. Onlar Qarabağ bölgəsində tədqiqatların aparılması üçün ayrılmış 92 min manatdan çox yeyintidə suçlansalar da, özlərini təqsirli bilmirlər. Orada yeyinti olduğunu deyirlər, olub-bitənlərin institut rəhbərliyinin göstərişi ilə baş verdiyini söyləyirlər. Baş verənlərdə özəlliklə institutun sabiq direktoru Maisə Rəhimovanı ittiham edirlər.

"Mən yalnız cədvəlləri imzalamışam"

Bu cinayət işi üzrə məhkəmə prosesinin gedişində üzə çıxıb ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda adı işçi kimi rəsmiləşdirilsə də, faktiki orada işləməyən, yaxud ekspedisiya işlərinə cəlb edilənlər siyahısında olub, əslində orada iştirak etməyən xeyli adam var. Bunu məhkəmədə həmin şəxslərin özü də təsdiqləyib.

Məsələn, ötən ilin yayınadək sözügedən institutda işləmiş, indi Tarix İnstitutunda çalışan Nərminə Hüseynova deyir ki, adını iki dəfə arxeoloji qazıntı işlərinə ezam olunanlar siyahısına yazsalar da, özü o ekspedisiyalara qatılmayıb.

"Mən yalnız cədvəlləri imzalamışam. Gülüstan xanım mənə sənədi verib, mən də ora imza atmışam. O sənəddə də yalnız ad-soyadım olub, başqa xanalar boş idi", - N.Hüseynovanın şahid kimi dindirilərkən dilə gətirdiyi sözlərdir.

Təqsirləndirilən alim S.Hüseynov deyir ki, 2020 və 2021-ci illərdə N.Hüseynovanın adının ekspedisiya qrupuna daxil edilməsi institutun ovaxtkı direktoru M.Rəhimovanın tapşırığı idi.

Məhkəmədə dindirilən başqa bir şahid Pərvanə Əhmədzadənin adı yeddi dəfə ekspedisiyaya yazılıb, amma özü bunların heç birində iştirak etməyib. 2015-ci ildən Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda laborant kimi işə götürülən və altı il bu vəzifədə adı gedən P.Əhmədzadə bildirib ki, orta təhsillidir, işə də gedib-gəlməyib: "Atam oranın sənədlərini lazım olan yerlərə aparıb-gətirirdi. Mənə də evə sənədlər gətirirdi, imzalayırdım, aparırdı. Bilmirəm nə sənədlər idi...".

P.Əhmədzadənin ifadəsi tədqiqlənərkən hakim məlumat verib ki, onun adı yeddi dəfə ekspedisiyaya yazılıb, hər dəfə də 900 manat vəsait ayrılıb.

Adı Bərdə ekspedisiyasında, özü Almaniyada?

P.Əhmədzadənin adının institut direktorunun göstərişi ilə Ağdam və Bərdə rayonlarında aparılan ekspedisiya işlərinə daxil edildiyini deyən təqsirləndirilən Səbuhi Hüseynov yeyintilərə dəfələrlə etiraz etdiyini vurğulayıb. Hətta belə hallarla bağlı müxtəlif dövlət orqanlarına, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şəxsən şikayət etsə də, nəticə vermədiyini deyib.

Məhkəmədə o da üzə çıxıb ki, adları ekspedisiyaya yazılıb pul alanlar siyahısında olan şəxslərdən bir neçəsi əslində həmin vaxt Almaniyada, İtaliyada olub. Bunu təsdiqləyən sənədlər də var.

Təqsirləndirilən ər-arvad – S.Hüseynov və G.İsayeva Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurlar. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG