Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:05

'Qarabağda araşdırma' adı altında yeyintilərlə bağlı qərar verildi


Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Milli Elmlər Akademiyası

Qarabağ bölgəsində tədqiqatlara ayrılmış vəsaitlərin yeyintisi ilə bağlı ilyarım sürən məhkəmə araşdırmaları iyulun 3-də yekunlaşıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun keçmiş əməkdaşı, tarixçi alim Səbuhi Hüseynov və onun həyat yoldaşı Gülüstan İsayeva 92 min manatdan artıq yeyintiyə görə hakim önünə çıxarılıblar. G.İsayeva həmin institutun kadrlar şöbəsinin rəhbəri olub.

Cinayət işinin materiallarında iddia olunur ki, arxeoloji qazıntı və araşdırma aparan ekspedisiya qrupuna əslində o qrupa qatılmayan adamların da adı daxil edilib və onların adına yazılmış vəsaitlər mənimsənilib.

Məhkəmədə şahidlər dindirilərkən üzə çıxıb ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna heç bir aidiyyəti olmayan adamların adları dəfələrlə ekspedisiya siyahısına salınıb. Üstəlik, siyahıda elə adlar var ki, institutun əməkdaşı olsalar da, ekspedisiya dövründə xaricdə istirahət edirlərmiş.

Ramiz Mehdiyev Milli Elmlər Akademiyasının iclasında
Ramiz Mehdiyev Milli Elmlər Akademiyasının iclasında

"Ramiz Mehdiyevə dedim ki, əncam çək"

Bakı Ağır Cinayətlər Məhkəməsində ilyarım sürən məhkəmənin sonunda həm S.Hüseynov, həm də həyat yoldaşı külli miqdarda yeyintidə təqsirli sayılıblar. Onlara şərti cəza verilib. Di gəl, nə S.Hüseynov, nə də xanımı özünü təqsirli bilir və iyulun 3-də hökmdən öncəki son sözlərində də məhkəmədən bəraət istəyiblər.

Onlar məhkəməyə ifadələrində də bildiriblər ki, əslində özləri institutdakı yeyintilərə dəfələrlə etiraz ediblər. Bununla bağlı Milli Elmlər Akademiyasının ovaxtkı prezidenti Ramiz Mehdiyevə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məktublar yazsalar da, son nəticədə də onların özlərini cəzalandırıblar.

"Ramiz Mehdiyevə dedim ki, əncam çək. Göründüyü kimi, o da belə əncam çəkdi...", - 42 yaşlı S.Hüseynov məhkəmədə ifadəsində belə deyib.

Təqsirləndirilən alim vurğulayıb ki, adların ekspedisiya qrupuna daxil edilməsi institutun ovaxtkı direktoru Maisə Rəhimovanın tapşırığı idi. Onun sözlərinə görə, baş verənlərin hamısı M.Rəhimovanın göstərişləri əsasında gerçəkləşdirilib.

Şahidlər siyahısında M.Rəhimovanın da adı olsa da, o, məhkəməyə gəlməyib. Haqqında məcburi gətirilmə qərarı çıxarılsa da, onun məhkəmədə dindirilməsi mümkün olmayıb.

Tarix elmləri doktoru M.Rəhimova 2021-ci ildə vəzifəsindən azad edilib.

O, Xalq artisti Zeynəb Xanlarovanın qudasıdır.

XS
SM
MD
LG