Prezident Recep Tayyip Erdoğan aprelin 30-da deyib ki, Türkiyənin iştirakı olmasa F-35 döyüş təyyarələri layihəsi iflasa uğrayacaq.
O habelə deyib ki, Türkiyənin Rusiyadan S-400 antiraket sistemi almasına görə F-35 proqramından xaric edilməsi ədalətsizlikdir.
Reuters yazır ki, Türkiyənin Rusiyadan raketdən müdafiə sistemi almaq qərarı Ankara və Vaşinqton arasında münasibətləri tarıma çəkib.
Vaşinqton bildirir ki, Ankaranın Moskva ilə S-400 razılaşması supermüasir Lockheed Martin F-35 qırıcı təyyarələrinin təhlükəsizliyinə xələl gətirə bilər.
NATO-nun başqa üzvləri kimi Türkiyə də F-35 qırıcı təyyarələrinin həm alıcısı, həm də istehsal partnyorudur. Birləşmiş Ştatlarda 2015-ci ildən xidmətə başlayan F-35 təyyarələrinin istehsalı maya dəyərinin bahalığına görə dəfələrlə ləngiyib.
Ankara, Birləşmiş Ştatlara, onun Moskvadan S-400 antiraket sistemini almasının F-35 proqramını necə təsirləndirə biləcəyinin araşdırılması üçün işçi qrupun yaradılmasını təklif etmişdi. Türkiyə bu təklifinə hələ də cavab almadığını bildirir.
Müdafiə sənayesinin yarmarkalarından birində danışan Erdoğan deyib ki, Türkiyənin F-35 layihəsindən xaric edilməsini istəyənlər, yaxşı fikirləşməyiblər və Ankaranın maraqlarını nəzərə almayıblar:
“Əminliklə deyə bilərəm ki, biz özünümüdafiə hüququmuza göstərilən hörmətsizlik qarşısında susmayacağıq. Bu bizim ağrılı yerimizə zərbə vurmaq kimidir…”
Erdoğan bildirib ki, Türkiyənin F-35 layihəsindən çıxarılması böyük ədalətsizlik olardı:
“Açıq danışaq: Türkiyənin xaric edildiyi F-35 layihəsi tamamilə iflasa məhkum olardı”.
Bu, Erdoğanın onun ölkəsinin F-35 layihəsindən çıxarıla biləcəyinə dair xəbərdarlıqlara indiyədək verdiyi ən sərt cavabdır.
Bundan bir gün əvvəl Erdoğan Rusiyadan alınacaq S-400 antiraket sistemi məsələsini telefonla ABŞ prezidenti Donald Trump-la müzakirə etmişdi.
Lakin ABŞ mənbələri guya Türkiyəsiz F-35 istehsalının qeyri-praktik olacağına dair Ankaranın arqumentlərini rədd ediblər və bildiriblər ki, dəyəri 1 trilyon dollar olan layihə Türkiyəsiz də hasilə gələcək.
Türkiyənin NTV telekanalı xəbər verir ki, S-400 və F-35 məsələlərini Türkiyə prezidentinin sözçüsü Ibrahim Kalin və ABŞ milli təhlükəsizlik müşaviri John Bolton da müzakirə ediblər.
İki həftə bundan əvvəl Türkiyə ümid etdiyini bildirmişdi ki, prezident Trump S-400 sisteminin alışına görə ona qarşı mümkün cərimələrdən güzəşt vaxtı verə bilər.
Elə həmin arada ABŞ dövlət katibi Mike Pompeo demişdi ki, Rusiyadan S-400 sistemini aldığına görə Ankara ABŞ-ın Düşmənlərinə Qarşı Qanununun əsasında sanksiyalarla üzləşməli olacaq.