NATO xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən yığıncağında alyans müttəfiqləri Birləşmiş Ştatlar və Türkiyə arasında Suriyaya görə söz toqquşması baş verib.
Vaşinqton və Ankara aprelin 4-də habelə Türkiyənin Rusiyadan S-400 antiraket sistemini alması ilə bağlı yaranmış fikir ayrılığının çözümü üçün “işçi qrupun” tərtibi məsələsinə dair də fərqli bəyanatlarla çıxış ediblər.
ABŞ və NATO rəsmiləri Türkiyənin Rusiyadan bu silahı almasına qarşı çıxırlar.
Türkiyə NATO-nun yaradılmasının 70 illiyi tədbirlərinin əsnasında Mike Pompeo ilə Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu arasında görüşün yazılı xülasəsində ABŞ dövlət katibinə aid edilən mətni sərt tənqid atəşinə tutub.
Dövlət Departamenti bu görüş barədə yazılı bəyanatında bildirib ki, Pompeo Ankaraya Suriyada hücum əməliyyatına keçməyin “potensial baxımdan fəlakətli nəticələri” barədə xəbərdarlıq edib və Türkiyədə “qanunsuz olaraq saxlanmış ABŞ vətəndaşları” ilə bağlı hüquqi işləri “tez bir zamanda həll etməyə” çağırıb.
Çavuşoğlu: "Belə tonda danışıq olmayıb"
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın yazılı bəyanatını rədd edib və bildirib ki, bu bəyanat Pompeo-Çavuşoğlu görüşünün məzmununu düzgün əks etdirmir və bəyanata söhbət zamanı müzakirə olunmayan məsələlər artırılıb.
Türkiyə XİN-in sözçüsü Hami Aksoy deyib ki, “bizim alyansımız belə bəyanatların böyük diqqətlə hazırlanmasını və görüşlərdə qaldırılmamış məsələlərin bu bəyanatlarda yer almasından çəkinməyi tələb edir”.
Cavuşoglu sonradan deyib ki, onun Pompeo ilə görüşünün ABŞ tərəfindən hazırlanmış icmalı onu “doğrudan da heyrətləndirib”. Türkiyə xarici işlər naziri deyib:
"Mən orda idim. Orda Suriya barədə belə tonda danışıq olmayıb, Türkiyə tərəfindən birtərəfli hərəkət kimi şeylər müzakirə edilməyib. İstər bəyanatın tonu, istərsə də Pompeo-nun guya bizə dediyi iddia edilən cümlələr həqiqəti əks etdirmir”.
Pompeo geri çəkilmir
Lakin Türkiyənin tənqidi barədə suala cavab verərkən Mike Pompeo deyib ki, o Çavuşoğlu ilə görüş barədə Dövlət Departamentinin bəyanatını təsdiqləyir:
"Mən türkiyəli həmkarımın şərhlərini gördüm. Sonradan görüşün icmalını bir də oxudum. Olduğu kimi yazılıb. Bu yazılanların hər bir sözünü təsdiq edirəm”.
Lakin dövlət katibi əlavə edib ki, Birləşmiş Ştatlarla Tükiyənin “birlikdə yaxından işləməsi” üçün böyük imkanlar var:
“Mənim Türkiyə xarici işlər naziri ilə yaxşı və uzun söhbətim oldu və mən əminəm ki, biz irəliyə doğru yol tapacağıq”.
Birləşmiş Ştatlar və Türkiyə Suriya vətəndaş münaqişəsində fərqli antihökumət qiyamçılarını dəstəkləyirlər.
ABŞ hərbçiləri indiyədək Suriyanın şimalında İslam Dövləti ekstermist təşkilatı ilə mübarizədə kürd qüvvələrinə dəstək veriblər. Lakin Türkiyə həmin kürd qüvvələri öz ərazisindəki separatçı PKK qüvvələri ilə bağlı hesab edir.
Pentaqon: İşçi qrupa ehtiyac yoxdur
Bundan başqa iki ölkə arasında habelə Türkiyənin Rusiyadan S-400 antiraket sistemlərini alması ilə bağlı ciddi fikir ixtilafı var.
ABŞ bildirir ki, Rusiyanın S-400 raketləri NATO sisteminə uyğun deyil və üstəlik bu sistemin ABŞ-ıntəkmil F-35 qırıcılarına qarşı hazırlandığı düşünülür.
Çavuşoğlu aprelin 3-də demişdi ki, bu məsələnin həlli üçün Pentaqon və Ankara arasında işçi qrup yaradılacaq.
Lakin Pentaqonun sözçüsü Eric Pahon aprelin 4-də deyib ki, “bu mərhələdə texniki işçi qrupa ehtiyac yoxdur və Birləşmiş Ştatlar bunu ixtilafın çözümü yolu saymır”.