Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:32

Ərdoğan İsveçin NATO üzvlüyünü dəstəkləməyəcəyini deyir


R.T.Ərdoğan NATO sammitində
R.T.Ərdoğan NATO sammitində

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, onun ölkəsi İsveçin NATO üzvüyünə müraciətini dəstəkləməyəcək.

O bu bəyanatı yanvarın 23-də Stokholmda keçirilmiş anti-Türkiyə etirazlarının ardınca verib.

Bu aksiyalardan birində iştirakçılar Quranı yandırıblar. Bundan başqa bu mitinqdə kürdlərə dəstək verən şüarlar səslənib.

Ərdoğan İsveç və Finlandiyanın NATO üzvlüyünə müraciətini ilk gündən dəstəkləməyib.

O bu Skandinaviya ölkələrini Ankaranın terrorçu saydığı şəxsləri dəstəkləməkdə ittiham edir.

Ərdoğan hökumət müşavirəsinin ardınca televiziya ilə yayımlanan çıxışında İsveçə müraciətlə deyib:

“Madam ki, terror təşkilatı üzvlərini və İslam düşmənlərini bu qədər sevirsiniz, himayə edirsiniz, qoruyursunuz onda ölkələrinizin müdafiəsini də onlara həvalə etmənizi tövsiyə edirik. Biz bir sözü deyərkən dürüst deyərik, kimlərinsə bizə namussuzluq, alçaqlıq etdiyi zaman onlara hədlərini bildiririk. İsveç hakimiyyətinin bizə haqq və azadlıqdan bəhs etməsinə lüzum yoxdur. Əgər haqq və azadlığa bu qədər sayğılısınızsa, əvvəlcə Türkiyə Respublikasının və ya müsəlmanların dini inancına sayğı göstərməlisiniz. Əgər bu sayğını gəstərmirsinizsə, onda inciməyin, bizdən NATO məsələsində heç bir dəstək görməyəcəklsiniz”.

İsveç hökumətinin bəyanatlarına baxmayaraq

İsveç NATO üzvlüyü üçün müraciəti ötən may ayında edib.

Alyansın nizamnaməsinə görə hər hansı bir ölkənin təşkilata üzv olması üçün Türkiyə də daxil NATO-nun 30 üzvünün hamısı müraciət ərizəsini ratifikasiya etməlidir.

Elə bu ay İsveçin baş naziri Ulf Kristerson demişdi ki, Türkiyənin İsveçin ərizəsini ratifikasiya edəcəyinə inanır.

Quranın yandırılmasından sonra İsveçin xarici işlər naziri Tobias Bilström demişdi ki, hökumət Quranın yandırılması kimi aksiyaları dəstəkləmir.

Ərdoğan həmin çıxışında habelə deyib:

“Söz azadlığı demokratiyanın təməl hissələrindən biridir, amma hər qanuni olan nəsə, heç də həmişə ədəbli olmur”.

Bundan əvvəl Türkiyə Quranın yandırılması ilə bağlı etirazını bildirmək üçün İsveç səfirini Xarici İşlər Nazirliyinə dəvət etmişdi.

Üstəlik İsveç müdafiə nazirinin Ankaraya planlaşdırılan səfəri ləğv olunmuşdu.

XS
SM
MD
LG