Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:31

Bakı Yerevanı provokasiyada ittiham edir. 'Hər müstəqil dövlət öz imkanına görə silah alır'


ABŞ və Ermənistan qoşunları Yerevan yaxınlığındakı Zar poliqonunda birgə təlimlərdə il.
ABŞ və Ermənistan qoşunları Yerevan yaxınlığındakı Zar poliqonunda birgə təlimlərdə il.

Azərbaycan Müdafiə Nazirliyi (AMN) iyulun 25-də bəyanat yayaraq son günlərdə Ermənistanı Kəlbəcərdə ağır silahlar, Tovuz istiqamətində isə kvadrokopter tətbiq etməklə ona qarşı təxribatlar törətməkdə günahlandırıb. Üstəlik, Ermənistanın Qərb ölkələri ilə hərbi əməkdaşlığından narazılıq və narahatlıq ifadə edib.

"ABŞ-nin Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında... 10 milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir", - bəyanatda vurğulanıb.

Oxşar fikirləri ötən həftə Şuşada keçirilən Qlobal Media Forumunun açılışında prezident İlham Əliyev də dilə gətirərək bəzi Qərb ölkələrinin adını çəkməklə onların vasitəçiliyinə qarşı çıxmışdı: "Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq".

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) də AMN-nin həmin açıqlamasını təkzib edib. Nazirliyin sözçüsü Ani Badalyan iyulun 25-də israrla qeyd edib ki, Yerevan özünün sülh gündəliyinə sadiq qalır və bu strategiyasını dəyişmək niyyətində deyil.

Badalyan vurğulayıb ki, Bakı atəşkəs pozulmalarının birgə araşdırılmasına dair Yerevanın bu yaxınlarda verdiyi təklifi cavabsız qoyub. O, əlavə edib ki, Ermənistanın Fransa və başqa ölkələrdən silah alması sırf onun beynəlxalq aləmdə tanınmış ərazilərinin müdafiəsi məqsədini güdür.

Rasim Musabəyov
Rasim Musabəyov

"Bu məsələ həll olunmadan sülh müqaviləsi qeyri-mümkündür"

Milli Məclisin VI çağırış deputatı Rasim Musabəyov "Turan"a bildirib ki, Ermənistana xəbərdarlıq olunub və bu ölkə özü üçün bundan nəticə çıxaracaq: "Bu gün Ermənistanın Azərbaycana hücum etmək üçün gücü yoxdur. Ancaq xırda təxribatları edə bilərlər. İstisna etmirəm ki, həmin təxribatların məqsədi ondan ibarətdir ki, həmin o Qərb ölkələri Azərbaycanın üstünə yeriyərək onu Ermənistanın istədiyi şəkildə sülh müqaviləsinə sövq etsin".

R.Musabəyov Azərbaycanın konkret tələblərinin olduğunu vurğulayır: "Ermənistan qanunvericiliyində mövcud olan Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır. Bu məsələ həll olunmadan sülh müqaviləsi qeyri-mümkündür. Sonra isə müqavilə imzalandığı halda ATƏT-ə Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət edilməlidir. Bu da o deməkdir ki, Qarabağ məsələsi, ümumiyyətlə, beynəlxalq gündəlikdən çıxarılır. Bu olmadan Azərbaycanla Ermənistan arasında sülhün uzunmüddətli olacağını gözləmək çox çətindir".

Ermənistanda konstitusiyaya dəyişikliklər artıq bir müddətdir bu ölkədə müzakirə mövzusudur. Amma Ermənistan müxalifəti konstitusiyaya Azərbaycanın istəyinə uyğun dəyişiklikləri düzgün saymır. Lakin baş nazir Paşinyan dəfələrlə bildirib ki, konstitusiya Ermənistanın daxili işidir və onun dəyişdirilməsi zərurəti Bakının tələbindən yaranmayıb.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

"Nə qədər silah alsa da, bizə heç nə edə bilməz"

Siyasi şərhçi Zərdüşt Əlizadənin mövzu ilə bağlı AzadlıqRadiosuna deməsinə görə, tərəflərin tutduğu mövqeləri deməyə əsas verir ki, sülh sazişi məsələsi 2027-ci ilə qaldı: "Azərbaycan tələb edir ki, Ermənistanın Konstitusiyasında dəyişiklik olsun. Ermənistanın baş naziri Nikol Paşinyan isə deyir ki, Konstitusiya layihəsi 2026-cı ilin dekabrında müzakirəyə veriləcək".

Ekspertin fikrincə, sülh müqaviləsinin olmaması tərəflər arasında münasibətlərin tənzimlənməsinə təsir etmir: "Sülh müqaviləsi oldu, olmadı, bunun münasibətlərə təsiri yoxdur. Rusiya və Ukrayna arasında hərtərəfli əməkdaşlıq, qarşılıqlı təhlükəsizlik barədə geniş müqavilə var, amma bu, Rusiyaya Ukraynaya hücum etməyə mane olmadı. Yəni, mürəkkəblə yazılmış hər hansı müqavilənin olması heç bir təhlükəsizlik zəmanəti deyil".

Z.Əlizadə hesab edir ki, 44 günlük müharibədə məğlub olandan sonra Ermənistan yeni müharibəyə hazır deyil: "Erməni xalqı müharibədən doyub. Müharibədə məğlub olmuş Paşinyana ona görə səs verdilər ki, o, müharibəyə getməyəcək... Azərbaycanın da Ermənistana hücum etməyə niyyəti yoxdur. Bakının əsas qayğısı Qarabağı bərpa etmək, yollar, körpülər çəkmək, yaşayış evləri, inzibati binalar tikməkdir".

Ermənistana verilən silaha gəlincə, politoloqun sözlərinə görə, hər bir ölkənin ordusu olmalıdır: "Ermənistanın da ordusu olmalıdır. Ona görə yox ki, hücum eləsin, ona görə ki, özünü müdafiə eləsin. Hər müstəqil dövlət öz imkanına görə silah alır. Burada bir şey yoxdur. Ermənistan nə qədər silah alsa da, bizə heç nə edə bilməz".

Ermənistanın yeni aldığı deyilən antidron sistemləri necə işləyir?
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Bakı ötən il Qarabağda keçirilən əməliyyatları "lokal antiterror tədbirləri", Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib. Ondan sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Qarabağ münaqişəsi ilə bağlı əvvəlki illərdə ATƏT-in Minski qrupu vasitəçilik edib. ABŞ, Rusiya və Farnsa qrupda həmsədrlər idi.

XS
SM
MD
LG