Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 19-da ölkənin yeni konstitusiyaya ehtiyacı olmasından danışıb. Amma konstitusiyada nələrin dəyişməli olduğundan söz açmayıb.
Paşinyan konstitusiya islahatları ideyasını elə baş nazir olandan səsləndirirdi. 2021-ci ildə Konstitusiya İslahatları Şurası da yaradılmışdı. Daha sonra bu fikir yeni konstitusiya ideyası ilə əvəzləndi. Baş nazir yeni konstitusiyaya ehtiyac olmasını onunla əsaslandırır ki, konstitusiyaya yanaşma kökündən dəyişməlidir. Yeni konstitusiyanın təməlində öz dövləti olduğunu qəbul edən xalq anlayışı dayanmalıdır. Yəni, özünü dövlətsiz sayan xalq anlayışından imtina edilməlidir.
Ermənistanda Tətbiqi Siyasət Araşdırmaları İnstitutunun baş tədqiqatçısı Beniamin Poqosyan düşünür ki, yeni konstitusiyada baş nazir, parlament, hökumət və məhkəmə arasında səlahiyyət bölgüsü daha dəqiq aparılmalı, insan haqları məsələsi qabardılmalıdır.
N.Paşinyan yeni konstitusiyada nələrin əlavə ediləcəyi və ya nələrin çıxarılacağından - tam olaraq necə bir dəyişikliklərin olmasından danışmayıb.
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan isə konstitusiyanın yeni mətninin preambulasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılacağını istisna etməyib. Bu həmin istinaddır ki, Azərbaycan hökuməti həmin bəyannamədə Qarabağın Ermənistanla birləşməsinin qeyd olunduğunu deyir və ərazi iddiası olduğunu bildirir.
Bakıda siyasi şərhçi Nəsimi Məmmədli bildirir ki, mətnin seçkidən əvvəl hazır olması xalqın fikrini öyrənmək, dəstəyini qazanmaq üçün vacibdir.
Ancaq B.Poqosyan düşünür ki, Azərbaycan rəhbərliyinin konstitusiya tələbi davam edərsə, bu, Ermənistanın yeni konstitusiyaya sahib olma şansını azaldar, əhalinin yeni konstitusiyaya səs verməməsinə səbəb olar.