Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 03:58

Ermənistanda etirazlarla bağlı həbslərə başlanıb


Gerasim Vardanyan (solda)
Gerasim Vardanyan (solda)

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, hüquq-mühafizə orqanları Ermənistanın onlayn taksi xidmətinin ofislərində axtarış keçiriblər və şirkətin kompüterləri müsafirə olunub.

Azatutyun yazır ki, bundan bir neçə gün əvvəl GG şirkətinin təsisçisi Xaçatur Qriqoryan Yerevanda keçirilən antihökumət mitinqlərində iştiraka açıq çağırış etmişdi.

O iyunun 12-də Facebook postunda yazırdı ki, hər bir vətəndaş küçələrə çıxaraq arxiyepiskop Baqrat Qalstanyanın baş nazir Nikol Paşinyanın istefasını tələb edən mitinqlərinə qoşulmalıdır:

“Əgər sən ERMƏNİSƏNSƏ, mənə salam verdikdə sənə hörmət etməyimi istəyirsənsə etirazlara qoşulmalısan”.

Bu postun ertəsi günü Paşinyan administrasiyasının rəhbəri Arayik Arutyunyan Qriqoryanın çağırışını “təhqiramiz” və “qəbuledilməz” adlandırmışdı:

“Biznes başa düşməlidir ki, təxribatçı hərəkata qoşulmağa edilən belə çağırışlar biznesə ziyan vurur və cəmiyyətimiz üçün heç bir əlavə dəyər yaratmır”.

Azatutyun yazır ki, Arutyunyanın tənqidi etiraz hərəkatını dəstəkləyən bütün bizneslərə xəbərdarlıq kimi səslənmişdi.

Bundan iki gün sonra Ermənistan İstintaq Komitəsinin zabitləri GG şirkətinin Yerevandakı baş ofisinə, habelə şirkətin rəhbərlərinin evlərinə reyd keçirib. Bu da bildirilir ki, hələ bir il əvvəl bu şirkət barəsində vergidən yayınma ittihamı ilə cinayət işi açılıb.

Bununla belə şəxsən Qriqoryana və şirkətin başqa rəhbərlərinə qarşı rəsmi ittiham irəli sürülməyib.

GG şirkəti ittihamları rədd edir

İyunun 17-də yaydığı bəyanatda GG şirkəti ittihamları “əsassız və qanunsuz” adlandırıb və bunu şirkət sahiblərinin “vətəndaş mövqeyi” ilə izah edib.

Şirkətin vəkili deyib ki, bu reyd Paşinyanın administrasiya rəhbərinin tənqidi ilə birbaşa bağlıdır.

Vəkil əlavə edib ki, ofisin demək olar bütün kompüterləri aparılıb və bu, taksi xidmətindən başqa həm də yük maşınlarının icarəsi və çatdırma xidmətləri göstərən şirkətin fəaliyyətini iflic edəcək.

Etirazlara başçılıq edən keşiş Qalstanyan varlı sahibkarları Paşinyanın istefasını tələb edən hərəkatı dəstəkləməyə çağırıb.

O da GG şirkətinə reydi “siyasi motivli” adlandırıb:

“Hakimiyyət həqiqət uğrunda mübarizəyə qoşulan müxtəlif strukturları, təşkilatları, partiyaları və şəxsləri terror etməyə çalışır”.

Azatutyun yazır ki, İstintaq Komitəsi GG şirkətinə qarşı hərəkətlərdə siyasi motiv olmasına dair iddiaları rədd edib.

Daşnak partiyasının üzvlərinə ittihamlar

Bu da xəbər verilir ki, Daşnaksutyun partiyasının gənclər təşkilatından Gerasim Vardanyan və elə həmin partiyadan başqa bir şəxs etiraz aksiyaları ilə bağlı həbs olunublar.

Vardanyan bundan əvvəl də etirazlarla bağlı saxlanmış və buraxılmışdı. O sərbəst buraxıldıqdan sonra hakimiyyəti hədələmişdi:

“Burada dərin anlaşılmazlıq var və onlar hərəkətlərinə görə cavab verəcəklər. Hökumət odla oynayır və bu od onu yandıracaq”.

Azatutyun yazır ki, Daşnaksutyun partiyasından onlarca həbs olunan var və onlardan bəziləri mitinqlərdə iştirak üçün adamlara pul verməkdə şübhəli bilinirlər.

İstintaq Komitəsi adamlara pul verilməsinin sübutu kimi Vardanyanın üç səs yazısını yayıb.

İK-nin məlumatına görə söhbət adamlara 5 min və 15 min dram (38 dollar) arası pul verilməsindən gedir.

Bu da xəbər verilir ki, İstintaq Komitəsi Yerevanda parlament binasının ətrafında baş vermiş iğtişaşlarla bağlı 12 nəfərə qarşı ittihamlar irəli sürüb.

Onlardan 8-i həbs olunub, 2 nəfəri ev məhbusluğunda, 1 nəfəri isə axtarışdadır. Saxlananlardan 1-i ölkəni tərk etməmək barədə iltizam imzaladıqdan sonra buraxılıb.

Azatutyun xatırladır ki, 12 iyunda keçirilmiş aksiyada etirazçılar parlament binasına daxil olmağa cəhd göstəriblər. Polis etirazçılara qarşı 25-dək səs qumbarasından istifadə edib.

Bu da qeyd olunur ki, toqquşmalar zamanı hər iki tərəfdən 100-dək xəsarət alan olub.

Bundan əvvəl

Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildirmişdilər.

Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.

Bunun ardınca Ermənistanın bir sıra sərhəd kəndlərinin, əsas etibarilə Kirants sakinləri demarkasiyaya etiraz etdiklərini bildirmişdilər.

Ermənistan müxalifətinin nümayəndələri və yerli Tavuş mərzinin arxiyepiskopu Baqrat Qalstanyan da etirazçılara qoşulmuşdular.

Qalstanyan mayın əvvəllərində bir neçə yüz tərəfdarı ilə Tavuşdan Yerevana yürüş etdiyini bəyan etmişdi. Lakin hərəkata demarkasiyaya qarşı etirazla başlayan Tavuş arxiyepiskopu Yerevanda keçirdiyi ilk mitinqdə Paşinyanın istefasını tələb etmişdi.

Hazırda keşiş Qalstanyanın çağırışı ilə küçə etirazları davam edir. İqtidar Paşinyan və hökumətinin istefasına dair tələbləri rədd edir və antihökumət etirazlarının getdikcə zəiflədiyini deyir.

Erməni Kilsəsi və onun başçısı – katolikos II Qaregin mayın 7-də baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazlara rəsmən xeyir-dua verib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG