Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:34

Ermənistan BMT Təhlükəsizlik Şurasına müraciət edib


Ermənistandan Qarabağa göndərilən yük
Ermənistandan Qarabağa göndərilən yük

Ermənistanın BMT-dəki səfiri Mher Marqaryan avqustun 11-də Təhlükəsizlik Şurasının (TŞ) sədrinə ünvanladığı məktubda Dağlıq Qarabağ əhalisinin tam humanitar fəlakət astanasında olduğunu bildirib. Yerevan TŞ-dən, əsasən, ermənilərin yaşadığı Dağlıq Qarabağda humanitar durumun pisləşməsi ilə bağlı təcili iclas keçirməsini istəyib.

İstər Ermənistan, istərsə də Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycanın 2022-ci ilin dekabrından Dağlıq Qarabağı blokadaya aldığını və bunun ərzaq, dərman və enerji çatışmazlığı ilə nəticələndiyini bildirir.

Paşinyandan xəbərdarlıq

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 11-də keçirdiyi hökumət müşavirəsində Azərbaycanı Qarabağın blokadasını dayandırmağa və iki ölkə arasında sülh üçün "tarixi imkanı sıfırlayacaq" addımlar atmamağa çağırıb.

Azərbaycan Dağlıq Qarabağı blokadaya aldığını inkar edir və Bakının nəzarətində olan Ağdam şəhəri vasitəsilə tədarük üçün alternativ marşrut təklif edir.

Azərbaycan XİN-dən Ermənistana cavab

"Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir". Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yer alıb.

Bəyanatda vurğulanır ki, Ermənistan 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinə məhəl qoymayan bir ölkədir. (Azərbaycanın işğal edilən ərazilərindən silahlı qüvvələrin çıxarılması istənilib)

Nazirlik hesab edir ki, Ermənistan Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən məhrum olması reallığı ilə barışmayıb: "Bu səbəbdən Ermənistan bütün dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törədib".

Bəyanata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil. Amma Ermənistan rəsmiləri Qarabağdan silahlı qüvvələrinin çıxarılmaması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, Qarabağda "müdafiə" ordusunun onlara aidiyyəti yoxdur. Üstəlik, onlar deyirlər ki, üçtərəfli bəyanatda Azərbaycan və Qarabağ arasında əlaqə kimi məhz Laçın dəhlizi nəzərdə tutulub.

Bu ilin aprelindən Azərbaycan həmin yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG