Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:09

'Kolbasadan ətdən başqa hər şeyin dadı gəlir' - Ərzaq təhlükəsizliyi necə yoxlanır...


Kolbasa
Kolbasa

"Tərkibində ət olmayan kolbasalar", "sabun dadı verən kəsmiklər", "rezin kimi toyuq əti", "dərmanla şişirdilmiş meyvələr"... Belə şikayətlərə vaxtaşırı sosial şəbəkələrdə rastlanır, mağazalarda, restoranlarda eşidilir.

Rəsmi mənbələr də aşağı keyfiyyəti olan qidaların mövcudluğunu təsdiqləyir. Bu ilin aprelində altı çeşid kolbasanın tərkibində ət olmadığı aşkarlandı. Təkcə 2022-ci ildə 200 tona yaxın ət və ət məhsulları, 67 tona qədər yağ məhsulları keyfiyyətsiz olduğu üçün məhv edilib.

"Əvvəllər iki qaşıq yağ tökürdün, bəs edirdi"

Bakıdakı restoranlardan birinin idarəçisi, aşpaz Şəkər Qasımova AzadlıqRadiosuna ötən illərdə ölkədə keyfiyyətsiz ərzaqların daha da artdığını deyir. O, bahalaşma fonunda ərzaqların keyfiyyətinin aşağı düşdüyünü, zərərinin artdığını iddia edir: "10 il əvvəl aldığımız 1 kiloqram yağın qiyməti indi iki, ya üç dəfə artıb. Amma əvvəllər iki qaşıq yağ tökürdün, bəs edirdi, indi dörd qaşıq yağ tökürəm yeməyə, dadı yenə olmur. Mayonez alırıq, iki günə xarablaşır. Toyuq əti alırıq, tez xarab olmağı bir tərəfə, süni şişirdilib deyə, dadsızdır. Süd məhsullarından süddən çox su dadı gəlir. Kolbasadan ətdən başqa hər şeyin dadı gəlir. Hələ ərzaqların içərisindən çıxan sap, dəmir qırıntıları ayrı dərddir".

Paytaxt Bakıda yerləşən supermarketlərin birində bazarlıq edən Məhbubə Abdullayeva da qiymətlərin qalxması fonunda ərzağın keyfiyyətinin azalmasından gileylənir: "Son illərdə kimə baxırsan, mədə xəstəliyi artıb, şəkər yaranıb. Məndə də mədə turşuluğu artıb. Həkim məsləhət görmüşdü ki, təbii qidalar alım, rayondan gətizdirim. Amma indi heç onların da dadı qalmayıb".

2023-cü ilin ilk üç ayında Azərbaycanda inflyasiya göstəricisi 13.8 faiz, əhalinin xərclərinin yarısından çoxunu aparan qida məhsulları üzrə bahalaşma 17.8 faiz olub.

Bu arada Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, bəzi infeksion və parazitar xəstəliklər, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin xəstəlikləri üstünlük təşkil edib. Mütəxəssislər bu xəstəliklərin yaranması və inkişafında zəif qidalanma və keyfiyyətsiz ərzaqların təsirini təsdiqləyir.

Azərbaycanda hansı qidalardan zəhərlənmək olar
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00

AQTA-nın cavabı

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AzadlıqRadiosuna bildirilib ki, istehsalından vətəndaşların istifadəsinə kimi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləmə həyata keçirilir. Agentlik paytaxt Bakı və respublikanın bütün regionlarında mütəmadi monitorinqlər apardığını bildirir. Konkret faktlar əsasında müraciətlər olduqda da növbədənkənar yoxlamalar aparılır.

"Əgər vətəndaşların satış müəssisələrində satılan qida məhsulları ilə bağlı şübhələri olarsa, bu barədə konkret faktlarla Agentliyin 1003-Çağrı Mərkəzinə müraciət edə bilərlər", – qurumun cavabında göstərilib.

Ötən il qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti tədbirləri nəticəsində 1 min 972 tondan, 297 min litrdən və 37 min ədəddən çox məhsul yararsız olduğu üçün məhv edilib. Həmin ildə keyfiyyətsiz və yararsız ərzaqdan istifadəyə görə 1 milyon manatdan çox cərimə tətbiq edilib, - AQTA bildirir.

İstehlakçı siyasətinin zəif olması…

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə AQTA-nın yalnız ərzaq təhlükəsizliyinə zəmanət verdiyini, ərzağın keyfiyyətinin gözardı olunduğunu deyir. Mütəxəssis bunu ölkədə istehlakçı siyasətinin zəif olması ilə əlaqələndirir: "Bir nümunə deyim: Azərbaycanda qanuni üç "İvanovka" mağazası var. Amma 20-yə qədər üzərində "İvanovka" yazısı olan mağaza görə bilərsiniz. Mən İvanovka kəndində dəfələrlə olmuşam, oranın kolxoz sədri ilə danışmışam. Məlum olub ki, oradan buraya süd məhsullar məhdud sayda və yalnız üç mağazaya gəlir. Bu faktı dəfələrlə dövlət qurumları qarşısında da qaldırmışam, amma əhəmiyyət verən yoxdur".

Hüseynov bugünlərdə səfər etdiyi Şri-Lanka ilə Azərbaycanı müqayisə edir, həmin ölkədə məhsulların saxlanma müddətinin az qoyulduğunu vurğulayır: "Orada insanlar Azərbaycandan qat-qat kasıb vəziyyətdə yaşayır, amma qidalar keyfiyyətlidir, ərzaq ekoloji cəhətdən təmizdir. Geni dəyişmiş pomidor, yaxud digər tərəvəzlər görmədim. Satışda olan süd üçün yararlılıq müddəti dörd gün qoyulub".

BMT deyir dünya ərzaq qıtlığı ilə üz-üzədir. Bəs Azərbaycan?
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00

Nəzarət mexanizmi dəyişməlidir

Qida məsələləri üzrə ekspert Ağa Salamov qida təhlükəsizliyinə nəzarətin istehsal-istehlak zəncirində qırıldığını düşünür. Salamov bu boşluğun nəticəsi kimi, məktəblər başda olmaqla, bir çox müəssisələrdə, eləcə də fərdi istifadə zamanı zəhərlənmələri qeyd edir: "Məsələn, ət kəsimlərində baytar nəzarəti, hər gün istehsal edilən süd və süd məhsullarına xüsusi nəzarət olmalıdır. Yəni, hər qidaya görə xüsusi nəzarət mexanizminə ehtiyac var. Hər qidanın istehsalı, daşınması, eləcə də saxlanılmasına nəzarət edən şöbələr olmalıdır. Bəzi yerlərdə şöbələr var, lakin hər yerdə yoxdur, məsələn, məktəblərdə. Son günlərdə azı üç məktəbdə zəhərlənmə halı baş verib".

Bu ilin aprelində Bakıda iki məktəbdə kütləvi zəhərlənmə halı qeydə alınıb. Bu hadisələr üzrə araşdırma aparıldığı açıqlanıb.

Digər ölkələrə baxış

Qlobal Ərzaq Təhlükəsizliyi İndeksinin hesablamalarına görə, Finlandiya, Norveç, Fransa, Niderland, Yaponiya, İsveçrə, Böyük Britaniya, ABŞ ərzaq keyfiyyətinə görə ən üstün ölkələr sayılırlar. Azərbaycan bu siyahıda qida təhlükəsizliyi və keyfiyyətinə görə 59 bal ilə indeksdə 113 ölkə içində 66-cı yerdə qərarlaşıb.

Qida keyfiyyəti yüksək olan ölkələrdə bu sahədə xüsusi məcəllələr və qida növündən asılı olaraq özünəməxsus nəzarət və yoxlama mexanizmi var. 2011-ci ildə ABŞ-da Qida Təhlükəsizliyinin Modernləşdirilməsi Aktı qəbul edilib. Həmçinin bu ölkədə FDA-nın (Ərzaq və Dərman Administrasiyası) Qida Məcəlləsi mövcuddur. Bu məcəllə istər qida satan müəssisələr, istərsə də ictimai iaşə obyektləri üçün əsas qanun sayılır.

Azərbaycanın həmsərhəd ölkələri olan Rusiya, Gürcüstanda da qidaların monitorinqi üçün xüsusi mexanizm məhsul növündən asılı olaraq dəyişir. Türkiyədə qida keyfiyyəti ürəkaçan hesab edilməsə də, Azərbaycandan fərqli olaraq həm kiçik, həm iri marketlərdəki ərzaq nəzarəti eyni qurum tərəfindən və eyni kriteriyalar əsasında aparılır.

Azərbaycanda ISO 22000:2018 beynəlxalq standartının yeni versiyası əsasında AZS ISO 22000:2022 "Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər" dövlət standartı ötən il qəbul edilib. Türkiyədə isə sözügedən standart 10 ilə yaxındır ki, tətbiq edilir.

Mütəxəssislər qidaların tərkibinin düzgün müəyyənləşdirilib paketlərin üzərinə qeyd olunmasında da boşluqların olduğunu vurğulayırlar.

XS
SM
MD
LG