Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:41

Etnik azlıqlar necə hesablanıb. 'İmtahan verəcəkdim, qorxumdan 'azərbaycanlı' kimi göstərdim'


Siyahıyaalma
Siyahıyaalma

Lerikdə yaşayan, etnik talış olan Akifə Qasımova 25 ildir ki, Azərbaycan vətəndaşıdır. İranda yaşadığı illərdə hər il ölkədəki talışların və digər etnik qrup təmsilçilərinin siyahıyaalınmasına şahidlik edən Qasımova Azərbaycanda bu mənzərəni bir dəfə də olsun görmədiyini deyir.

2009-cu ilin siyahıyaalmasında ölkədə 112 min talış olduğu göstərilib.

"Nə qaldığım kənddə, nə də qonşu kəndlərdə heç kimdən etnik kimliyi sorğulanmamışdı", – Qasımova həmin ilin siyahıyaalmasını xatırlayaraq deyir. Onun sözlərinə görə, Masallıda müəllim kimi çalışdığı illərdə Qızılavar, Kolatan, Çayqıraq, Aşurlu, Dəmirçi və ətraf talış kəndlərdə tanıdıqlarının kiçik hissəsi 2009-cu ildəki səsvermədə etnik kimliklərini qeyd etdiklərini deyiblər: "Deməli, ortada heç nəyə əsaslanmayan rəqəmlər var və bu azdır".

"Etnik kimliyimizə ögey münasibət var", - o, sözlərinə əlavə edir.

1926-cı ildə etnik kökənə görə aparılmış siyahıyaalmaya əsasən, Azərbaycanda 77 min nəfər, 1939-cu ilə görə isə, 87 min talış yaşayıb. Bundan 50 il sonrakı səsvermədə isə Azərbaycanda 21 min nəfər özünü talış kimi qeyd etdirib. 1999-cu ildə aparılmış siyahıyaalma zamanı isə 77 minə yaxın etnik talış qeydə alınıb. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı son rəqəmlərdə isə talışların sayı 87 min 578 nəfər olaraq göstərilib ki, bu da ölkə əhalisinin 0.9 faizi edir.

"Siyahıyaalmanı harada, necə keçirirlər, desinlər, biz də iştirak edək. Bəlkə də, xüsusi məntəqələr var, gedək səs verək", – Akifə Qasımova deyir. Onun fikrincə, 20 il ərzində talışların yalnız 10 min nəfər artması inandırıcı deyil.

Quba sakini: "Gördüm onlar nəsə başqa dildə danışırlar, ağlamaq tutdu məni"
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

Qorxu, narahatlıq

2009-cu ildə Azərbaycanda 25 min 900 tat vardısa, 2019-cu ildə bu rəqəm 17 min nəfərə düşüb. Bu, 10 il boyunca 32 faiz azalma deməkdir.

Etnik tat Hadur Raqimov 2009-cu ildəki siyahıyaalmada özünü "azərbaycanlı" kimi təqdim edərək tat kimliyini gizlətdiyini deyir: "Bilmirdim etnik kimliklə bağlı necə davranım. İmtahan verəcəkdim, qorxumdan "azərbaycanlı" kimi qeyd etdirdim. Çünki dili bilmirəm, evdə də Azərbaycan dilində danışıblar. Amma qorxdum ki, imtahan Azərbaycan dilində olmaz. Həm də gələcəkdə rəsmi sənədlərdə maneələr ilə üzləşmək ehtimalını düşündüm. İndiki ağlım olsaydı, dəyişərdim. Bu gün sayımızın doğru göstərilməsi üçün bütün ölkə üzrə siyahıyaalmaya ehtiyac var. Yoxsa onsuz da əridiblər, daha da əriyib yoxa çıxacağıq".

Digər etnik qruplar

2019-cu ilin rəqəmlərinə görə, 167 min 500 nəfər etnik kimliyinin ləzgi olduğunu bildirib. Bu, ölkə əhalisinin 1.7 faizi deməkdir.

Etnik ləzgi Laləzar Əli deyir ki, onlar şəxsiyyət vəsiqələrində də bunun yazılmasını istəyirlər. Belə ki, yalnız belə rəsmi sənədlər vasitəsilə saylarının düzgün göstəriləcəyini düşünürlər: "Bizə elə gəlir ki, siyahıyaalma yalnız ləzgilərin çox yaşadığı ərazilərdə keçirilib. Bakıda yaşayan ləzgi qohumlarım etnik kimliklərindən uzaqlaşırlar. Belə olanda da etnik siyahıyaalmada özlərini "azərbaycanlı" kimi təqdim edə bilərlər. Yaxud, ümumiyyətlə, sorğu keçirmədən onları azərbaycanlı olaraq qeyd edə bilərlər, məhz yaşadığı ərazidə ləzgi olmadığını düşünə bilərlər. Buna görə də sorğu açıq və hər kəsin arasında keçirilməlidir".

Azərbaycanda yaşayan yəhudilərin də sayı, az qala, yarıbayarı azalıb. 2009-cu il siyahıyaalmasına görə, Azərbaycanda 9 min 100 yəhudi vardı. 2019-cu ildə bu rəqəm 44 faiz azalaraq 5 min 100 nəfərə düşüb. 2019-cu ildəki siyahıyaalmada iştirak edən, etnik mənsubiyyəti yəhudi olan A.M. "ailədə altı nəfərik, ancaq üçümüzü qeydiyyata aldılar" deyə narazılıq edir: "Atam dövlət işində çalışır. Ondan "evdə 18 yaşından yuxarı neçə adam var və hamısı yəhudi kimliyini qəbul edirmi" deyə soruşmuşdular. Atam üç nəfər demişdi. Sonradan bilib ki, siyahıyaalmadır. Halbuki üç azyaşlı da var evdə, onlar da yəhudi sayılır, amma siyahıya alınmamışdı. Belə çıxır ki, azyaşlıları siyahıya almayıblar. Bu da sayın yanlış olduğunu üzə çıxarır".

Kürd, avar etnik qruplarının təmsilçiləri də AzadlıqRadiosuna saylarının az göstərilməsindən, etnik kimliklərinin unutdurulması cəhdlərindən narazılıqlarını dilə gətiriblər.

T.Vəliyev
T.Vəliyev

Əhali necə sayılmalıdır

İqtisadçı-ekspert Toğrul Vəliyev deyir ki, Azərbaycanda siyahıyaalma bütün əhalini əhatələmir deyə, rəqəmlər reallığı əks etdirmir: "İnsanları qeydiyyata almırlar, onlardan kimliyi soruşulmur. Buna görə də etniklər ilə bağlı rəqəmlər daxil, heç bir nəticə reallığı əks etdirmir. Bütün evlər qapı-qapı gəzilməli, suallar şəxsən verilməlidir. Amma bu edilmir. Siyahıyaalma ilə bağlı istinad edə biləcəyimiz tək statistika 1989-cu ilə aid rəqəmlər olur, sonrakılar əhalinin hamısını əhatələmir. Amma məlumdur ki, o siyahıda da dəyişiklər olub. Qarabağ müharibəsi, müstəqilliyin elanı, miqrasiya kimi məsələlər bu rəqəmlərə ciddi təsir edib".

Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə isə, Azərbaycanda etnik qrup təmsilçiləri özlərini "azərbaycanlı" kimi təqdim edir və bu, ölkədə yaşayan xalqların birlik modelidir: "Yəni, etnik kimliyini fərqli göstərməsi üçün təzyiqlərdən söz gedə bilməz. Deməli, bu xalqların nümayəndələri özlərini azərbaycanlı kimi görmək istəyir. Texniki cəhətdən bəzi qrupların bəzi nümayəndələrində statistikaya alınma zamanı problemlər yaşanmış ola bilər, amma miqyası böyük deyil".

Çıxış yolu

İstər Azərbaycanda, istərsə də digər Qafqaz ölkələrində etnik qrupların sayının hesablanması düzgün aparılmır. Bunu Türkiyədən demoqraf təhlilçi Mustafa Alp deyir, səbəbini də dövlətlərin öz maraqlarını güdməsində görür. Təhlilçi düşünür ki, daxilində statistika şöbəsi olan bələdiyyə sisteminə ehtiyac var.

""Türkiyəli", yaxud "azərbaycanlı" etnik kimlik deyil. Amma Azərbaycanda etnik kimliyi türk olanların özlərini "azərbaycanlı" kimi göstərməsinə şahidlik edirik. Əvvəla, əgər siz doğulduğunuz yeri düzgün göstərmək məcburiyyətindəsinizsə, dövlət etnik kimliyi də belə tənzimləməlidir. Belə ki, insanlar ilk vəsiqəsini alanda ailəsinin rəyi ilə etnik mənsubiyyətini orada əks etdirməlidir. Dünya praktikasına söykənərək hər il, yaxud üç ildən bir siyahıyaalma keçirilməli, digər suallar ilə yanaşı, etnik kimlik də sorğulanmalıdır. Kimsə etnik kimliyini fərqli göstərmək istəyirsə, bu niyyəti də nəzərə alınmalıdır. Azərbaycanda bələdiyyə sistemi formalaşdırılarsa, düşünürəm ki, bu məsələ də həllini tapacaq", –Alp AzadlıqRadiosuna söyləyib.

XS
SM
MD
LG