Keçid linkləri

2025, 20 Aprel, bazar, Bakı vaxtı 19:05

Əvəz Zeynallının cəzadan azad edilməsi üçün məhkəməyə müraciət edilib: 'Qanun imkan verir'


Əvəz Zeynallı məhkəmədə
Əvəz Zeynallı məhkəmədə

"Xural TV" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının sağlamlığındakı problemlə bağlı cəzasının qalan hissəsindən azad edilməsindən ötrü vəkilləri məhkəməyə üz tutublar. Bunu vəkillərdən Rəşad Əliyev deyib.

Müdafiəçi bildirib ki, həmkarı Fəxrəddin Mehdiyevlə birlikdə ərizəni aprelin 15-də Nizami rayon Məhkəməsinə təqdim ediblər.

"Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarıyla cəza çəkməkdən azad edilə bilər", - vəkil qanunun buna imkan verdiyini ayrıca vurğulayıb.

R.Əliyev deyir ki, "Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı"na "Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər" də daxildir: "Ümid edirəm ki, məhkəmə qanunvericiliyin tələblərini, müvafiq tibbi rəy və sənədləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qərar qəbul edər".

Ə.Zeynallıya xərçəng xəstəliyi diaqnozu qoyulduğu bildirilir. Bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı məlumat yayıb. Onun AzadlıqRadiosuna bildirdiyinə görə, xəstəlik təhlükəli şəkildə irəliləyir, müalicə üçün vaxt azalır: "Bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qaraciyərinə yayılıb. Bugünlərdə kimyaterapiyaya başlayacaqlar".

Həyat yoldaşının sözlərinə görə, Ə.Zeynallı son aylar 25 kiloqramdan çox çəki itirib. O, Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində Zeynalının müalicəsinə gərəkən imkanların olmasına da şübhə edir.

Deyilənlərə Ədliyyə Nazirliyi və başqa aidiyyəti rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs edilib. Ona qarşı ilk ittiham "Baku Steel Company" MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun həyat yoldaşından 20 min manat rüşvət alınması ilə bağlı idi. Sonradan dələduzluq, nüfuz alveri kimi yeni ittihamlar da irəli sürülüb.

Ə.Zeynallı özünü təqsirli bilmir, susdurulması üçün siyasi sifarişlə həbs olunduğunu deyir.

Ötən il Ə.Zeynallıya 9 il həbs cəzası kəsilib. Sonradan bu cəzanın müddəti 2 ay azaldılıb.

XS
SM
MD
LG