Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:28

Əvvəlki seçkilərdən nə qalıb, nə dəyişib?


Parlament seçkiləri, səslərin sayılması, 7 noyabr 2010
Parlament seçkiləri, səslərin sayılması, 7 noyabr 2010

Növbədənkənar parlament seçkilərinə cəmi bir həftə qalır.

Bəs görək astanasında olduğumuz seçkilərin hazırkı mərhələsinə qədər nə kimi fərqliliklər və özəlliklər yaşanıb? Yaxud da bu kampaniya elə əvvəlki seçki kampaniyalarının eynidir ?

V çağırış Milli Məclisinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Tahir Mirkişili deyib ki, əvvəlki parlament seçkilərindən fərqli olaraq bu dəfə namizədlərin sayı çoxdur.

Tahir Mirkişili
Tahir Mirkişili

Onun fikrincə, əvvəlki seçkilərdə bir dairədə 2, 4 və 5 namizəd olurdusa, indi 10-dan çoxdur:

“ Bir yandan rəqabət, insanların seçim imkanları böyükdür və namizədlərin yaş kateqoriyaları 18-dən başlayır 83-ə qədər davam edir. İkinci, bu dəfə seçicilər fəaldır, görüşlərdə açıq dialoqlara gedirlər, səmimi suallar çoxdur, problemlər yerində qaldırılır, müzakirə olunur”.

“Ölkədə aparılan islahatlar və insanların bunun nəticəsini görməsi...”

T.Mirkişilinin qənaətincə, ölkədə aparılan islahatlar və insanların bunun nəticəsini görməsi həm də buna böyük dəstək vermək həvəsi yaradır:

“Düşünürəm ki, sadalanan amillər 9 fevralda böyük fəallıq yaradacaq ki, bu seçkiləri əvvəlkilərdən fərqləndirəcək. İndidən müşahidə olunan böyük fəallıq, namizədlərin çox olması da rəqabəti gücləndirir”.

O, çoxlu sayda bitərəflərin nəmizədliyini geri götürməsi fikri ilə razılaşmır. T Mirkişilinin vurğulamasına görə, elələri heç də çox deyil:

“Ola bilsin, rəqabətdə gücünün zəif olduğunu görənlər,...”

“Fikir verin, güclü rəqib və güclü namizədlər olan dairələrdə dediyiniz proses yaşanmır. Ola bilsin, rəqabətdə gücünün zəif olduğunu görənlər, müəyyən səbəblərdən yarışda iştirakı mümkünsüz sayanlar geri götürürlər. Bütün dünyada belə hallar olduğundan normal baxmaq lazımdır”.

Akif Qurbanov, Strasburq, 29 yanvar 2020
Akif Qurbanov, Strasburq, 29 yanvar 2020

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov isə Azadlıq Radiosuna bildirib ki, seçkidə çox da yüksək aktivlik hiss olunmur:

“Namizədlərə efir imkanı verilmişdi...”

“Təbii ki, ayrı-ayrı namizədlər öz dairələrində seçicilərlə kütləvi görüşlərə cəhd edirlər və buna nail olanlar da var. Amma ümumən seçki kampaniyası çox da yüksək səviyyədə deyil və siyasi tərəflərin respublika üzrə aksiyaları hiss olunmur. 2005, 2010-cu il seçkilərində isə bunlar vardı və seçki ab-havası cəmiyyətdə hiss olunurdu. Bunun bir səbəbi namizədlərə efir imkanı verilmişdi və istər-istəməz ictimaiyyətə təsir edirdi. İkinci, ayrı-ayrı siyasi qüvvələrə müvafiq yerlər daha fərqli və effektiv idi. Bu dəfə təbliğat dövrü həm zaman baxımından məhdudlaşdırılıb, həm də ayrılan görüş yerləri say baxımından məhduddur. Nəticə etibarı ilə 9 fevral növbədənkənar parlament seçkiləri 2005 və 2010-cu il seçkiləri ilə müqayisədə daha zəif təəssürat bağışlayır. Sadəcə, ayrı-ayrə namizədlərin seçicilərlə gördüyü işlər var, amma elektron kütləvi informasiya vasitələrində (KİV) cəmiyyətə geniş təqdim olunmur. Yalnız onlayn və sosial şəbəkələrdə təqdim edilir”

“Kütləvi pozuntuların baş verəcəyinin siqnallarını indidən görürük”.

Akif Qurbanov gözlənilən seçkilərin təbliğat dövründə namizədlərə basqıların yenə də qaldığını deyib və 300-dən çox namizədin geri çəkilməsini diqqət çəkən məqam adlandırıb:

“Başqa tərəfdən müstəqil və müxalif namizədlərə kifayət qədər məhdudiyyətlər yaradılır, təşviqat materialları məhv edilir, şikayətlər olsa da, komissiyalar tam şəkildə araşdırmır. Yaxud hakimiyyətin dəstəklədiyi namizədlər qanun pozuntusuna yol verir. Amma başqa namizədlərə qarşı daha sərt davranılır. Yəni həmin fərqlər aydın görünür və bunlar ATƏT standartlarına, hökumətin götürdüyü öhdəliklərə ziddir. Belə hallar seçkilərin azad və ədalətli keçiriləcəyinə şübhələri xeyli artırır. Biz yenə əvvəlki seçkilərdə yaşanmış kütləvi pozuntuların baş verəcəyinin siqnallarını indidən görürük”.

Mərkəzi Seçki Kommisiyasında ( MSK) isə seçki prosesinin tam qanunvericiliyə uygun keçirildiyini düşünürlər.Qurumdan bildirildiyinə görə, onlara verilən şikayətlərə də qanunvericiliyə uygun baxılır.

Xatırlatma

Ötən il dekabrın 2-də Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etdi. 3 gün sonra, dekabrın 5-də prezident İlham Əliyev Azərbaycan Respublikasının V çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin fevralın 9-na təyin edilməsi haqqında sərəncam imzaladı. YAP müraciətini prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Əslində, Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən bəziləri bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayıb. Onlar əsasən hesab edirlər ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

XS
SM
MD
LG