Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:56

Fəhmin Hacıyev Azərbaycandan geri qaytarıldığını deyir


F.Hacıyev
F.Hacıyev

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev bu gün, yanvarın 8-də Azərbaycanda anası ilə görüşməsinə imkan verilmədiyini açıqlayıb.

Bu barədə F.Hacıyev özü məlumat verib. Xaricdə yaşayan F.Hacıyevin sözlərinə görə, o, anasını ziyarət etmək üçün Bakıya gəlib, lakin istəyini gerçəkləşdirə bilməyib: «Yanvarın 8-də gecə saat 01:35-də Kiyevdən Bakıya gəldim. Sərhəd keçid məntəqəsində pasportuma baxdılar. Təqribən 5 dəqiqədən sonra mənə ölkəyə girişimə «stop» qoyulduğunu dedilər. Soruşuram, necə yəni «stop» var, mən Azərbaycan vətəndaşıyam, ölkəmə girməyə niyə məhdudiyyət qoyulmalıdır? Cavab vermədilər və yarım saatdan sonra aeroportun nəqliyyat polis əməkdaşları məni şöbələrinə apardılar. Oradan isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər. Gecə orada saxlandım. Səhər sorğu-sual etməyə başladılar».

F.Hacıyev qeyd edib ki, ondan bundan əvvəl Azərbaycana gələndə kimlərlə görüşdüyünü və onlarla nədən danışdığını soruşublar: «Mən isə bildirdim ki, kimsə ilə gizlin görüşməmişəm, bütün görüşlər açıq olub. Əsasən köhnə xatirələri, müxalıfətdaxili münasibətlər və müxalifət- hakimiyyət münasibətləri müzakirə olunub. Bir müddət sonra mənə elan etdilər ki, geriyə göndərilirsən. Xahiş etdim ki, bir günlük anama baş çəkməyə icazə versinlər, icazə vermədilər. Deportasiyamla bağlı qərarın kimin tərəfindən verildiyi barədə heç bir məlumatım yoxdur».

F.Hacıyev vurğulayıb ki, ona heç bir fiziki təzyiq göstərilməyib: «Mənimlə çox nəzakətli və təmkinli davrandılar».

F.Hacıyevin bu dediklərinə, hələlik, Daxili İşlər Nazirliyi və başqa hüquq-mühafizə orqanından münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Fəhmin Hacıyev 1959-cu ildə doğulub. O, Azərbaycan Xalq Cəbhəsinin fəal üzvü olub. AXC-də hərbi çağırış üzrə komissiyaya sədrlik edib.

1992-ci ilin yanvarında AXC-nin təqdimatı ilə müdafiə nazirinin siyasi məsələlər üzrə müavini təyinatı alıb. Həmin ilin aprelindən Müdafiə Nazirliyində müxtəlif vəzifələrə irəli çəkilən F.Hacıyev 1992-ci ilin mayından 1993-cü ilin iyununa – Əbülfəz Elçibəyin hakimiyyəti devrilənə qədər Daxili Qoşunların komandanı olub. Bir il Türkiyədə mühacirətdə yaşadıqdan sonra F.Hacıyev Azərbaycana gəlib və orada həbs olunub.

O, Xocalı şəhərinin Ermənistan tərəfindən işğal olunmasına müqavimət göstərmək və şəhəri tərk edən əhalinin kütləvi öldürülməsinin qarşısını almaq üçün hakimiyyətdən istifadə etməməkdə günahlandırılaraq 15 il həbs cəzası alıb. 2004-cü ildə prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa çıxıb.

2005-ci ildə müxalif qüvvələrin «Azadlıq» blokunun seçki qərargahına katiblik edib. Sonra Ukraynaya gedib.

2008-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi onun hüququnun pozulduğunu tanıyıb.

XS
SM
MD
LG