Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:55

Facebook Trampa qadağanı iki il də uzadıb


Facebook bildirib ki, keçmiş prezident Donald Trampa bu platformadan istifadə üçün qoyulmuş qadağanı daha iki il uzatmaq qərarına gəlib

Facebook bildirib ki, keçmiş prezident Donald Trampa bu platformadan istifadə üçün qoyulmuş qadağanı daha iki il uzatmaq qərarına gəlib.

Facebook-un qlobal işlər üzrə vitse-prezidenti Nik Kleqin iyunun 4-də verdiyi bəyanatda deyilir:

“Biz cənab Trampın istifadəsinə qoyulmuş qadağana səbəb olan şəraitin təsir gücünü nəzərə alaraq inanırıq ki, onun hərəkətləri qaydalarımızı kobudcasına pozub və yeni protokollarımıza uyğun olaraq ən ağır cəzaya layiqdir. Biz onun hesablarına qadağanı ilkin qadağan günündən, yəni bu il yanvarın 7-dən sayılmaqla daha iki il uzadırıq”.

Twitter və YouTube da daxil bir sıra başqa sosial media platformaları kimi Facebook da ABŞ Konqresinə 6 yanvar basqınını onun qızışdırdığına dair iddialarla bağlı Trampın hesablarını bağlayıb.

Seçkisiz texnoloji nəhəng

Ötən ay Facebook-un müstəqüil nəzarət şurası Trampa qoyulmuş qadağanı dəstəkləmiş, lakin bildirmişdi ki, ömürlük qadağan məqsəduyğun deyildir və şirkət bu sahədə daha aydın qaydalar qəbul etməlidir.

Facebook-un yazdığı bloqpostda deyilir ki, Trampa qoyulmuş qadağanın müddəti bitdikdən sonra da, keçmiş prezident qaydaları pozmaqda davam edərsə, ona təkrar qadağan qoyulacaq.

Donald Tramp bundan əvvəl Facebook-un qadağanını “tam bir rüsvayçılıq”, ifadə azadlığının pozulması adlandırmışdı.

Facebook-un qadağanları bir sıra siyasətçilərin və ifadə azadlığı müdafiəçilərinin narazılığına səbəb olub.

Onlar seçkisiz texnoloji nəhəngin vəzifədə olan prezidentə qadağan qoymasından narahatlıq ifadə ediblər.

Moderasiya istisnaları

Bir başqaları isə Trampın hesablarını daha əvvəl bağlamadığına görə Facebook və Twitter-i tənqid edirlər.

Facebook habelə şirkətin başçısı Mark Zukerberqin siyasətçilərə müəyyən moderasiya istisnaları verən siyasətinə son qoymağı planlaşdırır.

Bununla belə siosial media nəhəngi əlavə edib ki, ictimai maraq kəbs edən “xəbər tipli” postlar Facebook-un qaydalarını pozduğu halda belə onlara moderasiya güzəştləri edilə bilər.

Lakin şirkət bildirir ki, postun ictimai maraq dərəcəsi istər siyasətçilər, istərsə də sadə istifadəçilər üçün eyni kriteriya ilə müəyyənləşdiriləcək.

Facebook-un müstəqil nəzarət şurasının 20 üzvü arasında Danımarkanın keçmiş baş naziri, Guardian qəzetinin keçmiş baş redaktoru, hüquq ekspertləri və jurnalistlər də var.

XS
SM
MD
LG