Martın 28-də axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa yaşadığı evin qarşısında güllələnib. "Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdır... Həyati təhlükəsi yoxdur", - Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında bildirilir.
"Burada yüzdə-yüz İranın əli var"
Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Məşhur Məmmədov "Turan"a, DTX kimi, həmkarı F.Mustafaya silahlı hücumu terror aktı kimi qiymətləndirib: "Bu, Azərbaycanda söz azadlığına, demokratiyaya olan hücumdur. Azərbaycanda sabitliyinin, insanların rahat yaşamasının, ölkədə aparılan islahatların, Azərbaycanda öz torpaqlarının azad olunması yolunda aparılan siyasi hərəkatın qarşısını almaq üçün xarici qüvvələrin atdığı addımdır".
Deputat deyib ki, F.Mustafa sözünü deyən, Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələrə qarşı öz fikrini söyləyən deputatdır.
Məmmədovun fikrincə, bu il yanvarın 27-də İranda Azərbaycan səfirliyinə olan silahlı hücumdan və burada olan bir neçə pozucu hərəkətlərdən sonra başqa bir versiya qalmır: "Həm də martın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin bayramıdır, İsraildə Azərbaycan səfirliyi açılır. Burada yüzdə-yüz İranın əli var və onlar burada pozuculuq əməllərinə həmişə olduğu kimi davam edirlər".
Bu iddiaya İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.
"Havadan siyasi terrorun qoxusu gəldi"
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da "Turan"a bildirib ki, hadisə dövlət təhlükəsizlik orqanlarının peşə bayramının qeyd olunduğu gün və Azərbaycanın İsraildə səfirliyinin rəsmən fəaliyyətə başladığı dövrdə baş verib: "Xankəndi və onun çevrəsində Azərbaycan bütün strateji yollara nəzarət həyata keçirir. Möhtərəm cənab prezident də dünən, martın 28-də Laçına xüsusi nümayəndəsini təyin edərkən də bildirdi ki, biz Ermənistana nəzarət edən mövqelərdəyik və güclənməkdə davam edəcəyik. Onunla yanaşı, regionda kifayət qədər mürəkkəb hadisələr cərəyan edir. Bu baxımından, sanki havadan siyasi terrorun qoxusu gəldi".
"İstəyirlər ki, tərəf tutaq, müxtəlif bloklara qoşulaq"
Onun sözlərinə görə, regional vəziyyət hazırda çox mürəkkəbdir: "Amma bununla bərabər insanlarımız öyünürdülər ki, bu şəraitdə ölkəmizin adı sabitlik adası kimi çəkilirdi. İndi istəyirlər ki, o sabitliyi aradan qaldırsınlar. Bu halda Azərbaycan müxtəlif dövlətlərlə qarşıdurmaya getsin və balanslı mövqedən çıxsın. İstəyirlər ki, tərəf tutaq, müxtəlif bloklara qoşulaq. Bu terrorun kənar izləri sübut olunarsa, o dövlətlərlə münasibətləri necə quracağımız istintaqın nəticələrdən sonra müəyyənləşməlidir".
"Gözlənilən idi"
Amma olaya fərqli yanaşanlar da var. Bir sıra müşahidəçilərin fikrincə, bu olay diqqəti bəzi məsələlərdən yayındırmaq məqsədi də daşıya bilər.
Xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Ərəstun Oruclu isə deyir ki, bu hadisə konkret F.Mustafa ilə bağlı deyil və, ümumiyyətlə, gözlənilən hadisə idi: "Çünki Bakıda baş verən son hadisələr - bu ay "Bravo"da bankomat qarşısında hücum, günün günorta çağı Dövlət Sirkinin yanında atəş açılması sanki Azərbaycanda bir ictimai rəyin bu tip hadisələrə hazırlanması idi".
Onun sözlərinə görə, siyasətçilərə hücum həmişə bir cəmiyyətdə çaşqınlıq, qorxu yaratmaq məqsədi güdür: "Bunun son həddi destabilizasiyadır, buna kurs götürülüb".
Ekspert bu hücumu kimin və ya hansı ölkənin etdiyini deyə bilməyəcəyini vurğulayıb: "Hələ əlimdə bir dəlil, sübut yoxdur. Amma deyə bilərəm ki, siyasətçiyə, parlament üzvünə hücum olunursa, bu insanlara mesajdır verməkdir ki, bu ölkədə heç kəs təhlükəsiz deyil. Bu, həm siyasi, həm ictimai mesajdır".