Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:51

Jurnalist Fərid Mehralızadə peşə fəaliyyətinə görə həbs edildiyini deyir


Fərid Mehralızadə
Fərid Mehralızadə

Yeddi aya yaxındır həbsdə olan azərbaycanlı jurnalist cinayət işini peşə fəaliyyətinə bağlayır.

İqtisadçı və AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə may ayından bəri xarici valyuta qaçaqmalçılığı ittihamıyla həbsdədir. Onun özü, çalışdığı təşkilat və insan haqları qurumları Mehralızadəyə qarşı açılan cinayət işini hökumətin qisası və ölkədə daha geniş repressiyaların bir hissəsi kimi qiymətləndirir.

Xanımı vasitəsilə "Amerikanın Səsi"nə göndərdiyi mesajlarda Mehralızadə jurnalistikaya həvəsindən bəhs edib və işinə görə hədəfə alındığına inandığını bildirib.

"Həmişə statistik bilgilər və rəqəmlərlə işləməyi xoşlamışam. Bir jurnalist və iqtisadçı kimi işimin adı onları təfsir etmək olub", - F. Mehralızadənin sözləridir.

Statistikadan üzə çıxan reallıq

O əlavə edib ki, gördüyü iş və hökumətin iqtisadi siyasətinin tənqidi onun həbsinə səbəb olub: "Fikrimcə, həbsim Azərbaycandakı kimi avtoritar hökumətlərin rəqəmlərin gücündən və statistikadan üzə çıxan reallıqdan necə qorxduğunu göstərir".

Onun tənqidi qeydləri arasında neft və qazdan asılı Azərbaycan iqtisadiyyatının şaxələndirilməməsi kimi araşdırmalar da var.

Nyu-Yorkdakı Jurnalistlərin Müdafiə Komitəsinin (CPJ) bilgisinə görə, Mehralızadə ötən il ölkədə peşə fəaliyyətinə görə həbs edilən 14 jurnalistdən biridir. Onların bir neçəsi korrupsiyaya aid araşdırmalar aparan "Abzas Media"da çalışır.

Mehralızadə "Abzas Media"da çalışmasa da, vaxtaşırı ekspert qismində onlarla rəyini paylaşıb. Buna baxmayaraq, "Abzas Media"ya qarşı cinayət işində olduğu kimi, ona da qarşı xarici valyuta qaçaqmalçılığı ittihamları irəli sürülüb. Mehralızadə ittihamları rədd edir. "Abzas Media" isə bildirib ki, Mehralızadə heç vaxt onların əməkdaşı olmayıb.

'Əmin olmaq istəyirlər ki, rejimə qarşı çıxan və ya onu tənqid edən yoxdur'
Gözlə

No media source currently available

0:00 0:07:05 0:00

Mehralızadəyə qarşı qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma və sənədlərin saxtalaşdırılması kimi əlavə ittihamlar da irəli sürülüb. Təqsirli bilinsə, onu 12 ilədək həbs cəzası gözləyir. Mehralızadə bütün ittihamları rədd edir.

Mehralızadənin Bakıda "Abzas Media"nın digər altı əməkdaşıyla birgə keçirilən məhkəməsi dekabrın 17-də başlanıb. Söz azadlığını müdafiə edən qurumlar jurnalistlərə qarşı ittihamları siyasi sifariş sayır.

"Xoşagəlməz həqiqəti üzə çıxardığına görə cəzalandırılır"

AzadlıqRadiosu sözügedən məhkəməni qınayaraq F.Mehralızadəni dərhal azadlığa buraxmağa çağırıb.

"Fərid Azərbaycan iqtisadiyyatı ilə bağlı xoşagəlməz həqiqəti üzə çıxardığına görə cəzalandırılır. Azərbaycan bu saxta məhkəməyə son qoymalı və Fərid həyat yoldaşına və təzəlikcə dünyaya gəlmiş qızına qovuşmaq üçün sərbəst buraxılmalıdır", - AzadlıqRadiosunun prezidenti Stiven Kapus ötən həftə belə deyib.

ABŞ dövlət katibi Antoni Blinken də Mehralızadə və digər jurnalistlərin azad edilməsinə çağırıb.

"Birləşmiş Ştatlar təkcə bu həbslərdən deyil, həm də Azərbaycanda vətəndaş cəmiyyətinə və mediaya qarşı basqıların artmasından dərin təlaş keçirir", - o, dekabrın əvvəlindəki bəyanatında bu sözləri dilə gətirib.

Azərbaycanın Vaşinqtondakı səfirliyi və ölkə XİN-i "Amerikanın Səsi"nin şərhlə bağlı sorğusunu cavabsız qoyub.

Nərgiz Muxtarova
Nərgiz Muxtarova

"Onların cəsarəti çox təsirliydi"

Məhkəmə prosesi başlayandan bəri ərini və digər təqsirləndirilən şəxsləri əliqandallı görmək Mehralızadənin həyat yoldaşı Nərgiz Muxtarovadan ötrü çox ağırdır.

"Ancaq onların cəsarəti çox təsirliydi, dinləmə zamanı gülümsəyirdilər", - o, VOA-ya belə deyib.

Həyat yoldaşının söylədiyinə görə, əri həbsxanada kitab oxuyur və krossvord həll edir. F.Mehralızadə həbsindən bəri 200-dək kitab oxuyub.

"İnternetə girişini yasaqlasalar da, onunla yaxşı davranırlar. Amma iqtisadi xəbərlərin olmamasından daha çox əziyyət çəkir", - Muxtarovanın sözləridir.

Ona həftədə bir dəfə əriylə görüşə icazə verilib. Ailə üzvləri bu görüşü səbirsizliklə gözləyirlər.

"İndi onda hər şey yaxşıdır", - N.Muxtarova belə deyir və davam edir: "Əhvalı yaxşılaşıb, axı cinayət işləri ictimayyətləşdirildiyindən onların bu barədə açıq danışmağa imkanları var".

Məhkəmə prosesi dekabrın 28-də davam edəcək.

XS
SM
MD
LG